Eldəniz Quliyev: «Azərbaycan hakimiyyətində təşviş, təlaş hiss olunur»
Demokratik qüvvələrin Milli Şurasının yaradılması hakimiyyət dairələrini qıcıqlandırmaqdadır. Bu səbəbdən də bir-birinin ardınca YAP təmsilçiləri bu qurumun ünvanına ittihamlar səsləndirir və onu xarici qüvvələrə işləməkdə ittiham edir.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da Milli Şuranı hədəfə alıb. Ictimai Televiziyaya açıqlamasında o, Azərbaycan müxalifətinin xalqın dəstəyinə deyil, xarici dəstəklərə söykəndiyini və öz dəstəyini də xaricdən axtardığını deyib. Ə.Həsənovun sözlərinə görə, müxalifət Azərbaycana xarici müdaxilələrin olmasını istəyir: “Gözləyirlər ki, hansısa ”X” günündə xarici qüvvələr Azərbaycana daxil olacaq, onlar da bundan istifadə edib hakimiyyətə gələcək”.
PA rəsmisi Milli Şuranı hədələməkdən də çəkinməyib: “Onların fəaliyyəti qanunların tələbini aşacaqsa, qarşılarında Azərbaycan dövlətini görəcəklər”.
Ə.Həsənovun bu açıqlaması cavabsız qalmayıb. Milli Şuranın üzvü Eldəniz Quliyevin sözlərinə görə, PA rəsmisi bununla demək istəyib ki, əgər siz demokratik təşkilat yaradacaqsızsa, demokratiya uğrunda mübarizə aparacaqsınızsa, qarşınızda Azərbaycan hakimiyyətini görəcəksiniz. Bu, qeyri-demokratik düşüncə tərzinə sahib olan hakimiyyət məmurunun çıxışı kimi dəyərləndirilməlidir. Çünki əslində normal hakimiyyət bu cür qurumların yaranmasını alqışlamalıdırlar. Azərbaycan hakimiyyətində isə təşviş, təlaş hiss olunur: “Gərək bunlar fikirləşsinlər ki, biz təkcə bu millətin sosial sifarişini, müqavimət göstərmək sifarişini yerinə yetirmirik. Eyni zamanda Azərbaycanın konstitusiyası uğrunda mübarizə aparırıq. Konstitusiyada yazılıb ki, Azərbaycan demokratik respublikadır. Biz eyni zamanda bunun mübarizəsini aparırıq. Təşvişə düşənlər isə bunu istəməyən adamlardır”.
Fizzə


