Yazıçılar bir-birlərini içdən sevə bilərlərmi?

(II yazı)

Hə, Höte və Şiller həqiqi mənada bir-birlərinin “ikinci özü” idi. Bu iki dost yazıçı 18-ci əsrin sonlarında tanış olmuşdular. Sonradan onların əfsanələşən dostluğu haqqında qələmə aldığı kitabda Luis Meylbax Şillerin almanlara azadlıq, Hötenin isə eşq idealını bəxş etdiyini yazacaqdı.

Şillerin ölümü Höteni dəhşətli dərəcədə sarsıtmışdı, bu ölümlə həyatının geridə qalanını da itirdiyini yazmışdı “Gənc Verterin iztirabları”nın müəllifi.

Ədəbiyyat tarixində ədəbiyyatın özünün belə önünə keçən dostluqlardan birinə isə Mandelştamla Anna Axmatova imza atmışdılar. Axmatovanın Mandelştama bir neçə şeir ithaf etdiyi öz yerində. Onlar Stalinin “qırmızı terror” əsdirdiyi 30-cu illərin qorxunc qaranlığını yalnız cismən deyil, ruhən, qəlbən belə, qoşa addımlamışdılar.

“Mandelştamı sonuncu dəfə 1937-ci ilin payızında gördüm. O və arvadı Nadejda bir neçə günlüyə Leninqrada gəlmişdilər. Qorxulu günlər idi. Fəlakət bizi hər addımda izləyirdi. Mandelştamın nə pulu, nə arvadı ilə birgə qalmağa yeri vardı. Dəqiq harda olduğunu xatırlamıram, onunla görüşməyə getdim. Ağır-ağır nəfəs alırdı. Həmin vaxt ikimiz də Ceyms Coysun ”Uilss”ini oxuyurduq: o yaxşı çevrilmiş almancada, mən isə oricinaldan. Bir neçə dəfə “Uilss”dən danışmağa cəhd etdik, amma bacarmadıq. Kitablardan danışılacaq zaman deyildi” – bunu sonradan Axmatova yazmışdı.

Əslində, söhbətin 30-cu illərə gəlib çıxması yaxşı oldu. Çünki mən yazının sonunu azərbaycanlı şair-yazıçıların dostluq tarixçələrinə bağlamağı düşünürdüm. 30-cu illər isə bu haqda danışmaq üçün ən uyğun dövrdür.

Azərbaycan yazıçısının bir-birinə qarşı donosbazlığının baş alıb getdiyi, öz həyatını xilas etmək üçün başqalarını qurbanlıq seçdiyi, onların yaxasını ələ verdiyi o illərdən qalma ənənə sonrakı 80 il ərzində heç vaxt dəyişmədi. Ən son Əkrəm Əylisli məsələsində gördük. Tarixən kiçik istisnalarla böyük dostluqlardan yoxsul qalan Azərbaycan yazıçısı bir-biri ilə mərdcə düşmənçiliyi bacarmadığını bir daha ortaya qoydu. Siyasi linçləmə zamanı öz yazıçı həmkarını asanlıqla mənəvi terror maşınının ağzına vermək – bu, keçən yüzilin 30-cu illərində də, yeni əsrin ilk onillərində də dəyişməz qaydadır Azərbaycan yazıçısı üçün. Hətta artıq onun varlığının ən vacib ünsürüdür.

Artıq neçə on ildir ki, bir qayda olaraq, Azərbaycan yazıçısının bir-birinə münasibətini – sevgisini və nifrətini hakim siyasi sistemlər, güclər müəyyənləşdirir. Sistemin gözündən düşən yazıçı avtomatik olaraq öz yazıçı “dost”larının da gözündən düşür. Və o ilk növbədə elə həmin “dost”ların əli ilə linç və terror olunur!

Azərbaycan yazıçısının bir-birinə münasibətini nə ədəbiyyat, nə düşüncə və dünyagörüş fərqləri müəyyənləşdirmir. Saray müəyyənləşdirir.

Xeyli zamandır artıq belədir və bu rəzilliyin çox böyük ehtimalla, heç bir xalqın ədəbiyyat tarixində bənzəri yoxdur.

Başqa cür ola da bilməz.

Axı dünyanın heç bir ölkəsində – tarixən və indi – yazıçı bizdəki qədər saray düşkünü olmayıb.

Seçimini, yenə xırda istisnalarla, haqlıdan deyil, güclüdən yana etməyib.

Əgər biz Azərbaycan yazıçısının ənənəvi, əsl, içdən bağlı olduğu dost haqqında danışırıqsa, bu dostun adı – saraydır. Şərdir. Yalandır.

Bəlkə elə ona görədir ki, tarix boyu pis, qansız, oğru hökmdarlardan başına gəlməyən heç nəyin qalmadığı bu xalqın ədəbiyyatında… saray iyrəncliklərini ifşa edən bircə dənə də əsər yoxdur!

Azərbaycan yazıçısının gücü ən yaxşı halda, poçta məktub ata bilməyəcək qədər savadsız kəndlini, ölü dirildən mollanı asıb-kəsməyə çatıb.

Saray, hakim güc, həlledici Şər qarşısında isə o, həmişə dilsiz və ağızsız olub.

Söhbətin hardan hara gəldiyinə isə əsla təəccüblənməyin – ədəbiyyatdakı böyük dostluqlar və böyük düşmənçiliklər üçün böyük yazıçılar lazımdır, həqiqətən də böyük yazıçılar – istedadı, intellekti, düşüncəsi, dünyagörüşü, ruhu, qəlbi ilə böyük yazıçılar!

Bayaqdan bəri anlatmaq istədiyim, anlatmağa çalışdığım elə budur.

Aranızda anlamayanlar qaldısa, onların günahı deyil. Anlada bilməyən utansın.