Eldar Quliyev və Qotfrid Leybnis

Dahi alman filosofu, riyaziyyatçısı, tarixçisi və diplomatı Vilhelm Qotfrid Leybnislə Azərbaycanda kimin məşğul olması ilə bağlı axtarış verdikdə Eldar Quliyev adlı bir şəxsin adı çıxdı. Bilirsiniz hansı Eldar Quliyevin? Azərittifaqın Idarə Heyətinin sədri, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədr müavini, öz əmri ilə özünü Kooperasiya Universitetinə rektor təyin edən Eldar Quliyev. 

Sən demə, Millət vəkili Eldar Quliyev “Avropanın fəxri alimi” diplomu və “V.Q.Leybnis” medalı ilə təltif edilib.  Diplom və medal ona Berlində “Intercontinental” hotelin konfrans salonunda keçirilən təntənəli mərasimdə Avropa Təbiət Elmləri Akademiyası (ATEA) tərəfindən təqdim olunub. 

ATEA-nın prezidenti, akademik V.G.Tıminski (milliyyətcə rusdur) Eldar Quliyevin elmi araşdırmaları və onun Avropa Universitetləri və akademiyaları ilə sıx əməkdaşlığından söz açıb. Hər iki mükafatı təqdim edən Akademiya prezidenti E.Quliyevin Avropanın bir sıra ölkələrində çap olunmuş elmi məqalələrinin əhəmiyyətini xüsusi qeyd edib.

“Avropanın fəxri alimi” diplomu və “V.Q.Leybnis” medalı elmi tədqiqatların təşkilatçılarına, geniş ictimaiyyətin elmi tədqiqatların nəticələri ilə məlumatlandırılmasında xidməti olanlara və böyük elmi nəticələr əldə etmiş Avropanın məşhur alimlərinə verilir. 

Deyəsən, almanlar da artıq elmdən üz döndərməyə başlayıblar. Sadalanan kriteriyalardan heç biri bizim hörmətli Eldar müəllimdə yoxdur. Istəyirsiniz onun bioqrafiyasına baxın:  Eldar Quliyev 58 yaşında iqtisadiyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Iki dərs vəsaitinin, 20-dən artıq monoqrafiya və elmi məqalənin müəllifidir. Indi isə Eldar müəllimin 62 yaşı var. 5-6 ilə 20 monoqrafiya yazan adama Lebnis medalı verməkdən əvvəl onun adını Ginnesin “Rekordlar” kitabına salmaq lazım idi. Məncə, Abel Məhərrəmovun və Eldar Quliyevin yaradıcılıqlarından sonra monoqrafiya anlayışına yeni məzmun vermək lazımdır. Maraqlıdır, adını elm adamı qoyan Eldar müəllim nədən gənc yaşlarında aspiranturanı oxuyub, amma dissertasiya müdafiə edə bilməyib? (Yəqin ki, Avropa Təbiət Elmləri Akademiyası bunu da nəzərə alıb). Nədən hörmətli deputatımız 28 ildən sonra dissertasiya müdafiə etmək həvəsinə düşüb və birdən-birə elm adamı olub? Bəlkə almanları bu mükafatı ona verməyə vadar edən elə bu faktordur? 

Eldar müəllimin alimlik eşqinə düşməsinin bircə səbəbi olub. Kooperasiya Universitetini ələ keçirmək. O, elmə gəldikdən dərhal sonra Ictimai Mülkiyyət olan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya kollecini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir qərarla özəlləşdirməklə özünü universitetə rektor, qardaşı qızını isə kollecə direktor təyin edib. Əgər Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya kollecini özəlləşdirmək zəruri idisə, onda koollektivlər niyə qıraqda qalıb? Bəs onların payı kimə çatdı? Belə dərəbəylik harda görünüb? Yəqin ki, onun bu əməlləri də “Leybnis” mükafatının verilməsində nəzərə alınıb. 

“Leybnis” mükafatınını təqdimat mərasimində çıxış edənlər Almaniya-Azərbaycan elmi əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətindən də danışıblar. Görün, bizim almanlarla elmi əlaqələrimiz hansı səviyyədədir? Gorun çatlasın, ay Leybnis.

Maraqlıdır, Eldar müəllim “Şöhrət” ordeni aldıqdan sonra Kooperasiya Universitetini, 3 qat Azərbaycan deputatı olduqdan sonra “Türk dünyasında ilin millət vəkili” mükafatını,  elm adamı olandan sonra isə Leybnis ordenini ələ keçirib. Görünür ki, davamı yenə olacaq. Çünki burası Azərbaycandır.

Vikipediyada Eldar Quliyevin qarşısında mötərizədə professor sözü yazılıb. Bu mötərizədə yazılan söz heç Albert Eynşteynin də adının qarşısında yoxdur. Çünki Albert müəllim elmə 58 yaşında gəlməyib axı… 

Elə burada elm adamı olmaqla yanaşı həm də gözəl şair olan Eldar Quliyevin “Mənim illərim” şeirindən bir misrası yadıma düşdü:  

Güzgüyə baxmışam dünən səhərdən

Alnım qırışlanıb, saçım ağarıb

Yaşım da artaraq hər ildən ilə

Bir daha qayıtmaz keçmiş illərim.

Qocalmayın, Eldar müəllim, qocalmayın, hələ sizi neçə-neçə yerli və Beynəlxalq təltiflər gözləyir… Apardığınız islahtlara görə isə yaxın vaxtlarda universitetinizin adı Harvard, Oksford və Yell kimi universitetlər ilə bir sırada çəkiləcək. Qocalmayın… 

Etibar Əliyev