Milli Şuranın təsis yığıncağından dönərək bu köşəni yazıram.
Azərbaycanın yaxın tarixinə öz sələfləri kimi parlaq hərflərlə düşən bu Milli Şuradan gözləntilər hədsiz çoxdur.
Atalar üç dəfədən deyib; budəfəki Milli Şura, ümid edək ki, birmərhələli qələbə ilə işini bitirməyəcək. Tale elə gətirmişdi iki, 1918, 1991-ci ildə yaradılan Milli Şura uzunömürlü olmamışdı.
Milli Şuranın önündə çox qlobal vəzifələr var. Işlər nə qədər çətin olsa da, çiyinlərində xalqın hənirtisini hiss edən Milli Şuranın onları asanlıqla aşacağını düşünürük.
Milli Şura birlik istəqamətində yaranışı ilə ən təsirli addımı atdı. Sağ-sol, mərkəz, kənar demədən hər kəs ordadır. Ilk andan bu pərakəndəlik kimi görünər. Ancaq elə deyil.
Yağmalanan Oğuz elinin məqsədi indi kimliyindən asılı olmayaraq bu talan və yalanın dizini yerə gətirməkdir.
Milli Şura çox haqlı olaraq ideoloji diskussiyalara varmır. Buna indi ehtiyac qəti yoxdur. Uzun illərin söhbətidir, mən də tez-tez dostlarla “bu hakimiyyətə qarşı hansı ideoloji silahla döyüşülməlidir” deyə mübahisəyə düşürdüm.
Diqqət edək, Ilham Əliyev sosialyönlü olduğunu bəyan edən, bunu nizamnaməsinə salan bir partiyanın rəhbəri və namizədidir. Ancaq biz ona sosialist deyə bilərik?
Heç cürə! On ildir bu ölkdə sosial böhran yaradan bu adam deyilmi?
Tək bir fakt: Azərbaycanda birinci qrup əlilə 150 manat müavinət verilir. Bu, Hitlerin fiziki əngəlli insanları güllələməsi qədər amansızlıqdır. 150 manatla nə etmək olar bu bahalı ölkədə?
Ilham Əliyevə sağçı desək necə? Mümkünsüz. Milli dəyərləri məhv edən, azad sahibkarlığı boğan məhz əlahəzrətin özüdür.
Dindar deyə bilmirik, dinsiz də demək olmur: O həm məscidləri sökür, dindarları həbsə atır, həm də məsələn, iki aydan bir Mirmövsüm ağanın ziyarətgahına gedir.
Uzatmayaq, bir vaxt Zərdüşt Əlizadənin dediyi kimidir, Azərbaycan hakimiyyəti nə ruspərəstdir, nə qərbpərəst, onun qibləgahı puldur. Pul hardan gəlir ona sitayiş edirlər, pul hara təhlükə yaradır, ora müharibə elan edirlər.
Pul dedikdə biz bura daha çox talan və qarət yolu ilə yağmalanan sərvətləri nəzərdə tuturuq.
Beləliklə, biz Milli Şuranın doğru yön götürdüyünü görürük. Unudulmamalıdır ki, Milli Şuranın yekdilliklə qəbul etdiyi qərara görə, qurulacaq yeni hakimiyyət 2 illik keçid dövrünü təmin edəcək. Həmin hökumətin əsas məqsədi isə növbəti mərhələ üçün azad, ədalətli seçkilər keçirməsi olacaq və o seçkidə 2 illik rəhbər iştirak etməyəcək. Daha bundan yaxşı necə kompromis olar ki? Indi özünə səmimi müxalifətəm deyib, həm də Milli Şura əleyhinə getmək betər fəna olacaq, kaş ki, bu heç olmaya da.
Milli Şuranın elanı ilə bir gündə hakim partiyanın da qurultayı oldu. Demək olar ki, eyni vaxtda keçilən bu iki tədbiri mən “facebook” üzərindən monitorinq edirdim. 600 min üzvü olması ilə öyünən və prezidentliyə namizədini seçəcək YAP-la bağlı sözün əsl mənasına qəbiristanlıq sükutu vardı. Niyə də olsun. YAP özünü tamamilə tükəndirmiş qurumdu. Ondan heç kimin gözləntisi yoxdur.
YAP cəmiyyətdə ikrah duyğusundan başqa heç nəyə qadir deyil.
Bu partiya ictimai rəydə dəfn olunub.
Milli Şura ilə bağlı vəziyyət tam fərqlidir.
Indidən əminliklə yazmaq olar: 07 iyunda mənəvi cəhətdən hakimiyyətin tam məğlubiyyətinin təməli qoyuldu.
Azərbaycan xalqının qürurunu sındıran, ona illər boyu tənə dolu həyat yaşadan, qudurmuş məmur sürüsü ilə ölkəni yalan və talan diyarına çevirən Əliyevlərin bir faiz də səs qazanmaq şansı yoxdur.
Milli Şura isə qalibdir. Ancaq indi təkcə mənəvi qələbə zamanı deyil, necə deyərlər, möhürlü, ştamplı qələbə lazımdı.
Bunun olmsaı üçün sən kömək etməlisən, dost!