20 il

Dünən Azərbaycanda II Cümhuriyyətin qanla, qiyamla devrilməsindən 20 il keçdi.

Az deyil: 20 il… 

Məşəqqətlərlə, əzablarla, işgəncələrlə, haqsızlıqlarla, məhrumiyyətlərlə dolu 20 il. 

Itirilmiş, boşa getmiş, bir milləti və dövləti 200 il geri atan 20 il.

Hardasa, bir igidin ömrü.

Əvəzində nə var əldə-ovucda: məhv edilmiş ömürlər.

Gələcəkdən ümidini kəsmiş, sabaha işıqlı, parlaq gözlərlə baxa bilməyən insan topluluğu.

20 il öncəsinədək qurulan ən gözəl xəyalların dəfni.

Boşluq və bozluq.

Dünən – 4 iyunda, məhz irticanın yubiley ildönümündə 20-ci dəfə bu ölkənin paytaxtında Beynəlxalq Neft və Qaz sərgisinin açılması da əslində çox simvolik idi.

Bu ölkə üzərində oynanılan kirli oyunların, çirkli bazarlıqların baş qəhrəmanları – neft və qaz.

Məntiqi sonluq – 4 iyun.

Dünən o sərgidə nələr nümayiş etdirilirdi, bilmirəm, amma əslində orada nələrin sərgilənməli olduğunu hər kəs bilir:

– saxta bülletenlər;

– sifarişli məhkəmə hökmləri;

– “otvyorka”;

– polis dubinkası;

– sümükqıran itlər;

– göz yaşı;

– sındırılan barmaqlar;

– bükülən boyunlar;

– əyilən başlar;

– Konstitusiyanın bir nəfərin iki dəfədən prezident seçilməsinə qadağa qoyan maddəsi…

Bir sözlə, bu 20 ilə damğa vuran, onu ən aydın şəkildə anladan hər şey!

Inanın, bəzən hər şeyi, bu sistemə olan qəzəbimi və kinimi bir yana qoyub, son 20 il haqqında soyuq başla düşündüyümdə belə, eyni nöqtəyə gəlib çıxıram.

Toplumun 20 il əvvəlki savaşçı ruhunu…

Milli kimlik təəssübkeşliyini…

Azad, müstəqil yaşamaq ehtirasını yox etməyin, onun yerinə taleyi ilə barışqan…

Olan-bitən hər şeyə razı…

Başına gələnləri sinəsinə çəkən…

Qorxaq, ürkək, çəkingən…

Döyənə əlsiz, söyənə dilsiz…

Sorğulamayan, hesab istəməyən, yumruqlarını düyünləməyi bacarmayan bir kütlə yetişdirilməsini heç cür həzm edə bilmirəm. Yalanı və yaltaqlığı bir toplumun düşüncə və həyat tərzinə çevirmək…

Onu qafası ilə deyil, qarnı ilə düşünməyə məhkum etmək…

Ona həyat, karyera yollarında illah ki, alçalaraq yüksələ biləcəyini aşılamaq…

Insanı insan edən bütün dəyərləri aşındırmaq – 20 ilin heç vaxt bağışlanmayacaq, heç vaxt bəraəti olmayacaq ən dəhşətli cinayətləridir.

Oğurlanan milyardları geri qaytarmaq, onların yerini doldurmaq mümkündür…

Neftsiz, qazsız da gözəl, abad, firavan dolu bir ölkə qurmaq mümkündür…

Bu 20 ilin siyasi və iqtisadi bütün itkilərini çalışaraq, çabalayaraq aradan qaldırmaq mümkündür.

Bəs bu 20 ilin mənəvi yaraları – onları sağaltmaq mümkün olacaqmı?

Bu 20 ildə şüurlarda açılan şırımlar…

Korlanmış mənliklər, korşalmış zehinlər…

Zədələnən beyinlər, zəhərlənən ruhlar necə olacaq?

Bunların bəraəti varmı?

Bunları sağalda biləcəyikmi?

Mən keçən 20 il haqqında hər dəfə bu düşüncələrə gəlib çıxanda darmadağın oluram. Bütün sözlər anlamını itirir mənim üçün.

Özümü sözün bitdiyi yerdə hiss edirəm.

Bu qədər eybəcərliyə, iyrəncliyə qarşı sadəcə, yazılarla dirəşmək, yazmaqdan başqa heç nə edə bilməmək utancverici gəlir mənə.

9 il əvvəl və indi

9 il əvvəl üç yazar dost baş verən təşkilatdaxildi saxtakarlıqlara, maxinasiyalara, ədəbiyyat üzərindən öz məmurluq ehtiyaclarını təmin etməyə çalışanlara etiraz olaraq, Yazıçılar Birliyindən istefa vermişdik.

Sonra tamah güc gəldi, o üçümüzdən biri geri qayıtdı.

Çox sarsıldım. Çox qırıldım. 

O anadək aramızda olan dərin bağlar buzlara, dostluq yadlığa çevrildi.

Təsadüfi qarşılaşanda belə, heç vaxt əvvəlki doğmalıqla əl uzatmadıq bir-birimizə. Əvvəlki istiliklə sarıla bilmədik. 

Və dünən, divarlarına 37-ci il repressiyalarının qanı hopmuş Yazıçılar Birliyinin həmişəlik sədri Anar həmin dostumuzu tənqidi sözlərinə görə Yazıçılar Birliyindən qovub.

Nə vaxtsa yenə təsadüfən qarşılaşanda soruşacam özündən: dəyərdimi, əziz dost, dəyərdimi?

Günün hikməti Heraklitdən:

“Ədalətsizliyin qarşısını yanğından daha tez almalıyıq!”.