Azərbaycan hakimiyyəti çətin durumda

Təkidli demokratiya mesajları Əliyevə nə vəd edir?

Nurəddin Məmmədli: «Beynəlxalq aləmin hakimiyyəti ifşa etməsi, həm də öz imiclərini qorumaq üçündür»

Bu ilin əvvəlindən başlayaraq, beynəlxalq aləmin demokratiya və insan haqları məsələsində Azərbaycan hakimiyyətinə təzyiqləri artırdığı aşkar görünür. ABŞ dövlət katibinin müavini Tomas Melia seçkilərin şəffaf və ədalətli keçirilməsi barədə Azərbaycan hökumətinə açıq mesajlar verdi, Amerika ilə münasibətlərdə əsas prioritetin demokratiya və insan haqları olduğunu hakimiyyətin diqqətinə çatdırdı.
Avropa Ittifaqının genişlənmə siyasəti üzrə komissarı Ştefan Füle də Bakı səfərində şəffaf seçki, insan haqları, azad mətbuatın vacibliyindən danışdı, Azərbaycanda demokratiyanın vəziyyətdən narahatlığını ifadə etdi.
Ardınca Fransanın Azərbaycandakı səfiri Paskal Mounier, ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi, “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatının icraçı direktoru Devid Kramer müsahibələrində ölkədə vəziyyətin ağırlaşmasından danışmış, hakimiyyətin gənclərə qarşı repressiv addımlarını pisləşmişdi.
Bugünlərdə Avropa Ittifaqının Azərbaycandakı səfiri Roland Kobia da bir daha bəyan edib ki, təmsil etdiyi qurum Azərbaycanda şəffaf və ədalətli seçki istəyir: “Biz seçkilərə müşahidə missiyası göndərməyə və monitorinq üçün bütün ehtiyatlardan istifadə etməyə hazırıq”.
Bütün bu sadaladıqlarımız deməyə əsas verir ki, hakimiyyətin dünyanın beyin mərkəzlərinə göndərdiyi strateqlər lazımi nəticəni əldə edə bilmir. Bakıya dəvət olunan Avropa və ABŞ nümayəndə heyətləri isə “hakimiyyətin çaldığı havaya oynamaq” istəmir.
Və istədiyini əldə edə bilmədiyi üçün təlaş keçirən hakimiyyət daxildə repressiyalara əl atır, ölkədə qorxu mühiti yaratmağa çalışır.
AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, dünyanın diplomatik dairələrinin, demokratik ölkələrin Azərbaycan hakimiyyətilə mübarizəsi həm də özlərinin nüfuzlarını qorumaq üçündür: “Azərbaycan hakimiyyəti imzaladığı beynəlxalq konvensiyalara, götürdüyü öhdəliklərə üsyankarcasına əməl eləmir. Qərb diplomatları ilə danışıqlarda yalvarışlar edirlər, tez bir zamanda islahatlar aparacaqlarına söz verirlər, ancaq bir müddət keçəndən sonra əvvəlki qaydada idarəçiliyi davam etdirirlər. Buna görə də beynəlxalq aləm Azərbaycan hakimiyyətini kəskin tənqid etməklə, həm də öz dəyərlərinə qarşı hörmətsizliyə etiraz edir”.
Nurəddin Məmmədli onu da əlavə edir ki, Qərb dünyası Azərbaycan xalqına kömək etmək istiqamətində mümkün addımları atıb. Onun sözlərinə görə, “WikiLeaks” saytının yaydığı məlumatlar, offşor zonalarla bağlı araşdırmalar, beynəlxalq hesabatlar, dünya siyasətinə təsir edə bilən nüfuzlu media orqanlarında davamlı olaraq hakimiyyətin ifşası bu istiqamətdə atılan mühüm addımlardır.

Ilham Hüseyn