Keçənlərdə “Neftçi” klubunun bir futbolçusu dəhşətli qəza törətmişdi, iki qadını vurmuşdu.
Qadınlardan biri hadisə yerindəcə keçinmişdi.
O biri xəstəxanada həftələrlə yatmalı olmuşdu.
Bəs qəzanı törədən futbolçunun özü? O azadlıqdadır. Adama gözün üstə qaşın var deyən yoxdur.
Amma Qurban Məmmədovu həbs etdilər. Nə ölüm faktı var ortada, nə də Qurban bəyin suçlu olduğu qətiləşib.
Üstəlik, olayın necə baş verdiyini oxuyub-bilənlər razılaşar mənimlə: qəzadan çox, bədbəxt hadisədir.
Və əminəm ki, heç bir ölkə praktikasında bu cür hadisəyə görə, həbs kimi ağır cəza yoxdur.
Bir şərtlə ki, həmin həmin ölkənin idarəetməsində hüququn “h”si…
Ədalətin “ə”si…
Vicdanın “v”si olsun.
Əslində Qurban Məmmədovun müstəntiqlə razılaşdırıb lentə aldığı səs yazısı həbsindən sonra yayılanda hər şey aydınlaşır.
Şübhə qalmır ki, bu həbs bir siyasi sifarişdir.
Növbəti siyasi qisasçılıq aktıdır.
Qurban bəy son illərdə bu rejimin ən kəskin, birbaşa tənqidçilərindən idi, doğru bildiklərini söyləməkdən çəkinmirdi, indi o, bunun bədəlini azadlığı hesabına ödəyirsə, təəccüblü deyil. Əksi təəccüblü olardı.
***
Yadımdadır, “Neftçi”nin futbolçusunun vurduğu yaralı qadın xəstəxanada yatarkən müsahibə verib, qəzanı törədənin ona sahib çıxmamasından gileylənirdi. Taleyi ilə maraqlanmamasından şikayətlənirdi.
Müalicə üçün maddi imkanının çatmadığını deyir, kömək istəyirdi.
Qurban bəy isə heç özünün avtomobillə vurduğu dəqiq bilinməyən yaralını xəstəxanaya çatdırıb.
Müalicəsinə üstlənib.
Aylarca ona maddi dəstəkdə bulunub.
Və bu iki 180 dərəcə fərqli davranışa Əliyevçi zehniyyətin münasibəti:
Yaralıya sahib çıxmayan futbolçu azadlıqdadır, onun müalicəsini və ailə xərclərinə üzərinə götürən həbsdə.
Nə deyəsən, nə yazasan.
***
Qurban Məmmədova qarşı ən komik ittihamlardan biri guya bədbəxt hadisədə yaralanan adamı öldürməklə təhdid etməsidir.
Komikdir ona görə ki, hörmətli vəkil öldürəcəyi adamı niyə xəstəxanaya çatdırırdı? Ona niyə ilkin tibbi yardımın göstərilib həyatının xilas olmasına kömək edirdi?
Bəlkə bu ittihamı elan edənlər yanlış diaqnozların, səhv müalicələrin baş alıb getdiyi, xəstənin özündən əvvəl cibinə baxan həkimlərin at oynatdığı Azərbaycan səhiyyəsinin vəziyyətini göz önünə alır, hesab edirlər ki, indi yaralını xəstəxanaya çatdırmaq elə onu ölümün ağuşuna atmaq kimi bir şeydir? Belədirsə, o ittiham haqlıdır, yerindədir.
Əks halda, hansı məntiqə sığır ki, kimisə xəstəxanaya çatdırdığı, müalicəsini üzərinə götürdüyü adamı öldürmək istəməkdə suçlayasan.
***
Hələ mən onu demirəm ki, siz Qurban Məmmədovu kimisə ölümlə təhdid etməkdə şərləyib həbsə atırsınız, bəs özünüz bu ölkənin işıqlı gənclərindən birinin – Zaur Qurbanlının həyatı ilə niyə oynayırsınız? Talassemiya kimi qorxunc bir xəstəlikdən əziyyət çəkən gənci niyə dəmir barmaqlıqlar arxasında saxlayır, onu göz-görə ölümün pəncəsinə atırsınız?
Əlbəttə, heç kim çörəyi qulağına yemir və başa düşür ki, sizin hüquqa, insan talelərinə belə ikiüzlü münasibətinizin tək səbəbi siyasi qisasçılıq duyğunuzdur.
Siyasi intiqam hissinizdir.
Sizin kimi düşünməyənlərə düşmən münasibətinizdir.
Sizi sevməyənlərə nifrətinizdir.
Qurban Məmmədov Araz Abdullayev kimi, zülmü, haqsızlığı, talançılığı bu ölkədən qovmaq yerinə çirkli pulların meydan suladığı Azərbaycan futbolunda top qovmaqla məşğul olsaydı, indi azadlıqda olardı, həbsdə olmazdı.
Və Zaur Qurbanlı da Mübariz Qurbanlı olmağı seçsəydi, indi həbsxana divarları ardında dəhşətli bir xəstəliyin ağrıları içində qıvrılmırdı, dünyanın ən yaxşı klinikalarında sağlamlığı qeydinə qalırdı.
***
Və sonda:
Cənab yaptokratlar, bu ölkədə hüququ bir belə dərin gömməyin…
Ədaləti bu qədər yox etməyin…
Vicdanı bu qədər ilim-ilim itirməyin ki, elə bir gün gəlib sizin də onlara ehtiyacınız olduqda, tapmaq müşkülə dönməsin.