Bir daha “zəvzəyi öldürmək” haqqında…

«Həqiqət papucunu geyənə qədər, yalan dünyanı üç dəfə fırlanar» (Mark Tven)

Illər öncə məşhur amerikan yazıçısı Nelli Harper Linin hekayəti haqqında bir yazı yazmışdım. Alabamada vəkil və qəzet redaktorunun qızı olan Nelli 1960-cı ildə nəşr olunan çox maraqlı bir əsəri ilə məşhurlaşmışdı. “Zəvzəyi öldürmək” (To kil a mockinbird) adlı bu əsərin mövzusu o illər Amerikada qaradərililərə qarşı hökm sürən irqi ayrı-seçkiliklə bağlı idi. Vaxtilə Nellinin atası bir ağdərili mağaza sahibini öldürməkdə ittiham olunan iki günahsız qaradərili ata və oğulun vəkili olmuş, amma bütün  çalışmalarına baxmayaraq məhkəmə onların asılması haqqında hökm çıxarmışdı. 

Bu acı xatirə qızın yaddaşından silinməmiş və sonra belə bir əsər yazmaq haqqında qərar vermişdi. Əsəri yazmaqla müəllif həm yaşadığı ölkədə hökm sürən irqi ayrı-seçkiliyi lənətləmiş, həm də atasının simasında ədalətin qoruyucusu olan qəhrəman bir vəkil obrazı yaratmışdı. O, oxusuyla yamsılamaya bənzər səslər çıxaran gözəl “zəvzək quşu”nu da əsərdə günahsızlıq və məsumluq simvolu olaraq canlandırmışdı. Təbiətdə ən gözəl quşlardan biri olan və heç bir canlıya zərər verməyən bu quşu öldürmək qədim amerikan inancına görə günah sayılır. Nellinin əsərinə bu motivi əlavə etməsi, bəlkə də, əsərin ən güclü tərəflərindən biri idi…

Iki gün əvvəl ölkənin ən cəsarətli vəkillərindən biri olan Aslan Ismayılovun qaçırılıb döyülməsi xəbərini eşidəndə ilk olaraq bu əsəri xatırladım. Günahsızlığın hər gün qətlə yetirildiyi və onun qoruyucularına belə aman verilmədiyi bir cəmiyyətdə yaşayıb başqa nə xatırlaya bilərsən? Məsələ qaradərili olub ayrı-seçkiliyə məruz qalmaqda deyil ki… Ağdərili olub elə qara günlərə qalmaq varmış ki, bu 60-70 ci illər Amerikasının yanında nağılmış. Məgər bu cəmiyyətdə insanların hər gün məruz qaldığı haqsızlıq, uğradığı zülm, başına gətirilən müsibətlər Linin yazdıqlarından çox fərqlənir? Məgər bu gün həbsxanalarda günahsız yerə əziyyət çəkən Tofiq bəyin, Ilqar bəyin, Əvəz bəyin, Tale bəyin, Turalın, Daşqının, “Nida”çı gənclərin və onlarla başqa vicdanlı insanın məruz qaldığı ədalətsizlik 50 il əvvəl orada baş verənlərdən nəylə seçilir?

Əslində, rəng bir çalardır, o, insanları qarşıdurmaya aparan bəhanə ola bilər ancaq. Şübhəsiz, ağlarla qaraların davasına  hər zaman haqlıyla haqsızın, doğru ilə yalanın, xeyirlə şərin toqquşması kimi baxmaq lazımdır. Amma ağlıq təkcə dərinin rənginə bağlı məsələ deyil, həm də ləyaqətlə, vicdanla bağlı dəyərdir. O, rəngdən başqa dəyər anlamı da daşıdığı zaman yerinə düşmüş olur. Yalnız bu halda mənsub olduğu bir toplumun çiyinlərində yüksək mərtəbələrə qalxan şəxslər onlara yuxarıdan aşağı, “qara” nəzəriylə baxmaz, onları ağı qara görməyə məcbur etməz. Öz kölgəsi sanıb kölgəsinə sığındığı toplumun qol-budağını kəsib-doğramaz, qələm sahibinə güllə atdırmaz, hüquq müdafiəçisinə əl qaldırtmaz, rəqib bildiyi opponentlərinə qarşı çirkin yollara əl uzatmaz.

Indi “böyük bir tarix yaşayırıq” deyənlərin fikri ilə tam razıyam. Bəlkə də, on illər sonra bu dövr ölkənin tarixində ən ağır mərhələ kimi qiymətləndiriləcək. O aydınlanma zamanı ölkəni bugünkü çirkin duruma soxmuş üzüqara adamlar tarixin qara səhifəsində, lənət qazanmışlar sırasında yer alacaq.  Həyatını alnı açıq, üzüağ yaşayanlar, ölüm təhdidi ilə üz-üzə qalsa belə, haqsızlığı götürməyənlər, özünü çirkab qarasına bulaşdırmayanlar isə böyük tarix yazanlar olacaq. Aslan bəyin də belə insanlar arasında yer alacağına heç bir şübhəm yoxdur…