“Hakimiyyət bilsəydi Milli Şura üçün narkotika plantasiyası əkərdi”

“Sinəsində Rusiyanın dostluq ordenini gəzdirənlər necə oldu ki, bir anda öz əleyhdarlarının dəstəyini Rusiyada tapdılar?”

Cəmil Həsənli: “Rüstəm İbrahimbəyov ilin bir hissəsini Rusiyada yox, Braziliyada yaşasaydı, Milli Şuraya Braziliya projesi kimi baxacaqdılar?”

Milli Şura ilə bağlı “Azadlıq” qəzetinin suallarına Ziyalılar Forumu Koordinasiya Şurasının üzvü, tarixçi-alim Cəmil Həsənli cavab verir.

– Cəmil müəllim Milli Şuranın yaranması ilə bağlı hökumətin narahatçılığı nə ilə bağlıdır?
– Bilirsiniz, hakimiyyət bütün variantlarda demokratik qüvvələrin Milli Şurasının yaranmasını real hesab etmirdi və ya onun daha çox “ölü doğulacağına” ümid bəsləyirdi. Lakin belə olmadı, Milli Şura sağlam ideya zəminində cəmiyyətin ictimai sifarişi kimi doğuldu. Hakimiyyət əlində olan bütün vasitələrlə Milli Şura ideyasını dar bir çərçivəyə yönəldir, müxalif qüvvələrin birləşməsinin qeyri-mümkün olduğunu vurğulayır, demokratik qüvvələrin geniş koalisiyasının uğursuz olacağını təbliğ edirdi. Göründüyü kimi hakimiyyətin arzu və istəkləri özünü doğrultmadı, ehtimalları düz çıxmadı. Çünki onlar real həyat həqiqətlərinin təhlilindən deyil, doqmatik yanaşmadan, çürük və bəsit düşüncədən  qaynaqlanırdı.

– Belə yanlış yanaşmanın başlıca səbəbi nədən irəli gəlirdi?
– Hakimiyyət polittexnoloqları  hər şeyi zaman-zaman əzdikləri müxalifət üzərində qurmuşdu. Lakin Milli Şura onların gözlədiklərinin əksi olaraq yalnız rəsmi müxalifət partiyalarının bazasında deyil, müxalif düşüncənin geniş sosial bazasında yarandı. Hakimiyyətin narahatçılığının mənbəyini də məhz burada axtarmaq lazımdır. Son 20 ildə ilk dəfə olaraq ziyalı elitası özünün ən tanınmış nümayəndəsi Rüstəm İbrahimbəyovun simasında demokratik dəyişiklər istəyən cəmiyyətin önünə çıxdı və MŞ yaradılması ideyası Ziyalı Forumu tərəfindən güclü dəstək aldı. Son 20 ildə Azərbaycan gənclərinin dəyişiklik istəyi hələ heç  vaxt belə mütəşəkkil formada ortada olmamışdı. Son 20 ildə ilk dəfə olaraq müxalif düşərgədə təmsil olunan siyasi partiyalar milli maraqları firqə maraqlarından üstün tutmaq səviyyəsinə yüksələ bildilər. Son 20 ildə inanclı insanlar demokratik düşərgəyə heç vaxt indiki qədər yaxın olmamışdı. Yaşadığımız günlərdə hakimiyyətin “narkotika” ittihamı ilə təhqir etdiyi  islam etiqadlılarının vətən, millət və din təssübkeşliyinin ictimai vəhdəti formalaşmaqdadır. Güman etmək olar ki, intellektual potensialı ilə seçilən REAL hərəkatı da Milli Şurada təmsil olunacaq. Sözün tam mənasında Lalə xanım, İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev, Eldar Namazov, Mirmahmud Mirəlioğlu və prosesdə iştirak edən hər kəs yetkinlik səviyyəsini ortaya qoydu.  Niyə? Çünki ortada hər kəsin inam və etimadla yanaşdığı Rüstəm İbrahimbəyov var. O, birləşdirici fiqurdur, bəlkə özü də bilmədən çağdaş Azərbaycan tarixinin canlı yaradıcısı rolunda çıxış edir. Bu böyük missiyadır və o, tükənməz bir enerji, dönməz bir iradə, çoxlarının həsəd apardığı şərəf və ləyaqətlə bu missiyanı irəli aparır, vətən xalq, millət qarşısında  öz vicdan borcunu yerinə yetirir.

– Axı hakimiyyət rəsmiləri və onların təbliğatçıları Rüstəm İbrahimbəyovun tək, sizlərin az olduğunuza istinadən guya ziyalıları təmsil etmədiyinizi bildirir?
– Biz heç bu fikirdə də deyilik. Biz özümüzü təmsil edirik. Bilirsiniz, ziyalı məsələsi bir az həssas məsələdir və hakimiyyətin səhvi ondadır ki, onlar bu məsələyə kəmiyyət meyarından yanaşırlar. Halbuki, cəmiyyətdə ziyalının rolu onların sayı ilə deyil, sanbalı ilə müəyyən edilir. Kəmiyyət ölçüsü burada qüsurlu yanaşmadır, mühüm olan keyfiyyət göstəricisidir.  Bir dəfə SSRİ Yazıçılar İttifaqı hesabat verirdi və Sovet quruluşunun çar Rusiyasında üstünlüklərin göstərmək üçün hesabatda göstərilirdi ki, vaxtilə Tula quberniyasında cəmisi bir yazıçı var idi, indi isə onların sayı dörd yüzdən çoxdur. Amma axı o, bir yazıçı Lev Tolstoy idi. Ona görə də, Rüstəmin tək olması haqqında mülahizələr ancaq hakimiyyət yetkililərinin özlərinə təskinlik vermək xarakteri daşıyır. Ötən hər gün bu tək adamı Azərbaycan ictimai fikrinin, ziyalı mühitinin, demokratiya arzusunda olan müxalifət düşərgəsinin, dəyişiklik  axtarışında olan yüz minlərcə gənclərin dayaq nöqtəsinə çevirir. Göründüyü kimi, təklik burada şərti məzmuna malikdir, mahiyyət deyil, yaxınlaşan “təhlükənin” asan yozum formasıdır. Ramiz Rövşənə yüz şairdən biri kimi baxmaq sadəcə sözün ictimai gücünə nadan münasibətin, onun insanın ruhunu silkələyən şerlərinin yüz minləri, milyonları səfərbər etmək imkanlarını anlamamağın ağrılı ifadəsidir. Axı Ramizin ictimai məzmuna malik hər kəlməsindən milli dərd asılan poetik nümunələri bizim tək coğrafi sərhədlərimizi deyil, düşüncələrimizin hüdudlarını da çoxdan yarıb keçib. Azərbaycanın Cənubunda və Şimalında yüz minlərlə gənc onun şeirlərini əzbər bilir, onun sözünün arxasındadır. Sözün, qələmin ictimai çəkisi, mənəvi gücü bundadır, YAP-a yazılan mənasız “poeziya çələngində”, Ramiz Mehdiyevin Popper təliminə soykənən məzmunsuz məqalələrinə yazılan mədhiyyələrdə deyil. 

– Milli Şuranın arxasında Rusiya izi axtarışı indi az qala “ümummilli” xarakter alsın. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bunun rəsmi anonsunu verdi. O, hətta bildirdi ki, “bu gün milli qüvvə YAP-dır”. Belə səfərbərlik nə ilə bağlıdır?
– Bilirsiniz, Əli Həsənov təəssüf ki, YAP-ı dəyərləndirən yeganə rəsmi şəxs deyil. Axı, vaxtı ilə partiyanı yaradanlardan, uzun müddət onun rəhbərliyində təmsil olunanlardan bir kimi Sirus Təbrizlinin də dəyərləndirməsi var. Proseslərə bələd olan hər kəs yaxşı bilir ki, Yeni Azərbaycan Partiyasının mahiyyətini, fəliyyətini və milli olub-olmamasını qiymətləndirmək baxımından Sirus Təbrizli daha böyük mənəvi haqqa malikdir. O, müxalifəti xalqın hissləri ilə alış-veriş etməkdə ittiham edir. Görünür uzun illərdir xalqın maddi sərvətləri ilə alış-veriş edən hakimiyyət, indi ictimai əsaslarla xalqın hisslərinə toxunmağı da müxalifətə çox görür. YAP-ın milli qüvvə olması haqqında irəli sürülən nəzəri müddəalar  hər şeydən əvvəl Milli Şuranın real güc mərkəzinə çevrilmə prosesinin doğurduğu psixoloji şokun ilkin simptomlarıdır. Gərgin mübarizə mərhələsi isə qarşıdadır. İndi sadəcə olaraq Milli Şuraya yapışacaq suç tapmaqda zaman darlığı var. Hakimiyyət bu ideyanın uğurlu olacağını bilsəydi zamanında onun üçün narkotika plantasiyası əkərdi. İndi gecdir. Ona görə, bu birliyi qaralamaq üçün hazır ittihamlara – indiki anda isə Rusiya izinə üstünlük verilir. Əlbəttə, burada əsas dəlil, heç şübhəsiz ki, Milli Şura ideyasının müəllifi olan Rüstəmin bəyin həyatının bir hissəsinin Rusiya ilə bağlı olmasıdır. Qəribə yanaşmadır, deyək ki, Rüstəm ilin bir hissəsini Rusiyada deyil, Braziliyada yaşasaydı, Milli Şuraya Braziliya projesi kimi baxacaqdılar? Bütün bunlar bəhanədir. Təəssüf doğuran odur ki, özünü milli düşərgədə bilən bəziləri ya bilərəkdən, ya da bilməyərəkdən hakimiyyət texnoloqlarının bu primitiv projesində iştirak edir. Milli Şura ölkənin içindən qaynaqlanır, onu kənarda axtarmaq lazım deyil. Onun milli zərurətə çevrilməsi ölkəmiz üçün təhlükəli həddə gəlib çıxmış korrupsiya, ümummilli xarakter almış rüşvət şəbəkəsi, ədalət hissinin cəmiyyətdə ərşə çəkilməsi, vətəndaşın hər addımda həqarətlə üzləşməsi, bir neçə işbazın yalnız ölkənin maddi sərvətlərini ələ keçirməklə kifayətlənməyim, millətin qursağından yağ çəkmək iştahasına düşməsində axtarmaq lazımdır. Mandat alveri ilə bazarlığı ortada olub, araşdırılmasına heç bir hüquqi ehtiyac duyulmayan, millətin malının mənimsənilməsi haqqında sənədli-sübutlu faktlar  dünya mətbuat orqanlarının səhifələrini bəzədiyi halda, REAL hərakatının lideri ölkənin ən vicdanlı, ən savadlı, ən intellektli siyasətçilərindən biri olan İlqar Məmmədov ehtimallar üzərində qurulan ittihamlarla yarğıya çəkilir, həbsə atılır, karserə salınır. Milli Şuranın zühuru qurama Rusiya izində deyil, məhz ölkəmizi bürüyün bu eybəcərliklərdədir. Milli Şura hakimiyyətin öz xalqına münasibətdə yeritdiyi soyğunçuluq, öz ölkəsinə münasibətdə yeritdiyi talançılıq siyasətinə etiraz kimi formalaşır. Burada Rusiya izi axtarmaq əvəzinə  20 ildə 20 metr vətən torpağının düşmən tapdağından azad edilə bilməməsinin səbəblərini axtarmaq lazımdır. Məhz, bunun izahatı verilməlidir ki, 20 faiz ərazisi düşmən əlinə keçmiş bir ölkənin hakim elitası niyə xirttəyinə qədər korrupsiyanın içindədir. Bunu da Rusiya edir. Sinəsində Rusiyanın dostluq ordenini gəzdirənlər, son 20 ilin bütün antidemokratik seçkilərində Rusiyadan müsbət rəy alanlar, hər il müxtəlif forum adı ilə 200-300 rusiya siyasisini, alimini, ziyalısını Bakıda qonaq edib ölkələrimizin dostluğunun əbədi və sarsılmaz olduğunda dəm vuranlar necə oldu ki, bir anda öz əleyhdarlarının dəstəyini Rusiyada tapdılar? Əlbəttə, bütün bunlar bir qurum olaraq Milli Şuraya, bir dövlət olaraq Rusiyaya qarşı yönəlmiş qurama ittihamlardır və bu ittihamlar öz fikir və məramına, vətəndaşlıq mövqeyinə, milli taleyimizdəki roluna görə hər kəsdən daha artıq azərbaycanlı olan Rüstəm İbrahimbəyova qarşı yönəlmişdir.

– Deməli bütün bunlar məqsədli şəkildə dövriyyəyə verilir…
– Əlbəttə. Bilirsiniz, Rusiyanın Azərbaycanda indiki hakimiyyətlə sıx əməkdaşlığı olub. Əgər, son vaxtlar Kremlin Azərbaycan hakimiyyətinə münasibətində soyuqluq hiss edilirsə, bunun yəqin ki, bizə məlum olmayan səbəbləri var və bunun bədəlini Milli Şura ödəməməlidir. Amma bütün hallarda Rusiyanın Bakıda hakimiyyət dəyişikliyinə rəvac verəcəyi reallıqdan daha çox piar qaydalarəna uyğun qurulub və  “müstəqilliyin müdafiəsi” adı altında xalqın anti-Rusiya “hislərinin coşdurulması”, ölkə içindəki narazılığın “vətənpərvərlik çuxası” ilə pərdələnməsi elə də ağıllı addım deyildir. Məsələ burasındadır, Milli Şurada təmsil olunan əsas güclər öz məqsəd və məramlarına, siyasi seçimlərinə, milli hədəflərinə görə daha çox azərbaycançıdırlar, nəinki Qərbçi, Rusiyaçı, İrançı və ya Mozanbikçi. Sadəcə olaraq Rusiya ilə hakimiyyətin münasibətləri qaydasında olmadığından bu suallar meydana çıxır və bu bağlantı da məhz, ölkələr arasında münasibətlərin indiki sərin durumundan  qaynaqlanır. 1937-ci ildə Sovet hökuməti öz vətəndaşların ona görə İngiltərə, Amerika, Fransa, Yaponiya, Türkiyə casusu kimi  tutmurdu ki, doğrudan da, onlar qeyd edilən xarici ölkələrə casusluq edirdilər. Bir qayda olaraq Stalinin hansı ölkə ilə münasibətləri gərginləşirdisə öz vətəndaşını da həmin ölkənin casusu kimi həbsə alırdı. Bu gün Milli Şuraya Rusiya damğası vurmaq bir növ 37 düşüncəsinin primitiv təzahürüdür, başqa şey deyil. 

– Bu halda hakimiyyətin xarici amili belə şişirtməsi nə ilə izah edilə bilər?
– Çünki hakimiyyətin özünün siyasi təcrübəsi var və bu təcrübə dediyimiz kimi daha çox xarici amil üzərində qurulub. Bir vaxtlar müxalifətin ünvanına səsləndirilən radikal, dağıdıcı, ekstrimist, reneqat və sair təşbehlər artıq işləmir. Daxili düşmən üçün arsenalda saxlanılan bütün mərmilər zaman-zaman müxalifətin ünvanına atılıb. Amma meydanda gerçək bir demokratiya davasına qalxmış müxalif düşüncənin geniş sosial bazası kimi xalq var, ortaya iradə qoyan və nə istədiyinin fərqində olan şüurlu bir gənclik var, sosial şəbəkələrdə sözün tam mənasında siyasi proseslərə stimul verən intellektual bir dairə formalaşıb. Nədə bu böyük qüvvəni ittiham edəsən? On illərdir ki, Azərbaycan hakimiyyəti öz xalqından başqa hər kəslə hesablaşıb, baxın 30-il, qırx il, 50 il öz əməyini və enerjisini cəmiyyətə vermiş insanların pensiyasına, müəllimin, həkimin, məmurun donluğuna, elm və mədəniyyət işçilərinin güzaranına. Neft pulları gəldikcə geniş əhali kütləsi daha da yoxsullaşır. Ona görə bu məsələlərdə Rusiya amili işləmir. Bununla belə, bu ittihamlara uyub Rusiyanın regionda mühüm rolunu  inkar da etmək olmaz və Şimal qonşumuzla normal münasibətlər siyasi, iqtisadi və mədəni həyatımızın zəruri bir tələbatıdır. Azərbaycan hakimiyyətinin yeritdiyi yarıtmaz sosial-iqtisadi siyasət nəticəsində 2 milyona yaxın vətəndaşımız iş, çörək və dolanışıq dalınca məhz bu ölkəyə üz tutmuşdur. Bundan əlavə, məhz bu iqtidar dövründə hakimiyyətin mənbəyin ölkə içindən onun xaricinə keçirilməsi prosesi baş vermişdir. Xalq hakimiyyətin mənbəyi olmaq funksiyasını itirdikcə saxta seçkilərin legitimliyi də xarici qüvvələrdən asılı vəziyyətə düşmüşdür. Azərbaycan xalqının hər manatına ehtiyacı olan milyonlarla vəsaitin dələduz lobbi  qruplarına xərclənməsi, yerli əhalinin yalnız dadını deyil, artıq çoxdan rəngini də unutduğu kürü ağırlaması, daha çox ekslərdən ibarət olan ayrı-ayrı işbazlara ayrılan yüksək qonorarlar, əhalisinin yarıya qədərinin yarı ac vəziyyətdə yaşadığı bir məmləkətdə xarici tərəfdaşlar üçün tez-tez təşkil olunan dəbdəbəli qəbullar, süni imic görüntüsünə xərclənən hüdudsuz vəsaitlər nəyə xidmət edir? Bəlkə bunları da Milli Şura hakimiyyətin legitimliyini xaricdə axtarmaq üçün  həyata keçirib? Qəribə burasıdır ki, indi hakimiyyət uşaq xortdanla qorxudulan kimi, əhalini bir vaxtlar özünün sığındığı Rusiya ilə qorxudur və bu müstəvidə repressiyalar aparacağının anonsunu verir.

– Cəmil müəllim son vaxtlar repressiyaların şiddətlənməsini yəqin siz də müşahidə edirsiniz. Tanınmış adamlar küçələrdən oğurlanır, siyasi aktivliyi olan gənclər müxtəlif qurama ittihamlarla həbsə alınır, islam etiqadçıları narkotika ittihamı ilə zindanlara salınır. Baş verənlər nəyin nəticəsidir?
– Bütün baş verənlər hakimiyyət uğrunda mübarizənin tərkib hissəsidir. Burada cinayət tərkibindən əsər-əlamət yoxdur. Söhbət cəmiyyəti qorxutmaqdan, çəkindirməkdən gedir. İlqar Məmmədovun, Tofiq Yaqublunun, onlardan əvvəl Nigar Yaqublunun həbsi, nidaçıların cəzalandırılması, tanınmış vəkil Aslan İsmayılovun rəsmi dövlət orqanında döyülməsi, İsgəndər Həmidovun hədələnməsi, keçmiş prokuror Əli Ömərovun telefon zəngi ilə təhdid edilməsi dövlətin öz vətəndaşa qarşı total bir savaş açmasından xəbər verir. İlqarla Tofiqin suçu olsa-olsa İsmayıllıda hadisə yerinə baxmaqdan ibarətdir. Nidaçılar bir vaxtlar PKK-nın döyüş arsenalında əsas vasitə hesab edilən “Molotov kokteylləri” hazırlamaqda, islam inanclı insanlar isə narkotik vasitələrdə ittiham edilir. Bunlar hüquqa zidd əməllərdən əlavə, həm də utanc gətirən ittihamlardır. İslama etiqad edən, müqəddəs yerlərdə imanını kamilləşdirən adamların cibinə, evinə, maşınına narkotik vasitələr atmaq yalnız bu şəxslərə qarşı haqsızlıq olmayıb, eyni zamanda inanc mənbəyi kimi İslam dininə təhqirdir. Buna yol verən adamlar öz əməllərinin doğura biləcəyi sosial nəticələri bilməlidirlər. Bu gün onlarla gənc saxta narkotik ittihamı ilə həbsdə yatır. Dövlətin öz intellektli gənclərini belə saxta ittihamlarla həbs etməsi ona olan inamı sarsıdır, ictimai fikirdə heroin dövləti yad fikirlilikdən “qorumağın” başlıca vasitəsinə çevrilir. Əlbəttə, narkotikanın yəqin ki, məstedici təsiri var, lakin ona uymaq, müstəqil dövlətimizi heroinlə “qorumaq” zərərli ənənədir. Latın Amerikasında bu yol özünü doğrultmadı, ondan uzaq durmaq məsləhədir.

Xəyal