Qərb mediası Türkiyədəki olaylara görə Ərdoğanı günahlandırır
“Bloomberg”in şərhçisi Mark Çempion “Ərdoğan Türkiyəsi Putin Rusiyasına çevrilir?” başlıqlı məqalədə Türkiyədəki etirazlara Yaxın Şərq yox, Rusiya prizmasından yanaşmağı tövsiyə edir. “Bir neçə ildir ki, baş nazir Rəcəb Tayyib Ərdoğan ölkədə məhdudlaşdırılmış demokratiyaya meyl edir. Vladimir Putin də öz ölkəsində məhz bunu yaradıb”, – deyə “Bloomberg” yazır.
Müəllif bildirir ki, Ərdoğan qəddar Putinə daha hörmətlə yanaşır, nəinki daim insan hüquqları barədə zarıyan Avropa Ittifaqına: “Bu iki ölkənin liderləri arasında bənzərliklər çoxdur. Hər ikisi idmançıdır – Putin cüdoçu, Ərdoğan isə futbolçudur. Hər ikisi hakimiyyətdə olduğu müddətdə xalq arasında populyar olub. Hər ikisi ölkələrini böhrandan çıxarmaqla seçicilərin etimadını qazanıblar. Amma hər ikisi də hiss eləyir ki, artıq iqtisadi uğurlar dövrü keçib gedir.
Indi Ərdoğan bütün rusiyalılara yaxşı tanış olan “qalaqurma” həyata keçirmək istəyir. Uzun illər baş nazir postundan sonra ölkə prezidenti kürsüsünə əyləşmək istəyir”.
Müəllif Mark Çempion onu da qeyd edir ki, Türkiyə və Rusiyanın oxşarlığı heç kimi təəccübləndirməməlidir. Hər iki ölkə coğrafi, mədəni və tarixi baxımdan Şərqlə Qərbin kəsişməsində yerləşir.
“Şübhəsiz ki, Türkiyədəki etirazçıların bir çoxu Ərdoğanın islami meyllərindən narahatdır. Hesab edirlər ki, bu, onların həyat tərzini təhlükə altında qoyur. Yəni, türklər ”putinizm”in yerli formasına etiraz edirlər.
Türkiyə KIV-ləri ölkədə “putinizmin” bariz nümunəsidir. 1990-cı illərdə Rusiyadakı kimi Türkiyədə də əsas qəzetlər və telekanallar milyarderlərə məxsus idi. Onlar da nəzarətlərində olan media orqanlarından özlərinin siyasi və kommersiya məqsədlərilə istifadə edirdilər. Bununla belə, üç qadağan olunmuş mövzu vardı: kürdlərin əzilməsi, erməni soyqırımı və Atatürkün tənqid olunması.
Amma Ərdoğan bir sıra addımlarla Türkiyədə media azadlığına son qoydu. Onun kürəkəni nəhəng media-holdinqə rəhbərlik etdi, məhkəmələr vasitəsilə jurnalistlər qorxuduldu, yeni oyun qaydalarına tabe olanlar isə hökumətdən maddi dəstək aldı.
Bununla belə, əlbəttə ki, iki ölkə arasındakı bütün bənzətmələr şərtidir. Türkiyədə plüralistik ənənələr və vətəndaş cəmiyyəti daha güclüdür və bu da ümid verir”, – deyə “Bloomberg” yazır.
Müəllif güman edir ki, etirazlar Ərdoğanın istefası kimi radikal dəyişikliyə gətirib çıxarmayacaq: “Ümid edək ki, etirazlar Ərdoğana Putin modelinə riayət etməyin necə riskli olduğunu görməyə kömək edəcək”.
Siyasət şöbəsi


