“Naxçıvan ziyalıları” toplandı

“Naxçıvan ziyalıları”  təşkilatının növbəti toplantası olub. “Azadlıq”a daxil olan məlumata görə, dünən keçirilən toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, hakimiyyətin son günlər atdığı aqressiv addımlar, xüsusilə sabiq daxili işlər naziri Isgəndər Həmidovun zorakılıqla saxlanılması, vəkil Aslan Ismayılovun “Bandotdel”də döyülməsi və Müsavat fəalı Mustafa Hacıbəylinin qanunsuz həbsi müzakirə mövzusu olub.
Naxçıvan ziyalıları hakimiyyətin bu qanunsuz addımlarını pisləyib. Bundan başqa ziyalılar yeni yaranmış Demokratik Qüvvələrin Milli Şurası barədə də fikir mübadiləsi aparıblar. Naxçıvan ziyalıları müxalifətin geniş formatda birləşməsini alqışlayıblar. Onlar bu formatın daha da genişləndirilməsinin vacibliyini önə çəkiblər. Ziyalılar təmsil olunduqları təşkilatın da Milli Şuraya daxil olmasını məqsədəuyğun sayıblar.  
Daha sonra rotasiya qaydasında təşkilatın koordinatorluğu Ibrahim Ibrahimlidən Asəf Quliyevə keçib.