Qənimət Zahid
«Azərbaycan Saatı»nı vuranlar günün birində beynəlxalq qanunlar qarşısında cavab verəcəklər
“Azərbaycan Saatı” üçün ciddi problemler yaranıb. Bu, maddi sıxıntı deyil, inzibati problemdir. Bəri başdan bildirirəm ki, bu dəfə də bu problemi rədd edəcəyik: budəfəki problemin daha ciddi olmasına baxmayaraq.
Bu dəfə problem bundan ibarətdir ki, Azərbaycan hökuməti terrorizmə qarşı Beynelxalq Koalisiya əməkdaşlığı çevrəsində ona verilən xüsusi texniki avadanlıqlardan “Azərbaycan Saatı”na qarşı istifadə edir. “Azərbaycan Saatı”nın yayıldığı dalğaları ustalıqla vurur. Medya TV-de yayın buna görə dayandı. Məsələ burasındadır ki, Medya TV-nin özünə məxsus olan tezliyi yox idi və o, bu tezliyi Kanal D-nin daxil olduğu holdinqdən kirayələyirdi. Azərbaycan hökuməti bizim proqramımızı “Türksat”dan vurduqda yalnız Medya TV-ni yox, eyni zamanda bu paketə daxil olan Kanal D, CNN-Türk kimi iri televiziyaların da eyni saatdakı proqramlarını vururdu. Həmin nəhənglər də Medya TV-yə şərt qoydular: ya Türksat yayımına olan müdaxiləyə son qoyun, ya da biz kirayə müqaviləsini ləğv edirik. Biz bir kanalın fəaliyyətini durdurmaması üçün geri çəkildik. Başqa telekanala – Denge TV-yə köçdük. Amma bizim hökumət öz arsenalını bu kanala qarşı tətbiq etməyə başladı. Və bütün izləyicilərin gözləri qarşısında Denge TV-də də “Azərbaycan Saatı”nın yayımı vuruldu.
Məsələ burasındadır ki, hər hansı peykdən yayımlanan hansısa proqram saatını vurmaq üçün texniki imkanlar genişdir. Amma bu, qanunla qadağandır və kiberterrorizm kimi dəyərləndirilir. Bizə qarşı tətbiq edilən mübarizə məhz terrorizmdir və beynəlxalq qanunlarla mühakimə olunur. Hələlik əsəb müharibəsi gedir və əmin olun ki, “Azərbaycan Saatı”nı vuranlar günün birində həmin beynəlxalq qanunlar qarşısında cavab verəcəklər və buna az qalıb.ÿ
Məsələnin digər tərəfinə gəlincə, yəni “Azərbaycan Saatı”nın taleyi necə olacaq. Son çıxışlarımın birində demişdim: “Ola bilər ki, bu həftə biz efirdə olmayaq, amma bir sonrakı həftə olacağıq”! Indi də həmin fikirdə təkidlə qalıram: hansısa fasilələr ola bilər, amma “Azərbaycan Saatı” missiyanın sonuna qədər qalacaq, yayında olacaq.ÿ
Indi bizimlə kosmik savaş aparırlar. Mən bu savaşda varam! “Azərbaycan Saatı”nın yaradıcı və texniki heyəti bu savaşdan qalib çıxacaq! Biz bir il iki aydır davam edən bu prosesi heç kimin qarşısında təslim etmək niyyətində deyilik. Çünki bu, Azərbaycan xalqının iradəsidir.ÿ
Biz bir komanda olaraq bu savaşdan geri dura bilmərik və buna haqqımız yoxdur. Axı bu, sadəcə bir xalqın istibdaddan qurtuluşu üçün deyil, həm də, sadəcə olaraq, ilahi ədalət naminə savaşdır.ÿ
“Azərbaycan Saatı”na qarşı beynəlxalq terrorizmin praktikası ilə savaş isə bunu təşkil edənlər və həyata keçirənler üçün əlavə ittihamlar yaradır. Sıradan bir texniki işçi belə özünü məsuliyyətdən yayındıra bilməyəcək.
“Azərbaycan Saatı” davam edəcək! Hər gün davam edəcək!