“Qalatasaray” futbol klubunun hücumçusu Sərcan Yıldırım Taksim olaylarıyla bağlı maraqlı tvit yayıb: “Bir ağac öldü, bir millət dirildi”.
Ötən yazımda da bu nüansa toxunmuşdum. Nədən bizim toplum pərakəndə ayaqlanmaları çıxmaqla, heç bir, hətta hakimiyyətin qəddarlığı ucbatından baş verən ən faciəli hadisəyə, talana belə, reaksiya vermir? Bu il başlayandan bəri artıq 45 əsgərimiz qeyri-döyüş şəraitində həlak olub. Lakin vətənpərvər gənclərin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş iki aksiyanı çıxsaq, ki, bu aksiyaları toplumun təpkisi saymaq olmaz, yerdə heç nə qalmır.
Bir neçə ildi ki, türkiyəli dostlarla söhbətlərimdən onların özləri haqda giley-güzarının şahidi olmuşam. Öz toplumları haqda o qədər bədbin danışırdılar ki, hətta bizə bəxtəvər kimi baxırdılar. Fikir buydu ki, Ərdoğan cəmiyyəti elə zombiləşdirib, ələbaxanlığa elə öyrədib ki, bu gedişlə bəlkə min il də iqtidarda qala bilər.
Mən Taksim olaylarının necə bitəcəyini bilmirəm. Hər halda bu, mifikləşmiş Ərdoğan obrazını parça-parça elədi. Və Sərcanın dediyi kimi, bir ağacın ölümü, bir milləti diriltdi. Bizdə isə tam bir millət ölür, kimsə qımıldanmır da. Sabir demişkən: “Nə ağır yatdı bu oğlan, ölübəəə”.
Türkiyədə “Ergenekon” davası adını alan işlə bağlı yüzlərlə generalın, tanınmış ictimai-siyasi şəxsin həbsi xalqın gözünü qırmışdı. Yəni əski Genelkurmay başqanını həbs edən bir iqtidar, gör indi sadə insanlara dirəniş göstərməsi durumunda neynər, deyə dəhşətli bir qorxu vardı. Lakin görünür, qorxu həmişə öz zirvəsinə yetişəndə dəhşətli qorxusuzluqla əvəz olunurmuş. Ki, indi Azərbaycan cəmiyyəti də buna doğru yaxınlaşmaqdadı.
Taksim bir türk vətəndaşı üçün mənəvi abidədi. Bizdə bu abidəylə “Azadlıq” meydanını müqayisə etmək olar. Indi Taksimi, orada yerləşən AKM-i söküb Opera binası tikəcəyini deyir Ərdoğan. Azadlıq meydanı isə körpü və keçidlərdə yazıldığı kimi, yəqin ki, prezidentin sərəncamı ilə avtoparka çevrildi. Bir mənəvi tarixi minlərlə avtomobilin təkərləri altında qoydular. Lakin… sükut.
Zahid Orucdan (“Taksim – milyonların sevgi ünvanı”) danışacağıma görə bəri başdan oxuculardan dönə-dönə üzr istəyirəm. Onun Taksimlə bağlı yazdığı yazıya (aznews.az) FB-də verilən ifrat kinayəli və bəzən vulqar həddə keçən münasibətləri görəndə yazını oxumalı oldum. Zahid Oruc olaraq, yəni həqiqətə daim oruc olan birindən bu sözləri oxumaq təbii ki, o reaksiyanı doğurmalı idi (Bu tip məqalə və münasibətlərə Çingiz Qənizadənin və insanlıq qatili Bəşər Əsədin fikrini də əlavə eləsək, gərək qarnın gülməkdən cırıla). Məsələ ondadı ki, onların üçünün də dediyi həqiqətdi. Lakin baxır həqiqəti kim deyir. Həqiqət onlar üçün belə dəyərlidisə, onda “O olmasın, bu olsun”da deyildiyi kimi, “nədən bunu kəndi xaneyi-hücrələrində icra etmiyorlar?”, deyə bilmirlər. Bəs niyə başqaları üçün tez-tələsik həqiqətin ətəyindən yapışırlar? Cavab çox sadədi. Çünki həqiqət elə bir şeydi ki, hətta Dəccalın özü onsuz yaşaya bilmir. Zahid Oruc bunu Türkiyə üçün səsləndirəndə öz həqiqət ehtiyacını ödəyir, bir növ sublimasiya edir. Onun dediklərini öz ölkəmizə tətbiq etsək, məlum olacaq ki, adam bu gün bizim bu rejim üçün dediklərimizdən əskik bir şey demir. Çıxan nəticə isə bu: biz yalnız həqiqəti deyirik və zahidoruclar da bunu yaxşı bilir. Onların bildiyini bilə-bilə bəs biz nədən bu qədər ümidsizik? Bax, bu ayrı və çox uzun söhbətin movzusudu…
Sonda Orucun yazdığı onlarla bənzər məqamdan biri: “Bir neçə seçkini qazanan qüvvənin alternativsizliyi fonunda eyforiyaya qapılması həqiqətən çox acınacaqlı imiş”…