“Azərbaycan xalqı da, Azərbaycanda marağı olan dövlətlər də bu rejimin dəyişməsini istəyir”
Sülhəddin Əkbər: «Vahid namizəd məsələsində xüsusi bir problem olmayacaq»
“Rejimin resursları tükənib, xalqın istəyi və dünyada baş verənlər bir an öncə demokratiyaya keçidi tələb edir”
Demokratik qüvvələrin Milli Şurasının elan olunması gündəmin əsas mövzusu olaraq qalmaqdadır. Toplumun uzun müddətdir elan olunmasını gözlədiyi təşkilat mayın 28-də Respublika Günü cəmiyyətə təqdim edildi. Milli Şuraya daxil olan siyasi qüvvələrdən biri də Açıq Cəmiyyət Partiyasıdır. ACP sədri Sülhəddin Əkbərə ilk sualımız Milli Şuranın gələcək perspektivlərini necə qiymətləndirdiyi ilə bağlı oldu.
– Milli Şuranın yaradılması haqqında hələlik siyasi qərar var. Milli Şura bir müddət sonra birinci təsis tədbirində elan olunacaqdır. Amma bir məqamı da vurğulamaq lazımdır ki, təəssüf ki, bu proses bizim gözlədiyimizdən daha uzun çəkdi və müxalifətin geniş koalisiyasını biz keçən ilin sonu, bu ilin əvvəlində yaratmağa nail olsaydıq, hazırda xeyli məsafə qət etmiş olardıq. Amma nə qədər gec olsa da, Azərbaycanda demokratiya uğrunda mübarizə aparan bütün siyasi təşkilatlar, bəzi istisnalar olmaqla Milli Şurada təmsil olunublar. Təşkilata eyni zamanda ziyalılar, gənclər, KIV nümayəndələri də daxildir. Düşünürəm ki, ictimai-siyasi legitimlik baxımından biz qarşımıza qoyduğumuz məqsədə nail olmuşuq. Çünki ictimai-siyasi legitimlik çox mühümdür. Dəfələrlə bildirmişik ki, tarixdəki birinci və ikinci Milli Şuradan fərqli olaraq budəfəki Milli Şura seçilmiş adamlardan təşkil olunmadığına görə siyasi-ictimai legitimlik çox mühümdür. Hazırda Milli Şuranın cəmiyyət tərəfindən necə qarşılanacağı çox mühümdür. Ilkin reaksiyalardan görünür ki, toplumun Milli Şuranın elan olunmasına münasibəti çox müsbətdir. Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidi reallaşdırmaq üçün xalqın dəstəyinə böyük ehtiyac var. Mənə elə gəlir ki, bu gün qarşıda duran ən mühüm vəzifə cəmiyyətin aktivləşdirilməsidir. Biz birinci addımı atmışıq. Əsas iş hələ bundan sonra başlayacaq. Biz xalqımızı təşkilatlandıra, xalqın bütün potensialını mobilizasiya edə bilməsək, bu amansız rejimə qarşı xalqın təşkilatlandırılmış müqavimətini qoya bilməsək, ölkədə seçki yolu ilə avtoritarizmdən demokratiyaya keçidi təmin edə bilməyəcəyik.
Ona görə vaxt itirmədən Milli Şura qarşısında duran vəzifələrin icrasına başlamalıdır. Zamanımız çox azdır.
“Milli Şuranın elan olunması gözləntiləri doğrultdu”
– Hakimiyyət Milli Şura elan olunandan sonra demokratik düşərgənin təmsilçilərinə qarşı təzyiqləri artırıb. Müsavat başqanı Isa Qəmbərin siyasi olmayan səfəri zamanı ona qarşı təxribat həyata keçirilib, tanınmış vəkil Aslan Ismayılova qarşı zorakılığa yol verilib. Seçki yaxınlaşdıqca bu cür tendensiyaların daha da artacağı gözlənilir. Baş verənləri necə qiymətləndirirsiz?
– Hakimiyyət düşünürdü ki, seçkiyə çox az müddət qalıb. Yəqin ki, bu müddət ərzində müxalifət toparlana və bu iyirmi il ərzində olduğu kimi bir araya gələrək, geniş koalisiya yarada bilməyəcək. Milli Şuranın elan olunması təkcə hakimiyyət üçün deyil, cəmiyyətimiz üçün də gözləntilərin üstündə bir hadisə oldu. Heç şübhəsiz, hakimiyyətin gözləmədiyi halda Milli Şura elan olundu. Çünki mayın 28-də səhər tezdən Milli Şuranın elan olunmasının gözlənildiyi halda, bu baş vermədi. Artıq hakimiyyət düşərgəsində Milli Şuranın baş tutmadığı ilə bağlı sevindirici şərhlərə başlamışdılar. Ona görə Milli Şuranın elan olunması hakimiyyəti qəzəbləndirib. Çünki hakimiyyətin ən çox qorxduğu hadisələrdən biri baş verdi. Demokratik qüvvələr, siyasi müxalifət bir araya gəldi. Hakimiyyətin qorxduğu ikinci ən mühüm hadisə narazı, geniş xalq kütlələrinin siyasi müxlifətlə bir araya gəlməsidir. Hakimiyyət hazırda bu qorxunu yaşayır. Çünki artıq birinci mərhələ – siyasi müxalifətin bir araya gəlməsi prosesi başa çatıb. Hakimiyyət demokratik düşərgədən ikinci zərbəni gözləyir. Bu da geniş xalq kütlələrinin müxalifətə dəstəyidir. Hakimiyyətin bu qəzəbi, repressiv tədbirləri də bu qorxudan irəli gəlir.
Ona görə hakimiyyət əlindən gələni edəcək ki, hadisələrə total nəzarəti, qorxu mühitini saxlaya bilsin.
– Milli Şuranın demokratik düşərgənin geniş spektorunu əhatə etməsi əslində onu göstərmirmi ki, artıq hamı Azərbaycanda durumun acınacaqlı olduğunu anlayaraq, demokratik islahatların zəruri olduğunu düşünür?
– Milli Şuranın belə geniş spektrı əhatə etməsinin səbəbləri çoxdur. Amma mən ən mühüm iki səbəbi vurğulamaq istərdim. Birinci məqam ölkə və onun ətrafında yaranmış vəziyyətdir. Ictimai fikirdə belə düşüncə hakim kəsilib ki, Azərbaycanın gələcəyini düşünən bütün qüvvələr bir araya gəlməlidir. Ikinci məqam isə odur ki, hər bir siyasii qüvvə dərk etdi ki, ayrı-ayrılıqda bu rejimi dəyişmək mümkün deyil.
Bir tərəfdən ictimai basqı, digər tərəfdən də siyasi təşkilatların ayrılıqda bu rejimi dəyişməyin qeyri-mümkünlüyünü dərk etməsi Milli Şuranın yaranmasına gətirib çıxardı.
“Avtoritar rejimlər bir-birinin ardınca gedir”
– Hakimiyyətin ittihamlarından biri də Milli Şuraya qarşı hakimiyyətin Rusiyanın bir layihəsi olmasıyla bağlıdır. Hətta belə bir ittihamlar da səslənir ki, Rusiya Qərblə razılaşaraq Azərbaycanda inqilab həyata keçirmək istəyir. Və maraqlısı budur ki, bu təbliğatı bəzən hakimiyyətyönlü mətbuatla yanaşı bir sıra müxalifət qəzetləri də aparır…
– Rusiya faktoruna geniş şərhlər verilib. Milli Şuranın tərkibi elan olunanda görünəcək ki, təşkilatın tərkibinə 20 ildən artıq Azərbaycanda demokratiyanın qurulması uğrunda mübarizə aparan qüvvələr daxildir. Ona görə bu, havadan asılı qalan ittihamdır. Hakimiyyət gah deyir ki, demokratik qüvvələrə ABŞ dəstək verir. Indi də deyir ki, müxalifəti Rusiya dəstəkləyir. O zaman bu məntiqdən belə çıxır ki, dünyanın fövqəldövləti və bir də böyük bir regional gücü Azərbaycan hakimiyyətini devirmək istəyir. O zaman gərək hakimiyyət etiraf etsin ki, onun bütün xarici siyasəti iflasa uğrayıb. Təkcə Azərbaycan xalqı deyil, Azərbaycanda maraqları olan xarici dövlətlər də rejimin dəyişməsini istəyirlər. Bu artıq hakimiyyətin başını itirməsinin və hakimiyyətin xarici siyasətinin böhran keçirməsinin nəticəsidir. Azərbaycan daxilində və ətrafında baş verən hadisələrin inkişafı onu göstərir ki, avtoritar rejimin resursları tükənib.
– Hakimiyyət təmsilçilərinin son zamanlar müxtəlif ölkələrə səfərləri müşahidə edilir. Səfərlər həm Qərbə, həm də Rusiyaya reallaşdırılır. Bu səfərləri necə qiymətləndirmək olar və bu addımlarda məqsəd nədir?
– Rejim bütün resurslarından istifadə edərək, siyasi, diplomatik, təşkilati, xüsusilə də maliyyə imkanlarını işə salaraq ömrünü uzatmağa çalışacaqdır. Bu məqsədlə xaricdəki lobbi təşkilatlarından, siyasətçilərdən, jurnalistlərdən sona qədər istifadə edəcəkdir. Ölkə daxilində də bütün güc strukturlarından sona qədər istifadə olunmasına çalışılacaqdır. Bütün simtomlar hakimiyyətin resurslarının tükəndiyinə işarə vurur. Artıq Azərbaycan xalqının inkişaf istəyi, dünyada baş verən proseslər bir an öncə avtoritar hakimiyyətə son qoyaraq demokratiyaya keçidi tələb edir.
– Bir çox yerli və xarici ekspertlər vurğulayırdılar ki, demokartik qüvvələrin bir araya gəlməsi beynəlxalq birliyin Azərbaycanda demokratiya və insan haqlarının müdafiəsi məsələsində daha ardıcıl, prinsipial mövqe sərgiləməsinə səbəb olacaq. Artıq demokratik qüvvələr bir aradadır. Bundan sonra beynəlxalq aləmin mövqeyində hansı dəyişiklikləri müşahidə edə bilərik?
– Mən birmənalı olaraq Azərbaycana beynəlxalq diqqətin bundan sonra daha da artacağını düşünürəm. Bunun artıq ilkin əlamətləri var. Beynəlxalq təşkilatlardan Milli Şuraya hələ yaranma öncəsi kəskin diqqətin artdığı müşahidə olunurdu. Iyunun 11-də Avropa Şurasının həmməruzəçiləri Bakıya gəlirlər və onlar Milli Şura hələ təsis olunmamış həmin təşkilata daxil olan siyasi liderlərlə görüşmək istədiklərini bildirirlər. Bu da Qərbin Azərbaycana artan diqqətini göstərir və heç şübhəsiz, Milli Şura fəaliyyətə başlayandan, xüsusilə də, xalq dəstəyini aldıqdan sonra beynəlxalq dəstək, diqqət ən yüksək səviyyəyə qalxacaqdır.
“Vahid namizəd məsələsində xüsusi bir problem olmayacaq”
– Hakimiyyətin hazırkı addımları göstərir ki, onlar normal seçki keçirməkdə maraqlı deyillər. Belə olan halda Milli Şura cəmiyyətin tələblərini reallaşdırmaq üçün hansı addımları atmaq niyyətindədir?
– Təbii ki, Milli Şuraya daxil olan siyasi qüvvələrin, ziyalıların əsas müzakirə edəcəyi mühüm məsələlərdən biri də məhz budur. Amma artıq ümumiləşmiş bir fikir var ki, Milli Şuranın kompleks şəkildə həm ölkə daxilində, həm də ölkə xaricində fəaliyyət planı olmalıdır. Vaxt itirmədən siyasi, diplomatik, informasiya, xarici əlaqələr sahələrində vaxt itirmədən işə başlamaq lazımdır.
– Gündəmdə olan suallardan biri də Milli Şuranın seçkiyə vahid namizədlə qatılmaq ehtimalları ilə bağlıdır. Bəlkə də bu sualı vermək üçün hələ tezdir. Amma hər bir halda vahid namizədlə seçkidə iştirak ehtimalı nə dərəcədədir?
– Mən sizin jurnalist marağınızı anlayıram. Cəmiyyətdə də artıq bu suallar daha tez-tez verilir. Cəmiyyət də Milli Şuranın vahid platforma, vahid komanda, eyni zamanda da vahid namizədlə seçkidə iştirakını istəyir. Gec olsa belə, demokratik qüvvələr cəmiyyətin Milli Şura ilə bağlı istəklərini müsbət qarşıladıqları kimi, vahid namizəd məsələsində də xüsusi bir problem olmayacaq. Milli Şuranın seçkilərdə vahid namizədlə iştirakına optimist baxıram.
Xəyal Şahinoğlu