1300 nəfər Yazıçılar Birliyindən kənarlaşdırıla bilər

Rəşad Məcid: «Bizim onları Yazıçılar Birliyinə üzv qəbul etməyimiz səhv olub»

Azərbaycan Yazıçılar Birliyində (AYB) baş verən istefalarla bağlı bu qurumun katibi Rəşad Məcid qurumda akkreditasiya keçirilməsini təklif edib.Mediada yayılan məlumata görə, R.Məcid AYB üzvləri barədə danışıb: “Yazıçılar Birliyində hazırda 1500-ə qədər üzv var. Həmin üzvlərin 1300-ü istedadsız insanlardır. Mən təklif edəcəyəm ki, akkreditasiya keçirib 1300 nəfəri kənarlaşdıraq, 200 nəfər normal, səviyyəli yazıçı üzvümüz olsun”.
R.Məcid deyir ki, həmin şəxslərin AYB-dən çıxmağı yaxşıdır: “Bizim onları Yazıçılar Birliyinə üzv qəbul etməyimiz səhv olub”.
Rəşad Məcidin fikirlərini şərh edən yazıçı Pərviz Cəbrayıl bildirib ki, deyilənlərdə məntiq var: “1500 nəfərlik qurum ələnsə, oradan 50-60 nəfər istedadlı yazıçı çıxar. Maraqlısı odur ki, onlar istedadsız adamları bu quruma niyə üzv qəbul edib? Bu sual hələ də açıq qalır. Indi də üzvlükdən çıxarmaq məsələsi gündəmə gəlib. Orada qurum üzvlərinin istedadını hansı cihaz müəyyənləşdirəcək?”
Yazıçı-publisist Mehriban Vəzir isə Rəşad Məcidin akkreditasiya təklifinin tərəfdarı deyil: “Akkreditasiya olsa, rəhbərlik gedəcək. Ona görə də belə şey etməsinlər, otursunlar oturduqları yerdə”.

Sosial şöbə