«Amerika vergi ödəyicilərinin pulları Azərbaycanın avtoritar rəhbərinin demokratiya görüntüsü planlarına xərclənir»
«The Foreign Policy»: «Öz vətəndaşlarına hətta minimal hörmət etməyən İlham Əliyevi USAID niyə yaxşı niyyətli şəxs kimi tanıdır?»
Qərb dövlətlərinin hökumətləri Azərbaycandakı kimi avtoritar rejimlərlə münasibətlərə görə zaman-zaman medianın tənqid hədəfinə çevrilir. ABŞ hökuməti də hədəfdən yayına bilməyib…
Nüfuzlu “Foreign Policy” jurnalında müəllif Melinda Haring ABŞ hökumətini amerikalı vergi ödəyicilərinin pulunu havaya sovurmaqda ittiham edib. “Demokratiya bürokratiyasının islahatları” başlıqlı məqalədə bildirilir ki, ABŞ-ın demokratiyaya yardımı məsələsində islahatlara kəskin ehtiyac var. Xarici ölkələrin demokratikləşməsi üçün ABŞ tərəfindən yardım ənənəsi Reyqanın prezidentliyi dövründən başladığını xatırladan müəllif qeyd edir ki, bu məqsədlə ayrılan və geniş proqramları əhatə edən vəsait hazırda 3 milyard dollara çatıb. Ancaq bu yardım prosesinin özündə də bir sahmansızlıq yaranıb. Koordinasiya zəifdir, ayrılan vəsait bir o qədər faydalı xərclənmir, idarəçilik sistemində aparat hədsiz böyükdür, strateji düşüncə qıtlığı var və s.
Bundan sonra müəllif konkret Azərbaycana ayrılan vəsaitlərdən bəhs edir:
“Məsələn, Azərbaycanı götürək. Ölkə 1991-ci ildə müstəqilliyini əldə edib. ABŞ-ın Beynəlxalq Inkişaf Agentliyi (USAID) bu ölkənin bir qədər demokratikləşməsi üçün proqramların maliyyələşməsinə indiyə qədər 55 milyon dollar vəsait xərcləyib. Amma Əliyevlər ailəsi – əvvəl ata Heydər Əliyev, ardınca da oğul Ilham Əliyev 1993-cü ildən bu günə qədər hakimiyyətdədir. Bu rejim satirik videolara görə gəncləri həbsxanalara salır, vətəndaş cəmiyyətinə qarşı sərt qaydalar tətbiq olunur, yüzlərlə dindara ”ekstremist” damğası vurulur və nəhayət, bu ölkədə keçirilən seçkilərin heç biri beynəlxalq standartlara cavab verməyib.
Bütün bunlara baxmayaraq, USAID 2007-2011-ci illərdə “Azərbaycan parlamentinin effektivliyinin artırılmasına” 5 milyon 600 min dollar vəsait ayırıb. Acınacaqlısı budur ki, Azərbaycanda parlament heç vaxt şəffaf seçki ilə formalaşmayıb. Azərbaycan parlamentində müxalifət yoxdur. ABŞ-ın Azərbaycandakı səfirliyi də ölkədə 2010-cu ildə keçirilən son parlament seçkilərinin beynəlxalq standartlara cavab vermədiyini bəyan edib. ABŞ səfirliyi həmçinin nammizədlərin qeydiyyatı zamanı baş verən qanun pozuntularını, sərbəst toplaşma və ifadə azadlıqlarının sərt şəkildə məhdudlaşdırıldığını, seçki dövründə mətbuat azadlığının ciddi şəkildə pozulduğunu qeyd edib. Seçki zamanı isə amerikalı diplomatlar qutulara bülletenlərin doldurulması və digər ciddi pozuntuların şahidi olublar.
Başqa sözlə, ABŞ hökuməti 2010-cu ildə parlament seçkilərinin bu şəkildə keçirilməsinə görə Azərbaycan hökumətini tənqid etdi, sonra da həmin deputatlar üçün təlim keçirdi. USAID saxta parlamentin daha effektiv olması məqsədilə, hətta bu qurumun yeni saytına pul da xərclədi.
Xərclənən vəsaitlərə baxmayaraq, vəziyyət dəyişmədi. Sadə vətəndaşlar bunu necə parlament hesab eləsinlər? Parlament əlamətləri yoxdur.
55 milyon dolların səmərəsiz xərclənməsinə baxmayaraq, USAID bundan sonra da ötən ilin avqustunda Azərbaycanda hüquq konsorsiumu layihəsinə 1 milyon 500 min dollar vəsait ayırdı. Bu, Ilham Əliyevin istəyinə uyğun təşkilatların fəaliyyəti üçün idi. Dərin narahatlıq doğuran məsələ bundan ibarətdir ki, Amerika vergi ödəyicilərinin pulları Azərbaycanın avtoritar rəhbərinin demokratiya görüntüsü yaratmaq planlarına xərclənir. Belə olan halda, ABŞ hökuməti islahatlara meylli olmayan avtoritar və yarım-avtoritar ölkələrdə yanlış proqramları maliyyələşdirməyi hansı səbəbdən davam etdirir? Öz vətəndaşlarına hətta minimal hörmət etməyən Ilham Əliyevi USAID niyə yaxşı niyyətli şəxs kimi tanıtmağa çalışır?”
Siyasət şöbəsi