Sözün açığı, Milli Kitab Mükafatının ötən müsabiqəsində mən birinci yerin qalibi olarkən Rəşad Məcidin hay-küy qaldırmasını belə qəbul etdim: yəqin, bir az qorxulu cinahda olduğuma görə Rəşad bəy belə canfəşanlıq edir.
Ancaq bu dəfə həqiqəti anladım. Ona elə gəlir ki, hər dəfə keçirilən müsabiqədə üç yerin – birinci, ikinci və üçüncü – qalibi onun müəyyənləşdirdiyi adamlar olmalıdı. Mən onun kimi iddia etməyəcəm ki, o özünə yaxın olanlara zəng vurur, kimə neçə bal verməsini xahiş eləyir və s. Çünki bu haqda məlumatım yoxdu. Hərçənd ötən dəfə kimlərin kimlərə zəng vurub, kimə neçə bal verməsini xahiş və ya diktə eləməsi faktını bilirəm.
Məsələ ondadı ki, o elə danışır, elə ittihamlar irəli sürür, sanki proses ərəfəsində hər kəsin telefon danışığını dinləyir, kimin kimlə görüşdüyünü izlətdirir, danışıqlarını da uzaqdan səs çəkən qurğuyla qeydə aldırır və ya istənilən görüşdə ən azı iki adamdan biri onun xəbərdaşıyanı olur.
Hətta belədirsə, onda münsif yoldaşımız öz adı kimi bilir ki, mən təqdimetmə günü təşkilatçıların heç birindən kimin qalib olması, kimin neçənci yeri qazanması haqda bir kəlmə də soruşmamışam. Halbuki elə Rəşadın ittiham etdiyi Şahbaz bəydən və dəyərli Rafiq Əliyevdən soruşa bilərdim. Ancaq bircə, yanaşı oturduğumuz münsif Əkrəm Əylisli mənə Zakirə 10 bal verdiyini dedi. Ta qalibin elan edilməsinəcən bildiyim bu qədər idi.
Əvvəla, dünyasını dəyişmiş bir yazarın qələbəsini humanitar aksiyanın nəticəsi adlandıraraq ruhunu, ədəbi istedadını təhqir etmək insana yaraşan iş deyil, eləcə də Rəşad Məcidə. Hələ Zakir Sadatlı mənimlə bir dost kimi əsərini müsabiqəyə göndərib-göndərməmək haqda soruşanda, ona dedim ki, qardaş, sənin kitabını oxumuşam və müsabiqəyə də tam layiq bilirəm. Ancaq bax, ola bilər, onluğa elə əsər düşər ki, sənin romanından güclü olsun və əmin ol ki, elədə mən dostluğa baxan deyiləm, hər kəsə öz qiymətini verəcəm, bəri başdan incimə.
Təbii, Zakir uşaq deyildi və dərhal mənimlə razılaşdı. Ancaq iş elə gətirdi ki, mən onluqda on bala layiq əsər kimi onun romanını gördüm.
Ikinci yerdə gördüyüm əsər Azad Qaradərəlinin əsəri idi. Təəssüf ki, yerlərdən heç birini qazana bilmədi. Görünür, başqa münsiflər başqa cür düşünüblər. Üçüncü yerə namizədlərim isə Vahid Qazı, Qan Turalı, Sayman Aruz, Zahid Sarıtorpaq idi. Və eyni zamanda bunların hər birinin ikinci yeri qazanmasını da təbii və sevinclə qəbul edərdim. Təəssüf ki, Rəşad Məcidin mesaj-müsahibəsi onların üstündən xətt çəkdi. Onlardan təkcə Vahidin təəssübünü çəkdiyini gizlətmir. Ancaq fəaliyyəti ilə ona da mane olub.
Rəşad istəyinə 99 faiz nail olub. Istədikləri müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər. Ancaq onun bütün yerlərə iddiasını başa düşə bilmirəm. Hörmətli münsif yoldaşımız hələ qiymətləndirmə ərəfəsində verdiyi müsahibədə mərhum yazıçı Zakir Sadatlı haqda mənfi fikirlərini söyləmişdi. Ilk baxışda burda qeyri-adi heç nə yoxdu. Istənilən münsif istənilən əsər haqda fikrini deyə bilər. Di gəl, mən müqayisə tam uğurlu olmasa da, o ərəfədə hansısa münsifin fikir bildirməsini doğru saymıram və bunu istintaq müddətində istintaqın işinə mane olmaq kimi qəbul edirəm. Bəli, ilk baxışda onun fikir bildirməsində qeyri-adi heç nə yox idi. Ancaq münsif yoldaşımızı tanıyan biri kimi, artıq müsahibəni oxumaqla onun üç qalib namizədini tanıyırdım. Mövcud iki yer və üçüncüsü – Vahid Qazı. Mən Vahid üçün təəssüf edirəm. Gerçəkdən o da qələbəyə layiq idi. Çox danışmaq istəmirəm. Bildiyim bircə şey var. Həmişə ədalət zəfər çalır. Ədalətə qarşı gələnlərə, hansı sahədə olur-olsun, yazıqlar olsun.
Və sonda: istəyimə uyğun gəlib-gəlməməyindən asılı olmayaraq hər üç qalibi təbrik edir, ədəbiyyatın cəfakeşi Nigar Köçərliyə isə sonsuz təşəkkürümü bildirirəm.