9 milyon YAP-ı dəstəkləyirsə……

20 ildir bu rejimdən eyni iddiaları, eyni yalanları, eyni statistikaları eşitməkdən yorulmuşuq. Yaptokratlar az qalıb ki, pişiklərin, siçanların, tarakanların da bu rejimi dəstəklədiyini AzTV-dən dünyaya nümayiş elətdirsinlər. Mən belə “sürpriz”ləri gözləyirəm. 

Məsələn, əhilləşdirilmiş şirin YAP sözü  yazılmış tabloya diş qıcamasını, əhliləşdirilmiş meymunun MÜXALIFƏT sözü yazılmış tabloya banan atmasını, böyük vəsaitə alınıb ölkəyə gətirilmiş papuqayın “yaşasın YAP” sözlərini təkrarlamasını nümayiş etdirə bilərlər. Yaxud da, hansısa rayonda ərik ağacının üstünə YAP yazıldığı, incil yarpağında YAP-ın loqosunun aşkar edildiyi, buludda “ULU ÖNDƏR” təsvir olunduğu haqda xəbərlərə rast gəlmək ehtimalı var.

Bir sözlə, rejim bizə zorla qəbul etdirmək istəyir ki, məni sevməyə məhkumsan. Ya xoşluqla məni sev, ya da zor gücünə mən sevdirəcəm. Ya məni xoşuqla təriflə, ya da mən zorla bülübül kimi danışdıracam. Ya evində oturub mənə şükr et, ya da mən həbsdə oturdub sənə dua oxutduracam.

Bəli, bu ölkədə nifrət edə-edə sevmək reallığı var. Ürəyində nifrət edib, üzdə tərifləməyi öyrədən YAP müəllim bunu tədris edir.

Ancaq bütün hallarda ifşa qaçılmaz olur. 

9 milyon YAP-ı dəstəkləyirsə, 600 min rəsmi yaptokrat varsa, yerlər-göylər bu hakimiyyətin şəninə tərif deyirsə, onda niyə seçkilər saxtalaşdırılır, niyə beş müxalifətçinin bir yerə yığışması təzyiqinizi qaldırır, niyə xalqa meydan vermirsiniz?

Cavab verməyin, cənablar. Cavab verdikcə daha da dərinə batırsınız.

Biz bilirik ki, 600 min insanın cibində YAP bileti olsa da, 6 insanın ürəyində YAP sevgisi yoxdur. 

Siz də bilirsiniz ki, bu xalqın susqunluğu sevgidən yox, qorxudandı.

Yəni iki tərəf də bir-birini yaxşı tanıyır.

Biz sizə 20 ildir bələdçilk edirik. Cibdən narkotika çıxarmağınıza, üzə adam durğuzmağınıza, kasıb haqqı yeməyinizə bələdik.

Bütün bunlardan sonra insanların ürəyində sevgi axtarmaq ədalətsizlikdir axı cənablar.

YAP-ın ölçü cihazı

Ötən gün Azərbaycan Tələbə Gənclər Təşkilatları Ittifaqının illik hesabat konfransı keçirilib. Son vaxtlar hakimiyyəti bütün cinahlarda müdafiə etmək öhdəliyini öz üzərinə götürmüş Əli Həsənov yenə “gül” vurub. Deyib ki, YAP millidir, müxalifət isə antimilli. Görünür, cənab Həsənovun milliliyi ölçən cihazı var. Zərgər dəqiqliyi ilə hesablayır. Amma sözümün canı başqadır. Gənclərlə böyük görüşdə Əli müəllimin də iştirakı ilə bəyanat qəbul olunub. Bəyanatda qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən 83 dövlət və özəl ali və orta ixtisas təhsili müəssisəsinin 100 minə yaxın tələbəsini özündə birləşdirən ATGTI-nin hər bir üzvü Prezident Ilham Əliyevin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasəti dəstəkləyir. 

Mən bilən “Gülüstan” sarayına 100 min adam yerləşməz. Deməli, görüşdə 100 min adam iştirak etməyib. Belə çıxır ki, bu məsələdə də Əli müəllimin “ölçü cihazı” köməyə gəlib. Analoqu olmayan hökumətin, anoloqsuz cihazı olmasaydı ayıb olardı. Bu elə bir “ölçü cihazı”dır ki, təkcə adamların sayını deyil, kimin cibində narkotika var, kim xaricdən maliyyələşir, kim yolunu azıb hamısın güzgü kimi göstərir.  

Son vaxtlar hakimiyyətin təlaş içində olmağı, müxalifətə qarşı aqressiv münasibəti onu göstərir ki, bu “sehirli cihaz” gələcəklə bağlı ağır xəbərlər verib.