Artıq 10 gündür Türkiyədə Istanbuldan başlayan və bütün ölkəyə yayılan başqaldırılar davam etməkdədir.
Bir neçə ağacın kəsilməsinə dinc etirazlar Ərdoğan rejiminin aşırı güc tətbiq etməsindən sonra siyasi rəng aldı. Artıq söhbət Cümhuriyyət dəyərlərinin, dünyəviliyin, insan haqq və özgürlüklərinin qorunmasından gedir.
Və təsadüfi deyil ki, çox keçmədən bu yaşananlar dünya mediasında “Ərəb baharı”ndan təsirlənərək “Türk baharı” adlandırılmağa başladı.
Etiraf edək: AKP iqtidarı hər nə qədər sürətlə dinçi rejimə çevrilmək yolunda irəliləsə də…
Media Ərdoğan və hökumətinə yaxın holdinqlərin əli ilə satın alınsa və susdurulsa da…
Yüzlərcə siyasətçi, qəzetçi, hüquqçu və digər peşə sahibləri siyasi səbəblərlə həbsə atılsa da, Türkiyə nə bir Misirdir, nə Tunis.
Nə Suriyadır, nə Liviya.
Çoxpartiyalı sistemə sahibdir.
Heç bir seçkinin legitimliyi şübhə doğurmur.
Mətbuatda çoxsəslilik qalır.
Məhkəmələr bacardığı qədər adil və azad olmağa çalışır.
Amma bütün buna rəğmən son baş verənlər türk xalqının indiki durumdan və gedişatdan məmnun olmadığını ortaya qoydu.
Sonunadək azadlıq…
Kökünədək haqq, hüquq…
Dibinədək ədalət istədiyini göstərdi.
Demək ki, nə imiş? Artıq demokratiya, çağdaşlıq get-gedə dünyanın hər coğrafiyasında xalqların “olmazsa olmaz”ına çevrilməkdədir.
Artıq ha öz xalqına cüzi azadlıq vermişsən, ha heç verməmişsən…
Ha öz xalqına az ədalət vermişsən, ha heç verməmişsən, fərq etmir.
Hər ikisi xalqlar üçün eyni dərəcədə dözülməz, qəbuledilməz, yolverilməzdir.
Demək ki, “Özbəkistana bax, öz ölkənə şükr elə”, “Türkmənistana bax, bəxtindən razı ol”, “Əsədə, Qəzzafiyə, Lukaşenkoya bax, öz ölkəndəkilərin qədrini bil” kimi söhbətlər, tezislər keçmir.
Demokratiyanın azı-çoxu olmazmış demək ki.
Demək ki, demokratiya ya var, ya yoxdur!
Diktaturaların – açıq-aşkar zülm etməkdən, zor işlətməkdən, vətəndaşlarına heç bir haqq və azadlıq tanımayanların dövrü bitib bitməsinə, amma həm də demokratiyanı yamsılamaq, imitasiya etmək, demokratiyanın görüntüsünü yaratmaq, kağız üzərində demokratiyaya sahib olmaq dövrü bitib!
Artıq hətta azad seçki keçirənlərin…
Hətta az-çox azad sözə, adil məhkəməyə sahib olanların ölkəsində belə, xalqın ən kiçik haqsızlığa, mənfəətpərəstliyə…
Ən xırda ədalətsizliyə, zalımlığa dözmək lüksü qalmamağa başlayıbsa, bir “Asan Xidmət” Mərkəzi yaratmaqla işin içindən çıxmağa çalışmaq, özünü, hakimiyyətini xalqın qəzəbindən, qiyamından sığortalamağa çalışmaq tamamilə nağıldır, fiksiyadır, filfilo söhbətdir.
Türkiyədə olanlar bizim gözlərimiz önünə həm də bu sadə həqiqəti sərdi.
Bizə bu adi gerçəkliyi göstərdi.
Qoy bundan sonrasını yaptokratlar düşünsün artıq.
Oğurlamaqdan düşünməyə vaxt tapsalar, əlbəttə!
Realist olmağa dəvət
Rejimin internetdə “böhtan və təhqirə görə” qanunvericiliyə cinayət məsuliyyəti yaradan dəyişikliklər etməsinin ardından Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüzün açıqlamalarını oxudum.
Deyir ki, hakimləri internet məhkəmələrinə hazırlamaq, onlara bununla bağlı treninqlər keçirmək lazımdır.
Osman bəyin bu sözlərinə çox düşündüm, bir anlam verə bilmədim.
Bəyəm o hansı ölkədə yaşadığının, yaşadığı ölkənin hansı zehniyyətlə idarə olunduğunun fərqində deyilmi?
Guya hakimlərə nəsə öyrətməyin mənası nədir? Onları nəyə hazırlamaq lazımdır? Sanki ədalət, hüququn üstünlüyü, qanunun aliliyi onların çox vecinədirmi?
Sanki bu ölkədə siyasi, ictimai motivli işlərdə qərarları onlarmı çıxarır?
Sanki onların hüquq bilgisinin, peşə təcrübəsinin bir dəyəri, bir əhəmiyyətimi var?
Sifarişli qərarlar çıxarmağa vərdiş etmiş, başqa bir seçimi olmayan hakimlərə internet məhkəmələrinin hər cikini-bikini öyrətsəz nə mənası, öyrətməsəniz nə mənası var, Osman bəy?
Lütfən bir az realist olun.
Günün sözü Dikkensdən:
“Əqidəsi olmayan ən cəsur insan belə, gec-tez qorxağa çevrilir”.