İnsan nə vaxt faşist olmur?

Istanbulda minlərlə insan şəhərin mərkəzində ağacların kəsilib yerinə ticarət mərkəzi tikilməsinə etiraz olaraq meydanlardadır.

Suriyada Bəşər Əsədi öz xalqının haqq səsini dinləmədiyi, onun üstünə silahlarla getdiyi üçün qınayan, yerdən-yerə vuran, ona hər fürsətdə cəhənnəm odlarında yanacağı barədə xəbərdarlıq edən Ərdoğan özü xalqının səsini dinləmək zamanı gələndə Bəşər Əsəddən geri qalmır, xalqına qarşı gözyaşardıcı qaz, rezin güllələr, suvuran maşınlarla silahlanır.  

Nədir bunun adı: faciəmi, komediyamı? Bəlkə tragiokomediya?!

***

Əslində ağacların kəsilməsinə etiraz bir bəhanədir. 

Xalqın əsl qəzəbi, əsl üsyanı bu gün müsəlman ölkələri içərisində az-çox demokratik dəyərlərə sahib dünyəvi Türkiyə Cümhuriyyətini yıxaraq yerində dinçi rejim qurmaq çabalarınadır.

Gec də olsa, Atatürkün layiqlik, çağdaşlıq mirasına sahib çıxmaqdadır türk toplumu.

Mən bu sətirləri yazarkən Istanbulda etirazlar, toqquşmalar davam edir, dalğa-dalğa Türkiyənin digər şəhərlərinə yayılırdı. 

Və nə acıdır ki, ölkədə artıq xarici mətbuatın “Türk baharı” adı qoyduğu bu olaylar baş verərkən Türkiyə telekanalları “üç meymun”u oynayırdılar: görmürdülər, eşitmirdilər, danışmırdılar.

NTV, CNN Türk, Habertürk, SKY Türk kimi allah qoymasa, adını xəbər kanalı qoymuş televiziyalar belə, Suriyadakı son durumu, Qırğızıstandakı yeni iğtişaşları, Avropa Mərkəzi Bankının Frankfurtdakı ofisi önündəki anti-kapitalist mitinqi, Israildə baş nazirlə ordu arasında artan gərginliyi geninə-boluna işıqlandırarkən gözlərinin önündə, qulaqlarının dibində, burunlarının ucunda olub-bitənlər qarşısında susqun, təpkisiz idilər.

Bu, Türkiyənin hardan hara gəldiyinin, gətirildiyinin acı mənzərəsidir.

Cəmi bir neçə il əvvələdək ölkənin harasında olur olsun, ən kiçik etiraz aksiyasından tutmuş yüzminlik, milyonluq Cümhuriyyət mitinqlərinəcən hər əyləmi canlı göstərən Türkiyə televiziyaları indi dinçi rejimin basqısı altında, onun sərmayələrinə təslim olaraq AzTV-ləşdirilib, ANS-ləşdirilib. Hakim gücün əlində əl quzusuna çevrilib.  

Indi Türkiyənin gerçək mənzərəsi Azərbaycanla o qədər oxşar, o qədər bənzərdir ki…

Insan üzülür istər-istəməz.

Bizim yaşadığımız coğrafiyadakı istənilən ölkədə hüququn, ədalətin, azadlıqların təntənəsi həm də bizim işimizə yarayır. Belə ölkələr istər-istəməz bizim üçün nəfəslik rolu oynayır. 

Belə ölkələr aşkar hiss edilməsə belə, qonşuluğundakı despotik rejimlər üçün təhdiddir. Eyni zamanda həmin rejimlərə qarşı mübarizə aparan toplumlara ruh, qanad verir.

Amma nə yazıq ki, son iki gündə Türkiyədə olub-bitənləri seyr etdikdən sonra yerləşdiyimiz bölgədə daha bir ölkənin çağdaşlığa, demokratiyaya arxa çevirdiyini görürük. Buna üzülməkdən başqa əlimizdən bir şey gəlmir. Çünki yalnız bölgədə deyil, dünyanın harasında olursa-olsun, bir mürtəce gücün təntənəsi bizim də taleyimizə acı təsir edir. 

Bəzən deyirlər ki, hardasa bir diktator yıxılıb, bundan sizə nə, siz niyə sevinirsiniz. 

Sevinməliyik, əlbəttə!

Çünki azadlıqların, demokratiyanın sərhədləri nə qədər genişləyərsə, böyüyüərsə, bundan azadlıq, demokratiya uğrunda savaşan bütün xalqlar qazanar, onların gücü, dirənci, əzmi artar, onların əli möhkəmlənər.

Necə ki, harda irtica möhkəmlənər, harda yeni despotlar meydana çıxarsa, bundan da bütün tərəqqipərvər bəşəriyyət itirər!

Bax ona görə, bizim indi burda bunca dərdimiz, azarımız varkən…

Özümüzə umac ovmamız gərəkərkən, Türkiyədə yaşananlar içimizi sızladır.  

Şəxsən mən Istanbulda atılan o rezin güllələrin acısını bədənimdə hiss edirəm.

Istanbulda qaz bombaları atılınca burda mən boğuluram sanki.

Dünyanın harasında xalqların iradəsi, özgürlük dealları qalib gələndə mən necə burda toy-bayram edirəmsə, öz xalqımın qolundakı qandallar, ağzındakı qıfıllar sökülübmüş kimi necə sevinirəmsə, deməli, əksi də olmalıdır:

harda azadlıqlara qurşun sıxılırsa, harda toplumların iradəsinə silah çəkilirsə, harda məzlumların ahı alınırsa, burda mənim də qəlbim parçalanmalı, burda mənim də canım yanmalıdır.

Əksi mümkün deyil.

Əksi – faşist olmaqdır.