Rəsmilər qiyamı təkzib, qanunsuz hərəkət edənlərin cəzalandırıldığını deyir
Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhbuslar qiyam qaldırıb. Bu barədə məlumatı AzNews.az saytı yayıb. Saytın yazdığına görə, həbsxanada cəza çəkən məhkumlar saxlanma şəraitlərinin yaxşılaşdırılmasını və rəhbərliyin məhkumlarla davranışlarının yumşaldılmasını tələb edirlər:
“Hadisə yerində olan müxbirimizin məlumatına görə, həbsxanaya Ədliyyə Nazirliyinin 6500 saylı mühafizə alayının xüsusi təyinatlı qrupu cəlb edilib. Bildirilir ki, ezam olunan hərbi kontingentin komandiri qiyam qaldıran məhkumlarla danışıqlar aparmaq üçün həbsxanaya daxil olub. Əsgərlər isə həbsxanadakı üsyana müdaxilə etmək üçün əmr gözləyir”.
Qiyamın baş verməsinin səbəb iki məhkumun özünü doğraması olub.
“Iki məhbus həbsxanada telefon danışıqlarına nəzarət edən şəxsi vurub. Bunun ardınca isə həbsxana işçiləri yığışaraq həmin məhkumları çox möhkəm formada döyüblər. Həbsxana əməkdaşları tərəfindən möhkəm döyülən məhkumlar isə özlərini doğrayıblar. Hadisələr də məhz bundan sonra başlayıb. Həbsxanada cəza çəkən digər məhkumlar döyülən və özlərini doğrayan məhbus yoldaşlarının müdafiəsinə qalxıblar və ”kolon”da rəhbərliyə qarşı üsyana qalxıblar.ÿSözügedən ünvana Penitensiar Xidmətə məxsus təcili yardım maşınları cəlb edilib. Həmçinin, həbsxanadakı vəziyyətdən xəbər tutan məhbus yaxınları da 16 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısına toplaşıblar”,- deyə saytın xəbərində qeyd edilir.
Axşam saatlarında isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə məxsus “Voronok”larla 4 nəfər məhkum 16 saylı Cəzaçəkmə Müəssisəsindən çıxarılaraq, başqa həbsxanaya – “kars”a salınmağa aparılmasıyla bağlı məlumat yayıldı.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Azadlıq”a açıqlamasında hər hansı bir qiyamın olmadığını bildirdi: “Cinayətkar aləmə meyilli olan bir qrup məhkum, qüvvədə olan daxili nizam-intizam qaydalarına Cəzaçəkmə Müəssisəsinin rəhbərliyindən xüsusi imtiyazlar istəyiblər. Cəzaçəkmə Müəssisənin rəhbərliyi onlara izah edib ki, istəkləri intizam qaydalarına ziddir. Onlar qayda-qanuna dəvət ediliblər, izahedici iş aparıblar. Ancaq onlar öz qanunsuz tələblərini davam etdiriblər. Buna görə də qanunvericiliyə uyğun olaraq xüsusi vasitələr tətbiq olunub. Üç məhkum cərimə təcridxanasına salınıb. Hazırda Penitensiar Xidmətinin aidiyyəti qurumları məsələylə bağlı araşdırma aparırlar”.
Mehman Sadıqov deyir ki, qanunvericiliyə uyğun olaraq Pentensiar Xidmətin xüsusi təyinatlı dəstəsi və xüsusi texnikası 16 saylı Cəzaçəkmə Müəssisəsinin ətrafına toplanılıb. Ancaq onların müdaxiləsinə hər hansı bir ehtiyac olmadı, təcrid olundu. Bundan sonra da hər hansı qanunsuz hərəkətin qarşısını Penitensiar Xidmətinin rəhbərliyi və əməkdaşları alacaqlar”.
Ramin DEKO