Zülfüqar kişi

Bu gün iş adamları Nürəddin və Loğman Zülfüqarlıların atası Zülfüqar kişi dəfn edildi. Səhər saat 11-dən saat 21-dək Zülfüqar kişi ilə görüşlərim gözümün qabağından çəkilmirdi. Çox dəyərli kişilərin dəfnində iştirak etmişdim, hər dəfə də qəhərlənmişdim. Ancaq bu qəhər hissi onlara bənzəmirdi, sanki insanla deyil, hansısa dünya ilə vidalaşırdım. Bəli, Zülfüqar kişi həqiqətən bir kişilik dünyası idi. Onunla ilk tanışlığım  oğlanları Nürəddin, Loğman və Rövşənin həbsindən bir neçə gün sonra oldu. Onunla görüşə gedəndə çox bədbin idim. Çünki oğlanlarının günahsız ola-ola niyə həbsdə olduqlarını 75 yaşlı qoca insana necə izah edəcəyimi bilmirdim. Qapıdan girən kimi qarşımda ucaboy, geniş cüssəli, qürurlu, bir o qədər də təmkinli, sakit baxışlı bir KİŞİ gördüm. Oturmağı təklif edib sakit baxışları ilə məni süzdükdən sonra dedi : “Mən balalarıma halal çörək yedirtmişəm, onlar pis iş görə bilməzlər, sən niyə üzgünsən?” Onlar günahsız ola-ola həbsdədirlər dedim. Təmkinlə “kişinin başına iş gələr, özünü üzmə” dedi və dərhal soruşdu: “onlar da üzgündümü?” Və əlavə etdi: “Onlara de, haqq öz yerini gec-tez tapar, möhkəm olsunlar, indi isə bir tikə çörək ye.” Həmin dəqiqədən bu insandakı məğrurluq məni valeh etdi. Bir qədər sonra telekanallarda Zülfüqarlı qardaşları ilə bağlı  kəskin çıxışlarımın qardaşların aqibətini daha da ağırlaşdıra biləcəyini deyəndə Zülfüqar kişidən: “Həqiqətin heç nəyə ziyanı olmaz” cavabını aldım. Qardaşlar azad olunduqdan sonra məni evlərinə dəvət etdilər. Onların azad olunmasında heç bir əməyim olmadığından getmək istəmədim. Qardaşların bir ağızdan: “Atamız çağırır” demələrindən anladım ki, onlar üçün o Kişinin sözündən vacib heç nə yoxdur. Məni yanında oturdub demək olar ki, tariximizdə Vətənə məhəbbətlə, mərdliklə, etibarlılıqla, haqla, ədalətlə bağlı Koroğlu dastanından tutmuş nə varsa hamısını əzbər dedi. Həmin gün Zülfüqar kişinin həqiqətən bir dünya olduğunu gördüm. Hər məni görəndə isə hökmən: “keçməm namərd körpüsündən qoy aparsın sellər məni, yatmam tülkü kölgəsində qoy yesin aslanlar məni” misralarını deyərdi. Sonralar ilk nəticəsinin adını Aslan qoydu. Hər dəfə onların evində olanda Zülfüqar kişinin özünə məxsus ahəstə səsi ilə dediyi şeirlər sanki məni Koroğlu dünyasına aparardı. Onun vətəni Ağbaba mahalı ilə bağlı özünün yazdığı şeirləri deyərkən içindəki yanğını görməmək mümkün deyildi. Sonuncu dəfə bu cür qürurlu babam Mehralı kişini görmüşdüm. 
İçimdə bir qorxu və həsrət hissi baş qaldırdı. Görəsən bir də belə bir KİŞİ görəcəmmi?

Allah rəhmət eləsin.