Quldur ataların övladlarına SEVGI cəzası…

Iki-üç gün öncə, təsadüfən, yaxınlıqda olan dükanda satıcı ilə bir gənc xanımın mübahisəsinin şahidi oldum. Qız, əlini ərzaq düzülən rəflərinin üstünə vurub deyirdi: “Sizə neçə dəfə demişəm Avroranın oğlanlarına deyin ki, özlərini yığışdırsınlar, bura bizimdir”. Satıcı əsəbi halda “axı Avroranın oğlanları deyir ki, Azərsunun qızları özünü yığışdırsın” deyəndə, sözün düzü, elə bildim məhəlləyə Avrora əmi, Azərsun dayı adında yeni qonşular gəlib, mənim isə xəbərim yoxdur.

Mübahisə, gərginlik get-gedə böyüyürdü:  qız hirslə əlini çay qutularının üstündə fırladıb “axı bu yer bizimdir!” deyəndə, elə bildim televiziyada hava haqqında məlumat verən xanım əlini Kür çayının üstündə fırladıb “bir azdan burda daşqın olacaq!” dedi. Bu zaman içəri eyni boyda, eyni çəkidə, eyni geyimdə olan üç “açkılı” oğlan daxil oldu. Hər üçü eyni vaxtda eynəklərini qaldırıb alınlarına qoydular. Bütün hərəkətləri bir-birinə bənzəyən üç gəncin ağ köynəklərinin yaxasına mavi sapla qəşəng-qəşəng “Avrora” yazılmışdı. Gələnlərin Avrora əminin oğlanları olduğunu anladım…

Zarafat bir yana, yəqin çoxu bilir ki, dükanlara mal paylayan firmaların hər mağazada ona aid olan küncü, rəfi, soyuducusu  və şirkətin “cehizləri”ni rəflərə düzən əməkdaşları var. Hər firma rəflərlərdə öz “sərhəd”ni nişanlayıb, bayrağını asıb. Bəlkə də ölkələrarası sərhədlərdə çaşmaq, sərhədi keçmək mümkündür, cəza, cərimə elə də dəhşətli verilməz, amma dükanda qəti olmaz, qan düşə bilər. Məsələn, “Avrora”nın bir noxud bankası dumanlı havada çaşıb “Azərsun”un “ərazisi”nə daxil olsa, Azərsun dayının qızları Avrora əminin oğlanlarına “özünüzü yığışdırın, yoxsa biz sizi yığışdırarıq!” ultimatumunu verəcəklər. 

Köşəyə, “Veysəloğlu” cənablarının, “ROSEN”, “Jalə”, “Çiko”, “Coca Cola” əlahəzrətlərinin və ölkədə meydan sulayan digər firmaların incikliklərini, narazılıqlarını, qanun-qaydalarını daxil etsəm, şirkət əməkdaşlarının dükanlarda yer, rəf, soyuducu üstündə dünya savaşı vəziyyətində olduqlarını bilərik.

Əcəba, ölkədə fəaliyyət göstərən təkcə dükanlar bu vəziyyətdədir? Əlbəttə ki, yox! Başıbəlalı məmləkətdə şəhərlər, rayonlar, kəndlər, adamlar, heyvanlar, çaylar, göllər… qoçu məmurlar arasında son nöqtəsinə, körpəsinə, kilkəsinə kimi bölünüb. Artıq adamları ata-analarına, soyadlarına, nəsil-nəcabətlərinə görə yox, ərazilərinə, rəhbərlərinə görə tanıyırlar, dəyər verirlər. Məsələn, mən məmurların nəzərində Ağacan kişinin qızı deyiləm, Allah bilir hansı “çinovnik otes”in “atılmış övladlar”ı siyahısındayam, balansına aidəm. Köçəri həyat tərzi keçirdiyimə görə, vicdansız “ata”mın dəqiq kim olduğunu bilmirəm. 

Onu da qeyd edim ki, ölkədə meydan sulayan qoçu ataların hamısı bir-birinin tayıdır: açgöz, görməmiş, savadsız, eybəcər. Elə gülməşəkər övladları da bir-birinə bənzəyir: harın, lovğa, zövqsüz, özündənrazı, bacarıqsız, zıqqıltı, eqoist. Quldur atalar gerizəkalı övladlarının üstünə nə qədər maya qoysalar da onları nəinki adamlar cərgəsinə, heç quldurlar dəstəsinə də qoşa bilmirlər. Böyük dərddir! Uşaq obyekt deyil ki, xoşuna gəlmədi sökəsən, əvəzində yenisini tikəsən. Hər bir uşağın gələcək taleyi mayalandığı andan və doqquz ay ana bətnindəki qidasından asılıdır. Xalqdan oğurlanan para hesabına salınan yataqda mayalanan, anası yerikləyəndə kasıbların bağ-bostanından oğurlanan mer-meyvə, haram yeməklərlə doqquz ay bəslənən uşağa Aristotel dərs desə də heç vaxt Böyük Isgəndər ola bilməz. Görkəmli, tarixi şəxsiyyət olmaqları bir yana, onlardan heç adi adam da olmaz. Yazıq uşaqlar! Onlar ömür boyu sevgisizlikdən əzab çəkəcəklər.

Cavabsız sevgidən yanıb-töküləni FHN-nin bütün yanğınsöndürən maşınları, ölkənin anbarlarındakı sular da söndürə bilməz. Bir mehriban təbəssüm görmək, səmimi, ürəkdən gələn xoş söz eşitmək üçün atalarının yüksək vəzifəsi, var-dövləti, milyonları da onlara kömək olmayacaq. Allah onları SEVGI ilə cəzalandıracaq: sevəcəklər, amma heç vaxt sevilməyəcəklər. Sevdikləri onların saymadıqları, bəyənmədikləri, dodaq büzüb keçdikləri sadə, azad, səmimi, gözəl ürək sahibi olanları sevəcək, onlar üçün rəqs edəcək, mahnı, şeir oxuyacaq… 

P.S. Bir neçə ay əvvəl Qəbələdə maaşının azlığına və iş saatının çox olmasına etiraz edən fəhlənin sözlərinə  Camal Əli gözəl bir mahnı bəstələyib. Başqalarına pulla mahnı yazdırıb, guya möhtəşəm əsərlər yaratdıqlarını düşünən, ?dahi? bəstəkar olduqları ilə fəxr edən  məmurların xəstə övladları həmin mahnını dinləsələr yaxşı olar. O möhtəşəm mahnı dünyada cavabsız sevgidən də daha böyük dərdlərin, zülmlərin olduğunu hiss etdirir, sevgi əzabını unutdurur. Toxluqdan özlərini yığışdıra bilməyən məmurlar, camaat acdır! Elə acdırlar ki, artıq aclıq mahnıları oxuyurlar:

Biz acıq qardaş, olmaz!

Bəsdi, bunu yığışdır!

Adam kimi xahiş edirəm

Məmurları yığışdır.

Mən onnan xahiş edirəm adam kimi yığışdırsın,

Yoxsa bunu biz özümüz yığışdıracayıq.

Xalq sənə söykənir, sən quldurlara, olmaz!

Bəsdi desin, bəsdi a kişi bəsdi.

Ey prezident, ey bizim başımıza Allah tərəfindən

Göndərilmiş adam, bəsdi, bəsdi səni Allah seçib, özünüzü yığışdırın…