Türkiyədə baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədi. Əlbəttə, aydındı ki, bu hadisələrdən hərə öz çıxarı üçün istifadə etməyə çalışacaq. Hətta hadisənin baş vermə səbəbi ilə bağlı da müxtəlif fikirlər səslənir. Bəziləri eyləmin PKK-nın kölgəsi olan BDP və DTP tərəfindən başladıldığını iddia edir. Kimin kölgəsi, kimin qanadı olur-olsun, bu etnik partiyalar Böyük Millət Məclisində təmsil olunurlar və onların buraya qədər irəliləməsinin özü də elə AKP hökumətinin xidmətidi.
Bir də ki, məsələ hərəkat səviyyəsinə yüksəlmiş etirazı kimin başlamasında deyil. Heç deyil. Söhbət hansı toplumla işləməkdən və etiraza səbəb olan olaydan, addımdan, layihədən gedir. Ən əsası, sən bu cür olayın başlamasına rəvac vermisənsə, sonradan hadisənin hansı məcraya yönəlməyindən asılı olmayaraq, günahkar sənsən və bu günahına görə cavabı da sən verməlisən.
Əlbəttə ki, kürd partiyaları PKK əlavəsi olaraq hər bir zaman, hətta barış söhbətinin ən qızğın danışıqları mərhələsində belə, Türkiyədə sabitliyin pozulmasında maraqlıdı. Başqa bir yandan baxanda isə BDP və DTP bu günə kimi məhz AKP ilə çalışıb, parlamentdə AKP çoxluğundan istifadə edərək bəzi qanun və əlavələrin çıxarılmasına nail olublar, bundan sonra da AKP-nin hakimiyyətdə qalması onların çıxarlarına tam uyğundur. Və kimsəyə sirr deyil ki, bu partiyalar sözdə olsa da, əməldə barışdan yana deyil, onlar sadəcə taktika dəyişir və öz çirkin məqsədlərinə doğru addım-addım irəliləyirlər. Ona görə də burada o partiyaların detonator rolunda hallandırılması gerçəkliklə üst-üstə düşmür və o da kimsəyə sirr deyil ki, BDP Türk toplumunu ayağa qaldırmaq gücünə qətiyyən sahib deyil.
Mənimçün bu hadisələrdə bir neçə maraqlı məqam var.
Söhbət Azərbaycanla Türkiyənin müqayisəsindən gedir. Gəzi parkının və orada yerləşən Atatürk Kültür Mərkəzinin sökülərək yerində ticarət obyektinin salınması üçün parkdakı on-on beş ağacın qırılması ilə az qala bütün Türkiyə toplumu ayağa qalxıb. Bizdə yaşı on, iyirmi olan ağacları bütün ölkə üzrə kəsib, ən yaxşı halda yerində liliput dekorativ ağaclar əkirlər. Bundan başqa, böyük bağlar məhv edilərək torpaqları həyətyanı sahə kimi satılır, ya da yerində göydələnlər tikilir. Nəinki ağaclar, insanlar, onların mənəviyyatı belə məhv edilir. Lakin cəmiyyət yenə də öz daş, qaya sükutunu qoruyub saxlayır. Təbii ki, ağzıgöyçəklər suçu dərhal müxalifətin üzərinə, daha doğrusu, yoxluğunun, zəifliyinin üzərinə yükləyir. Bəs Türkiyə? Axı orada heç bir partiya xalqı ayağa qaldırmayıb. Hətta CHP Kadıköyə təyin etdiyi, aylardan bəri hazırlaşdığı mitinqi təxirə salaraq Taksimə toplaşma qərarı verdi. Yəni xalq müxalifətin deyil, müxalifət xalqın ardınca getdi.
Zeytunluq bağının məhv edilməsi haqda yerindəncə reportaj hazırlayan əməkdaşımız Aqil Xəlili MTN-in yüksək çinli zabitləri az qala boğub öldürəcəkdi. Qaçıb canını güclə qurtardı. Sonra yenə əl çəkmədilər. Çox qəribəydi ki, bir axşam yağmurlu gündə, Ali Məhkəminin önündə Aqili elə zeytun ağacının altında haqlayıb ürəyindən bıçaqladılar. Nə isə. Bu, uzun hekayədi. Ancaq nə oldu? Toplumdan bir səs çıxdımı? Yox. Yəni həm insan qətli, həm ağac. Halbuki Ərdoğan heç də Azərbaycan dövlət başçısından az qorxunc deyil. Hətta onun dünən Taksim olayıyla bağlı çıxışını dinləyib gördüm ki, sanki Əliyev Bakıdakı bir aksiyadan sonra çıxış eləyir.
Hansı dildə danışırsan danış, təkəbbürün, özünəvurğunluğun, nifrətin, bir sözlə, diktatorluğun dili birdir. Rejimlər eyni olarkən, bəs xalqlar, toplumlar nədən bir deyil? Orxan Vəli Şaiq demişkən: “Biz bu dünyadan deyilmiydik?”. Hə, millət, nə düşünürsən, deyilmiyik?..