İran və Azərbaycan növbəti qalmaqal ərəfəsində

Razi Nurullayev: «Münasibətlərin gərginlik çərçivəsindən çıxmaq şansı çox azdır»

Iran-Azərbaycan münasibətlərində uzun müddətdir davam edən gərginliyin Şeyxülislam Hacı Allahşükür Paşazadənin bu ölkəyə səfərindən sonra səngiyəcəyini ehtimal etmək olardı. Çünki Iran tərəfi səfərdən əvvəl həbs olunan azərbaycanlı alim Xalidə Xalid və onun sürücüsünün azad ediləcəyini vəd etmişdi. Bunun əvəzində isə Iran Azərbaycanda həbsdə olan Mikayıl Kazıminin azad olunmasını tələb etdi.
Görünür, Azərbaycan tərəfi buna razılıq verməyib, bu səbəbdən də Iranda həbsdə olan iki şəxs hələ də azad edilməyib. Ancaq deputat Cavanşir Paşazadə “Mediaforum” saytına açıqlamasında bildirib ki, Mikayıl Kazıminin azad olunması istiqamətində işlər aparılır və aidiyyəti orqanlara bu şəxsin buraxılaraq Irana təhvil verilməsi ilə bağlı tapşırıq verilib.
Münasibətlərdə gərginliyin artacağına işarə verən başqa bir məqam isə həbsdə olan “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovla bağlıdır. Belə ki, istintaqın iddiasına görə, Məmmədova böyük həcmdə narkotik maddələr Iran xüsusi xidməti olan ETTELAT, habelə onunla sıx əməkdaşlıq edən Iran vətəndaşları – alim Əli Abdoli və Iran XIN-in işçisi Hüseyn Əhmədi tərəfindən göndərilirdi.
Iki dövlət arasında gərginlik buunla bitmir. Bu günlərdə rəsmi Bakı Iranın Azərbaycan səfirliyinin 4 əməkdaşına viza verməkdən imtina edib. Iran mətbuatının iddia etdiyinə görə, Azərbaycan Miqrasiya Xidməti hər 4 diplomatdan ölkəni tərk etməyi tələb edib. Bu ultimatumun ardınca Iran səfirliyində müqavilə ilə çalışan bu 4 əməkdaş iki həftə öncə diqqəti cəlb edəcək dərəcədə məbləğ ödəyərək, Azərbaycan torpağını tərk ediblər.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Iran arasında münasibətlər normallaşmağa doğru getmir, əksinə, gərginliyin bir qədər də artacağını gözləmək olar. Ekspertlər də məhz bu fikirdədir.

Politoloq Razi Nurullayev Iran-Azərbaycan münasibətlərində istiləşmənin görüntü xarakteri daşıdığını deyir. Hər iki tərəf rəsmi olaraq dostluq, qardaşlıq haqqında bəyanatlar versə də, pərdəraxsı bunun əksi baş verir.
Ekspertin sözlərinə görə, Iran Azərbaycanda cəsusluqda ittiham edilərək həbs olunan vətəndaşını azad etdirmək üçün bu ölkəyə gedən azərbaycanlı şairləri həbs etdi. Lakin o zaman bu bazarlıq alınmadı. Ardınca isə Irana gedən iki nəfər həbs olundu. Öz növbəsində Azərbaycan Iranın dəstəklədiyi Islam partiyası üzvlərini həbs edib. Bu da Tehranı ciddi narahat edir. Belə bir şəraitdə Iranla Azərbaycan arasında münasibətlər qaydaya düşə bilməz. Münasibətlərin gərginlik çərçivəsindən çıxmaq şansı da çox azdır: “Azərbaycan Israillə, Amerika ilə ciddi əməkdaşlıq edir. Iran isə bununla razı deyil. Azərbaycan heç bir halda Israillə və Amerika ilə münasibətlərinə xələl gətirmək istəməz. Iranın da Israillə dost dövlət olacağını gözləmək olmaz. Ona görə də tamamilə əks qütblərdə dayanan və fərqli xarici siyasət yürüdən ölkələrin dostluğu çox çətindir. Bu baxımdan yaxın zamanda Azərbaycanla Iran arasında münasibətlərin yaxşılaşması görünmür. Əksinə, münasibətlər də daha da sərtləşə bilər”.

Fizzə