Moskvadan falçı gözləyirdik.., Qarabağlı seyid(!) gəldi

2010-cu ildən fərqli olaraq, bu dəfə fərasətli bir seyid falçıları qabaqladı. Illərin ənənəsi bu dəfə pozuldu. Biz seçki öncəsi adətən və bir qayda olaraq, gələnə qədər Rusiyada fəaliyyət göstərən və inanılmazları bacaran falçı – ekstrasenslərə adət etmişdik. Məsələn, 2010-cu ildə Zirəddin Rzayev başda olmaqla bir qrup “ilahi duyğu”(!) sahibi Bakıya gəldi. Telekanallar səxavətlə efiri onların üzünə açdı. Ilk bəyanat təxminən bu cür oldu – növbəti seçki əvvəlki kimi  keçəcək və növbəti seçkiyə qədər sakitlik olacaq. Yəni bizi unutmayın və biz ancaq bu seçkiyə “cavabdehik”. Bundan başqa, xırda improvizasiyalar də olurdu. Məsələn, Zirəddin Rzayev bir az qabağa gedərək, yenidən Kür daşqınlarının olacağını demişdi. Daşqın təbii ki, olmadı, amma bu fəlakətdən varlanma həvəsində olan məmurlar, muştuluq verərək, düz bir il gözlədilər.

Ümumiyyətlə, seyidlərə nisbətən görücülərin çörəyi siyasət və şou-biznesdən çıxır. Zirəddin Rzayev, yaxud istənilən başqa bir görücünün müsahibəsini götürün orada mütləq bir “məmur-siyasətçi-sənətçi” hekayəsi vardır. “Filan deputat seçkidən 3 gün öncə yanıma gəldi və…”. Özü də bu ekstrasens-görücü “qardaş”ların hamısının adətən Rusiyadan təşrif buyurması da diqqət çəkən məqamlardandır. Bu dəfə isə, Camal Əzizbəyli adında bir qarabağlı seyid.., falçıların sözün əsl mənasında çörəyinə bais oldu.

Bir neçə gün əvvəl Qarabağ seyid ocaqları ictimai birliyinin (!) sədri Seyid Camal demokratik qüvvələrin yeni yaranmış Milli Şurasına, belə demək mümkündürsə, qarğış etdi. Sonda Milli Təhlükəsizlik Nazirliyinə təmsil etdiyi Qarabağ seyid ocaqları adından (?) müraciət edərək, onları müstəqilliyimiz üçün yaranmış bu təhlükənin (!) qarşısını almağa çağırmağı da unutmadı…

Bu seyid-politoloqun (!) çox “maraqlı” müraciətinin bir hissəsi ilə nöqtəsinə vergülünə dəymədən tanış olaq, buyurun yenə də Moskva: “Rusiyada təhlükəli ”beyin mərkəzləri”nin uzun illərdir ölkəmizdə sabitliyi və siyasi mühitdən istifadə edərək öz təhlükəli oyunlarını həyata keçirmək üçün fürsət axtardıqları hər birimizə məlum idi… Açıq şəkildə bildirirəm ki, artıq neçə müddətdir istər Bakıda, istərsə də Moskvada bu təhlükəli lahiyənin ölkəmizdə həyata keçirilməsi üçün hansı “səylər” göstərildiyinin şahidi olmuşam”.

Adamdan soruşmazlar ki, sənin orda nə işin var? Sən seyidsənsə, niyə başını aşağı salıb, nəzir-niyazla, xeyir əməllərlə, kəsəsi, öz işinlə məşğul olmursan, sənin Söyün Sadıqovun adamları ilə nə işin var? Niyə onlarla restorana gedirsən və bu qədər dürüstsənsə niyə onların adını çəkmirsən? Bu qədər vətənpərvər və siyasətdən başın yaxşı çıxırsa, niyə bu görüşlər təklif olunan zaman bəyanat vermirdin? Ümumiyyətlə, Söyün Sadıqovun Milli Şura ilə hər hansı əlaqəsinin olması iddiası özü bir az şübhəli məsələyə oxşayır.

Bildiyim qədəri, bu seyid əslən Qarabağlıdır, müqəddəs seyid ocaqları da məlum məsələdir ki, işğal altındadır, niyə bu adam indiyə kimi torpaqlarımızın 20 ildir ki, işğal altında qalmasına rejimin biganəliyinə etirazla, saysız-hesabsız əsgər ölümlərinə sərt münasibətlə, haqqı tapdanan məcburi köçkünləri müdafiə etməsi ilə gündəmə gəlmir?..   

Bir “seyid”ə görə bütün seyidlərin köhnə kommunist və ateistlərldən ibarət olan YAP iqtidarı ilə iş birliyi haqda danışmaq, əlbəttə, doğru deyil. Onlar seyidləri düz 70 il təqib etdilər, amma sadə xalq daima onların yanında oldu, bəzən gizli, bəzən də açıq şəkildə onları dəstəklədi. Mən Qarabağdan olan seyidlərin çoxunu tanıdığımdan və onların hazırda keçirdikləri həyat tərzindən hali olduğumdan Camal Əzimbəyliyə hər kəsin adından danışmağı heç məsləhət görməzdim. Seyidlərin əksəriyyəti yenə də sadə xalqın himayəsindədir. Xeyir və şər mərasimlərində onları yenə də məclislərinin başında oturdur. Onların siyasi söhbət etdiklərinə heç vaxt şahid olmamışam. Nəhayət, Moskva və digər xarici amillər səni bu qədər narahat edirsə, onda zəhmət çək bir az da başda Ramiz Mehdiyev olmaqla Kremlə yaxın vəzifəlilər haqda danış, yüksək çinli məmurların yarısından çoxunun cibində rus vətəndaşı pasportunu daşımasına, övladlarının Moskvada yerləşdirmələrinə  münasibət bildir…

Nəhayət, ocaqları Qarabağda qalmış seyidlərinin adından minlərlə Vətənini, millətini sevən insanlara cılız şəxsi maraqlara görə böhtan atan, onları ittiham edən, bir tərəfdən də rejimin insanlara etdiyi zülmə haqq qazandıran şəxsin seyid olması, fikrimcə, olduqca şübhəli məsələdir…