Hakimiyyətin Heydər Əliyevlə bağlı növbəti yalanı Avropada ifşa olundu
«Azad Avropa»: «Məşhur tiranların şəklilə markalar buraxmaq ictimai rəyin qəbul etmədiyi praktikadır»
Belçikada özəl firmalardan birinin sifariş əsasında üzərində Heydər Əliyevin şəkli olan markalar buraxması qalmaqala səbəb olub. Daha doğrusu, bu addımın “Belçika dövlətinin Heydər Əliyevə rəğbəti” kimi qələmə verilməsi etiraza səbəb olub. “Azad Avropa” radiosu bu qalmaqal barədə material hazırlayıb. Materialın tərcüməsini təqdim edirik:
***
Belçikanın poçt xidməti Azərbaycanın bu ölkədəki səfirliyinə şikayət edib. Bu şikayət Azərbaycan mediasında yayılmış məlumatlarla əlaqədardır. Həmin məlumatlarda bildirilirdi ki, Heydər Əliyevin 90 illiyilə əlaqədar Belçikada poçt markası buraxılıb.
Qiyməti 90 sent (1,17 dollar) olan marka mayın əvvəlində buraxılıb. Azərbaycanın Belçikadakı səfiri Fuad Isgəndərov deyib ki, bu addım Heydər Əliyevin Avropa səviyyəsində əbədiləşdirilməsinə yardım edəcək.
Heydər Əliyev Azərbaycanın hazırkı prezidenti Ilham Əliyevin atasıdır. O, hakimiyyəti 2003-cü ildə atasından miras alıb.
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) mayın 12-də ingilis dilli buraxılışında belə bir başlıqla məlumat yayılıb: “Belçikanın poçt xidməti Ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə markalar buraxır”.
Lakin poçt xidmətinin əməkdaşı “Azad Avropa” radiosuna deyib ki, bu, rəsmi buraxılış deyil. Onun sözlərinə görə, bu markaları buraxan “Mənim markam” adlı şirkət məhz bu cür xidmətlər üçün fəaliyyət göstərir. Şirkət müştərilərin sifarişi əsasında xidmət göstərir. Məsələn, toy, ad günləri kimi xüsusi hadisələr üçün sifarişləri yerinə yetirir.
ABŞ, Böyük Britaniya və başqa yerlərdə belə bir praktika var ki, adamlar özlərinin və ya yaxın adamlarının şəkillərini göndərirlər. Onun əsasında şəxsi məqsədlər üçün məhdud sayda markalar buraxılır. Bu praktika Belçikada da populyardır. Ölkədə təxminən on il əvvəl yaradılmış bu şirkətə hər il minlərlə belə müraciətlər daxil olur.
Poçt xidmətinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, Azərbaycan səfirliyilə əlaqə saxlayaraq, iradlarını çatdırıblar. Bildiriblər ki, Əliyevlə bağlı marka dövlət tərəfindən buraxılmadığından bunu rəsmi poçt markası kimi təqdim etmək düzgün deyil.
Mayın əvvəlində Brüsseldə Azərbaycan səfirliyi, NATO-nun Brüsseldəki missiyası, eləcə də müxtəlif diaspor təşkilatlarının iştirakıyla tədbir keçirilərək, mübahisəli markaların təqdimat mərasimi keçirilib.
On illər ərzində Azərbaycana rəhbərlik etmiş ata Əliyev 1923-cü il mayın 10-da anadan olub.
Poçt xidmətinin nümayəndəsi onu da əlavə edib ki, Adolf Hitler, Iosif Stalinin tamsalında məşhur tiranların şəklilə markalar buraxmaq ictimai rəyin qəbul etmədiyi praktikadır.
Siyasət şöbəsi