Məmmədyarovun ABŞ səfərinin pərdəarxası

Ekspertlər bu səfərin seçki ilində ABŞ-ın mövqeyində yumşalma yaratmaq üçün təşkil edildiyini bildirir

Hakimiyyətin seçki təlaşı hər gün daha çox hiss olunmağa başlayır. Dünyanın müxtəlif ölkələrinə təşkil olunmuş səfərlər, Qərbin beyin mərkəzlərində keçirilən görüşlər, şirnikləndirici təkliflər və s. bunun göstəricisidir. 
Ancaq reallıq onu göstərir ki, bu görüşlərdə hakimiyyətin istəyinə uyğun nəticələr əldə edilmir.
Ramiz Mehdiyevin Iran səfərini, Elmar Məmmədyarovun Israil səfərini, Mehriban Əliyevanın Fransa səfərini bu rakursdan qiymətləndirmək olar.
Hətta Amerikanı təmsil edən nümayəndə heyətlərinin Azərbaycana dəvət edilməsini də bu narahatlığın göstəricisi saymaq olar.
Son olaraq isə Elmar Məmmədyarovun ABŞ səfəri gündəmə gəldi.
Ekspertlər hesab edir ki, yaxın perspektivdə ABŞ-Azərbaycan münasibətlərində ciddi irəliləyişə nail olmaq mümkün olmayacaq. Çünki Tomas Melia Azərbaycana səfərində  bildirmişdi ki, Amerika üçün münasibətlərdə prioritet seçkilərin demokratik keçirilməsi, ölkədə azadlıqların təmin edilməsidir. Bu sahədə islahatlar həyata keçirilmədən münasibətlərdə soyuqluq müşahidə olunacaq. Əksinə, seçki ilində hakimiyyətin repressiyaları artırması, həbslər həyata keçirməsi, mətbuata basqıların artması hakimiyyətin beynəlxalq aləmlə münasibətlərini mənfi istiqamətdə inkişaf etdirəcək.
Ekspertlər hesab edir ki, Azərbaycan müəyyən geopolitik güzəştlər hesabına, ABŞ-ın mövqeyində loyallaşma yaradaraq, demokratiyanı arxa plana keçirmək istəyir. Daha çox Əfqanıstandan yüklərin daşınması məsələsinə diqqət çəkirlər.  Ancaq ABŞ bildirib ki, artıq demokratiya bazarlıq predmeti olmayacaq.
Ekspertlərin fikrincə, Azərbaycan hakimiyyəti beynəlxalq aləm qarşısında bütün “kart”ların xərcləyib. Indi də ABŞ-Azərbaycan forumunun keçirilməsi, bir qrup nümayəndə heyətinin və Elmar Məmmədyarovun ABŞ səfəri effektiv nəticə verməyəcək əksinə, hakimiyyətə qarşı ciddi təzyiqlə müşahidə olunacaq.
Politoloq Vəfa Quluzadə bildirdi ki, bu il seçki ili olduğundan bütün fəaliyyət, xarici səfərlər, rəsmi görüşlər seçkilərə hesablanır: “Irana, Israilə, ABŞ-a səfərlər, ABŞ nümayəndə heyətinin Azərbaycana səfərləri seçki faktoru ilə bağlıdır. Əslində, ABŞ-ın, Avropa birliyinin, Avropa Şurasının mövqeyi bəllidir.. Demokratik islahatlar, azadlıqların təmin olunması, insan haqları. Hakimiyyət isə bu səfərləri özünün uğuru kimi qiymətləndirir. Nəticə haqda isə bir söz demək hələ tezdir. Yaxın gələcəkdə hər şey bəlli olacaq”.

Ilham Hüseyn