Arif Hacılı yenə Milli Şuradan danışdı

«Müsavatın Seçki Qərargahının rəhbəri olmağım, həm də Milli Şurada təmsilçilik müəyyən problemlər yarada bilər»

Həsən Kərimov: «Arif Hacılının Milli Şura ilə bağlı qərarını səhv addım hesab edirəm»

“Milli Şuraya qəbul olub-olmamağımla bağlı qərarımı məsləkdaşlarımla müzakirə etdikdən sonra verəcəyəm”.
Bunu APA-ya Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı deyib. O, mövqeyinin hələ qətiləşdirməməsinin səbəbini də açıqlayıb:”Bu məsələlər müzakirə olunaraq həyata keçirilir. Biz çox mühüm dövrdə yaşayırıq. Qarşıdan prezident seçkiləri gəlir. Mən həm də Müsavat Partiyasında Seçki Qərargahına rəhbərlik edirəm. Seçki Qərargahının rəhbəri olmaq, həm də Milli Şurada təmsilçilik müəyyən problemlər yarada bilər.
Ancaq bütün bunlar müzakirələrin nəticəsində müəyyənləşəcək. Müsavat Partiyası isə istənilən halda Milli Şurada təmsil olunacaq”. A.Hacılı onu da qeyd edib ki, partiyada Milli Şura ilə bağlı müzakirələr yekunlaşmayıb:”Partiyada Milli Şura ilə bağlı fikir ayrılığının olub-olmamasına gəldikdə, nəzərə alın ki, hamının mövqeyi bir ola bilməz. Müsavat Partiyasında da bütün qərarlar müzakirələr nəticəsində verilir. Hər halda partiyanın Milli Şurada təmsil  olunması ilə bağlı qərarı var”.
O, prezident seçkilərində öz namizədini müəyyənləşdirən Müsavat Partiyasının Milli Şura formatında yenidən vahid namizəd axtarışına çıxmasının problem yaradıb-yaratmayacağı məsələsinə də aydınlıq gətirməyə çalışıb: “Müsavat Partiyasının Məclisi yanvarın 4-də partiyanın başqanı Isa Qəmbərin prezidentliyə namizəd irəli sürülməsi barədə qərar qəbul edib. Bu qərar qəbul edilərkən, qeyd olunub ki, demokratik qüvvələrin daha səmərəli birliyi və ya namizədi olacaqsa, biz bu qərara yenidən baxa bilərik”.

“Hər halda Arif Hacılının bu qərarını səhv addım hesab edirəm”. Bunu isə APA-ya AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyib. H.Kərimov Arif Hacılıya haqq qazandırmayıb və onun dediklərini “Milli Şuranın fəaliyyətinə kölgə salmaq, özünü Milli Şuradan təcrid etmək” kimi qiymətləndirib: “Milli Şuraya başqa don geyindirmək, başqa adlar vermək heç də xoş niyyətlərdən xəbər vermir. Hər halda bunu zaman göstərəcək”.