Mahir Abdullayevlə bağlı Avropaya müraciət edildi

Elşad Abdullayevin qardaşının oğurlanmasında adı hallanan məmurlara ciddi problemlər yarana bilər

Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə bağlı Avropa Birliyinin Xarici Işlər və Təhlükəsizlik komissarı Ketrin Eştona, Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füleyə, Avropa Insan Hüquqları Məhkəməsinə, həmçinin yerli və beynəlxalq KIV-lərə müraciət ünvanlayıb.
Müraciəti olduğu kimi təqdim edirik: “13 oktyabır 2003-cü il tarixdə Azərbaycan Respubliksaının (AR) paytaxtı Bakı şəhərində Azərbaycan Respublikasının vətəndaşı, 01.05.1962-ci il təvəllüdlü Mahir Abdullayev oğurlanmışdır. Bu adam oğurluğu hadisəsinin üstündən 10 ilə yaxın vaxt keçmişdir. Bu gün Mahir Abdullayevin həyatda olub – olmaması ilə bağlı heç bir məlumat yoxdur.
Mahir Abdullayevin oğurlanmasından sonra onun qohumları bu barədə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət etmişlər. Lakin, 04 oktyabr 2012-ci il tarixindən prezidentin sərəncamı ilə Baş Prokurorluq yanında yaradılan Müstəqil Istintaq Komissiyası (MIK) da bundan əvvəl Mahir Abdullayevin oğurluq işini aparan 12 müstəntiq kimi Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərmişdir. Bunun nəticəsidir ki, MIK mütəşəkkil cinayətkar təşkilatı ifşa etmək əvəzinə zərəçəkmişi susdurmaq məqsədi ilə zərərçəkmişin və onun yaxın qohum-əqrabasının əleyhinə dövlətin bütün təhdidedici təzyiq metodlarından istifadə edir. Hüquq-mühafizə orqanları bu cinayət əməlinin üstünün açılmasında özlərini passiv apardıqlarına görə Mahir Abdullayevin qardaşı, hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev qardaşının tapılması və azad edilməsilə bağlı bir hüquq professoru kimi araşdırmalar aparmışdır.

Mahir Abdullayevlə bağlı məsələdə şok isimlər

Elşad Abdullayev bu məsələ ilə bağlı Azərbaycan Respublikasının yüksək çinli məmurları ilə qeyri-rəsmi danışıqlar aparmış, hədə-qorxu nəticəsində onlara Mahir Abdullayevin qaytarılmasıla bağlı külli miqdarda maliyyə vəsaiti vermişdir. Elşad Abdullayev bu işlə bağlı apardığı danışıqların hamısının gizli audi və videolentə almağa  müvəffəq olmuşdur. Bu video-faktlar sosial şəbəkələrdə və KIV-də ictimailəşdirilmişdir. Onun video-faktlarda danışıq apardığı şəxslərin siyahısında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, prezident Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyev, keçmiş millət vəkili Gülər Əhmədova, Daxili Işlər naziri Ramil Usubov, Daxili Işlər nazirinin sabiq birinci müavini Zahid Dunyamalıyev (dünyasını dəyişib), Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin rəisi, hazırda daxili işlər nazirinin birinci müavini vəzifəsində çalışan Vilayət Eyvazov, Milli Təhlükəsizlik naziri Eldar Mahmudov, Milli Təhlükəsizlik nazirin birinci müavini Hilal Əsədov, Milli Təhlükəsizlik nazirinin sabiq müavini Əli Nağıyev, Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin rəisi Akif Çovdarov, Nərimanov rayon məhkəməsinin sabiq sədri Ağababa Babayev (dünyasını dəyişib), Heydər Əliyev adına hava limanı polis idarəsinin rəisi Rasim Ildırımzadə, Prezidentin Mühafizə xidmətinin əməkdaşları Bəylər Əyyubov, Vaqif Axundov, “Qarbaçov” ləqəbli Mirsahibin kriminal üzvüləri – özlərini KQB əməkdaşları kimi təqdim edən Natiq Babaşov, Şahin Cəlilabadlı, Səftər Kələntərov, Mirbaba və   Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin əməkdaşları Yasir, Sədrəddin, Yaşar (soyadları məlum deyil), MTN-nin əməkdaşları Rəsul Rəsulov, Fikrət Əliyev, Elçin Quliyev, Teymur Quliyev, Yaşar (soyadı məlum deyil), Əli Zəngilanski, Arzu Kazimov, Qulu Cəfərov, Sənan Ibrahimov, müğənni Mətanət Isgəndərli və Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatda təmsil olunan və dəstəni himayə edən onlarla digər iri ranqlı məmurlar yer alıblar.

Elşad Abdullayevdən nə qədər pul alınıb?

Danışıqların nəticəsi olaraq oğurlanmış Mahir Abdullayevi qaytarmaq şərtilə Elşad Abdullayevdən üst-üstə 7 milyon 800 min ABŞ dolları məbləğində pul alınıb. Bu məbləğin alınması Elşad Abdullayev tərəfindən müxtəlif vasitələrlə (audio, video materialları, notarius rəsmiləşdirmələri ilə) qeydə  alınıb. Elşad Abdullayevin sözlərinə görə tələb olunan məbləğ 10 milyon olub. Həmin məbləği verə bilmədiyi üçün Mahir Abdullayev qaytarılmayıb.
Elşad Abdullayevin ictimailəşdirdiyi audio və video materiallardan belə məlum olur ki, bu cinayətin törədilməsində dövlətin gücündən istifadə olunub və onun arxasında hakimiyyət dayanır. Bütün bunlar Azərbaycanda dövlət səviyyəsində adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın – ölüm eskadronunun fəaliyyət göstərdiyini deməyə əsas verir.
Azərbaycanda adam oğurluğu, insanların xəbərsiz itkin düşməsi, ölüm eskadronunun fəaliyyət göstərməsilə bağlı məsələlər hələ 2005-ci ildə gündəmə gəlmişdir. O vaxt DIN Baş Cinayət-Axtarış Idarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun rəhbərliyi ilə bir banda yaxalandı. Bu bandanın iştirakçıları, sifarişçiləri, köməkçiləri və icraçıları ilə bağlı məsələ indiyə qədər Azərbaycan məhkəmə orqanları tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Məhz ölüm eskadronunun əsas sirrinin yayılmaması üçün, barəsində 2007-ci ildə məhkəmə hökmü çıxarılmasına baxmayaraq Hacı Məmmədov hələ də qeyri-qanuni olaraq MTN-nin təcridxanasında saxlanılır.

Adı hallanan məmurlara “Maqnitski aktı” tətbiq edilsin

Hüquq doktoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevi xilas etmə cəhdi onun təqibi ilə nəticələnmiş, onun əsasını qoyduğu Azərbaycan Beynəlxalq Universiteti əlindən alınmış və fəaliyyəti qadağan edilmişdir. O, ölüm təhlükəsi qarşısında Azərbaycanı tərk etməyə məcbur olmuşdur. Elşad Abdullayev təqiblərdən yaxa qurtarmaq üçün Fransaya sığınmışdır. 
Elşad Abdullayev mühacirət etdikdən sonra qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı qeyri-rəsmi apardığı danışıqları ictimailəşdirməyə başlamışdır. Indiyə kimi bu barədə 15 video, 4 audio, 800-dən artıq məqalə yayılıb.
Azərbaycan hökuməti bu gün də bu cinayətin istintaqını obyektiv aparmağa və ölüm eskadronunun fəaliyyətini ifşa etməyə maraq göstərmir. Azərbaycanda adamları izsiz-tozsuz yox edən mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərərək zərərçəkmiş Elşad Abdullayevi susdurmaq məqsədi ilə Ramiz Mehdiyev dövlətin bütün gücündən tam istifadə edir.
Bununla əlaqədar olaraq Avropa Ittifaqının strukturlarını bu məsələni diqqətdə saxlamağa və onu Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərdə qaldırmağa, Mahir Abdullayevin oğurlanması işi üzrə adı keçən məmurların Avropa Ittifaqına girişinin yasaqlanması ücün “Maqnitski aktı” tətbiq olunması məsələsinə baxmağa çağırıram”.