Sizi Üzeyirlə tanış etmişdik. 10 yaşı vardı və leykoz xəstəliyindən əziyyət çəkirdi. Müalicəsi üçün 147 min avro tələb olunurdu. Valideynləri 3 il ərzində borc-xərc edib onu yaşada bilmişdilər. Amma bu ay hər yerdən əllərini üzmüşdülər. Dövlət orqanları cavab vermirdi, Heydər Əliyev Fondunda telefon dəstəyini heç kim götürmürdü, açdıqları bank hesabına lazımınca vəsait toplanmamışdı, amma Üzeyir hər gün bir az daha ölümə yaxınlaşırdı.
Sonuncu dəfə araşdırma yazı üçün onunla görüşəndə valideynləri pıçıltı ilə onun ölüm riskindən danışırdılar. Üzeyir eşitməsin deyə bu evdə hamı ölümdən pıçıltı ilə danışırdı. Amma o hiss etmişdi. Həkiminin qohumuna Üzeyirin 2 ay ömrünün qaldığını dediyini eşitmişdi. Daha sonra anasına “zarafat edirəm” deyib üstündən keçmişdi. Bu gün onun zarafatı gerçək oldu. “Leykemiya ilə mübarizə” Ictimai Birliyinin sədri Mehriban Bağırova “Nə vaxta kimi uşaqlar öləcəklər? Üzeyir də öldü, sonra kim?” deyə yazınca Üzeyiri itirdiyimizi öyrəndim. Qadın hıçqırırdı və bu, çarəsizliyin hıçqırığı idi.
Heç birimiz ölümdən qurtulmaq üçün lazım olan vəsaiti bilmirik. Amma Üzeyirin yaşaması üçün 147 min avro lazım idi. Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu pulu ödəməyə imkanlarının olmadığını dedilər. Hökumət bu pulun altından qalxa bilməzmiş… Amma 10 mayda prezident Ilham Əliyevin, xanımının, qızlarının qatıldığı 10 may Heydər Əliyev üçün düzənlənən “Gül bayramı”nda da uşaqlar vardı. Ilham Əliyev uşaqlara diqqətini göstərmək üçün onları öpür, qucağına alır, şəkil çəkdirirdi. Yaxşı düşdünüz! Bu rəsmi yaratmaq üçün 150 milyon dollar xərclədiniz. Bu pulla ölkədə leykoz xəstəliyindən əziyyət çəkən 250 uşağa xaricdə ilik köçürülməsi edib onların həyatlarını qurtarmaq olardı. Amma baş pediatr Nəsib Quliyev təkidlə deyir ki, “hökumət bu pulu qarşılaya bilməz. Leykozlu uşaqlar özlərinə sponsor axtarsınlar”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyir ki, onları müalicəyə göndərmək gücümüz daxilində deyil. Amma yoxsullar üçün ayrılan Ünvanlı Sosial Yardımın 604 milyon manatının mənimsənilməsi onların gücündədir (araşdırmamızla təsdiq olunub).
O uşaqları hiss etmək bu qədərmi çətindir? Hər gün yüksək temperaturda halsız qalan, saçları tökülən, kimyaterapiyadan sonra göz rənginin belə dəyişdiyi uşağa necə biganə qala bilirsiniz? Neftin qarası üzünüzə yox, həm də gözünüzəmi bulaşıb?
Hər gün sosial-iqtisadi inkişafın statistikasını yüksək səslə dediyiniz kimi müalicəsini ölkədə qurmadığınız leykoz xəstəliyindən 3 il ərzində vəfat edən 24 uşağın adını da uca səslə çəkin. Məmmədli Üzeyir Məmməd oğlu (doğum tarixi 2002), Rzayeva Nüşabə Atamalı qızı (2004), Mahmudova Leyla Emin qızı (2009), Yusifov Raman Elbəndiyar oğlu (2007), Süleymanov Nərmin Cavanşır qızı (2008), Nağıyev Pərviz Tariel oğlu (2003), Hüseynov Ibrahim Murad oğlu (2005), Allahverdiyev Pərviz Şahin oğlu (1994), Babayeva Ofelya Əfqan qızı (2002), Bayramov Vahid Hafiz oğlu (2007), Budadlı Azər Füzuli oğlu (1998), Ələsgərova Süsən Afiq qızı (2002), Əhmədov Ələsgər Elməddin oğlu (2006), Haqverdiyev Hüseyn Xurşud oğlu (2008), Məmmədzadə Fariz Telman oğlu (1995), Mirzəyev Elcan Vüqar oğlu (2003), Mustafayeva Gülcin Məzahir qızı (2001), Qasımov Mürvət Ələkbər oğlu (1996), Qurbanlı Nüsrət (1997), Qədirov Inqlab Möhübbət oğlu (1995), Ismayılov Cəbrayıl (2006), Nəsirova Fidan Rafiq qızı (1999), Səlimova Firangiz Əzizağa qızı (2006) Bu uşaqlar sizə görə vəfat edib, Ilham Əliyev.
Bu gündən (dünəndən – red.) artıq 249 nəfər yaşaması üçün mücadilə edir. Hər ay Hemotologiya Institutunda uşaqlar vəfat edən həmyaşıdlarının otaqdan necə çıxarılmasına şahidlik edirlər. Bir valideyn də sevinir ki, leykozlu uşağı üçün yatmağa yer tapıldı. Bir həkim də sevinir ki, gələn uşağın valideynləri o uşaq ölənədək onu dolandıracaqlar. Və bunu heç kimə deməyəcəklər. Əks halda uşaq “sağalıb” adı ilə yeganə müalicə müəssisəsindən çıxarılacaq.
Üzeyiri sonuncu dəfə kimyaterapiya etmədilər. Həkimlər demişdi ki, bunu etsək, uşaq öləcək. Sonuncu dəfə təkcə bu söz beynində qalmamışdı valideynin. Üzeyirin anası sistem üçün pul tapmayanda tibb bacısı uşağına qarğış etmişdi. Sonuncu dəfə bu yadında qalmışdı. Bu, həm də dövlətin xəstəlikdən əziyyət çəkən uşaqlara etdiyi qarğış idi. Uşaqlara yaşamaları üçün “get, sponsor tap” demək, get ölümünü gözlə deməkdir. Üzeyir də bu ölümlə zarafat edirdi.
Sevinc Vaqifqızı