Türkiyədə nə baş verir?

Son günlər Türkiyədə baş verənlər bütün dünyanın gündəmini zəbt edib. Insanların Taksim parkında yol genişlətmə səbəbiylə ağacların kəsilməsinə etirazı bütün Türkiyəni əhatə etməyə başladı. Yüzlərlə adam həbs edildi. Polis təzyiqli sudan, bibərli qazdan istifadə elədi. Türkiyənin tanınmış sənətçiləri etirazçılara dəstək ifadə elədi. Artıq 6 gündür Türkiyədə gərginlik davam edir.
Türkiyə Prezidenti Abdullah Gül baş verənlərə münasibət bildirib: “Demokratiyaya, plüralizmə və hüququn aliliyinə inanan, bu yolda daha çox məsafə qət etmək əzmində olan Türkiyədə fərqli düşüncələrin, baxışların olması, önəmli mövzularda fərqli mövqelərin, yanaşmaların ortaya çıxması çox təbiidir. Əsas önəmli olan məsələ mədəni şəkildə diskussiya apara bilmək, dialoqa açıq olmaq, müxtəlif mövqeləri dinləməkdir. Təhlükəsizlik qüvvələrimiz öz vəzifələrini yerinə yetirərkən hər zamankından daha çox həssas olmalı, müdaxilə edərkən adekvat davranmalı və üzücü görüntülərin meydana gəlməsinə imkan verməməlidir”.
Baş nazir Ərdoğan isə öz açıqlamasında bildirib ki, indiki gəldiyimiz nöqtə ideolojidir. Daha sonra müxalifəti tənqid atəşinə tutan Ərdoğan bildirib ki, müxalifət xalqı arxasınca aparmalı olduğu halda, xalq müxalifəti arxasınca aparırı. “Əcaba biz Istanbul Böyükşəhər bələdiyyəsini alabilərikmi” deyə bir dərdə düşdülər. Polis dünən də var idi, bu gün də var, sabah da olacaq. Insanların can güvənliyi üçün bu vacibdir. Biz orada daha modern bir opera salonu tikəcəyik. Biz millətə xidmət etmək dərdindəyik. Bələdiyyə başqanlığım dövründə Istanbula əkdiyimiz ağaclar göz önündədir”.
Bəs əslində Türkiyədə nə baş verir?

«Demokratik ölkələrdə narazılığı ifadə etmək təbii prosesdi»

Politoloq Vəfa Quluzadə hesab edir ki, Türkiyə demokratik ölkə olduğundan insanların razılaşmadılqarı məqamlara etiraz etməsi təbiidir: “Taksim Türkiyənin ürəyidir. Ərdoğan hakimiyyəti bu işləri başlayanda, Türkiyə xalqının mövqeyini və düşüncəsini nəzərə almalıydı. Mən Tükiyədə baş verənlərdə ciddi siyasi məqamlar görmürəm”.

«İnsanlar həm də ciddi islahatların həyata keçirilməsinə istəyir»

Politoloq Razi Nurullayev bildirdi ki, bütün fəaliyyətlərdə müəyyən məqsədlər, insanların arzu və istəyi dayanır: “Taksimdə baş verənlər həm də bir bəhanə oldu. Insanlar daha ciddi islahatların həyata keçirilməsini istəyirlər. Son zamanlar Ərdoğan hakimiyyətinin özünün cəmiyyətə müxalifətdə olması nəzərə çarpır. Bu da narazı kəsimin etirazına səbəb oldu. Məsələn, Türkiyənin qonşularla ”0 münaqişə” siyasətinin, yeni Osmançılıq ideologiyasının özünü doğrultmaması cəmiyyətdə bir etiraz yaradırdı. Bu hallarsa  növbəti seçkilərdə Ərdoğan üçün əlavə çətinliklər yaradacaq”

«Ərdoğan hakimiyyəti geriyə addım atmalıdır»

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyədə baş verən etirazlarda siyasi çalarların olduğunu deyir. Ekspertin fikrincə, bu ağac məsələsi, cəmiyyətin narazılığını ifadə etməsi üçün bəhanə rolunu oynadı: “Ərdoğan hakimiyyəti parlamentdə çoxluğu təmsil edir, istədikləri layihəni həyata keçirə bilirlər. Eyni zamanda insanlara qarşı polisin kobud müdaxiləsi cəmiyyəti səfərbər etdi və insanlarda narazılıq yaratdı. Demokratik ölkələrdə insanlar dəyişikliyə meyilli olur, eyni hakimiyyəti görməkdən yorulurlar. Digər tərəfdən, belə ölkələrdə ciddi dəyişiklik etməzdən əvvəl əhali ilə müzakirələr keçirirlər, cəmiyyətin münasibətin öyrənirlər. Düşünürəm ki, Türkiyə hökuməti geriyə addım atmalıdır. Çünki Türkiyədə sabitliyə ehtiyac var. Ölkədə etirazların yüksəlməsi həm xarici qüvvələrin xeyrinə işləyə, həm də Türkiyə daxilində müəyyən xoşagəlməz proseslərə səbəb ola bilər. Türkiyədə iqtisadi cəhətdən, xarici siyasətdə böyük uğurlar var. Ancaq Türkiyə hökumətində özündən razılıq var. Hər şeyi özünün həll edə biləcəyinə, problemləri özünün çözəcəyinə inanır. Bu hallar da belə nəticələrə gətirib çıxarır”- deyə Elxan Şahinoğlu bildirdi.

İlham Hüseyn