Leyla Yunus: «Hakimiyyət bütün sərhədləri aşıb»
“REAL” hərəkatının həbsdə olan lideri Ilqar Məmmədovun “kars”a salınması haqda məlumat vermişdik. Dünənsə Ilqar Məmmədovun vəkili Xalid Bağırov ona yemək verilməməsi haqda məlumat verib:
“Indicə aldığım məlumata əsasən Ilgar Məmmədovun vəziyyəti gərginləşib. Ona artıq üç gündür yemək verilmir. Yeməklərimiz geri qaytarılır. Əksər beynəlxalq təşkilatlar və ölkədəki xarici missiyalar bu durumla bağlı məlumatlandırılıb. Onlar vəziyyəti nəzarətdə saxlayacıqlarını bildiriblər”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Azadlıq” radiosuna söyləyib ki, Ilqar Məmmədovun ac saxlanması haqda deyilənləri bazar günü olduğundan iyunun 3-də araşdırıb məlumat verəcək.ÿ
Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, bu olanlar iqtidarın bütün sərhədləri aşmasını göstərir: “Avropa Şurasının komissarı Ilqar Məmmədovla şəxsən görüşmüşdü və kəskin bəyanat vermişdi. Avropa Ittifaqının nümayəndəsi Rolan Kobia da Ilqar Məmmədovla görüşmüşdü. Hakimiyyət bu cür addımlar atmaqla ya beynəlxalq təşkilatları saymadığını göstərir, ya da beynəlxalq nümayəndələri ələ alacağına inanır”.
Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri Ilqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də Ismayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.
Ilham Hüseyn