Milli Şura hakimiyyəti şoka salıb

prez aparatQurumun elan olunmasından bir gün əvvəl Prezident Administrasiyasında xüsusi toplantı keçirilib

Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan hakimiyyətinin ciddi narahatlığına səbəb olub. Bu barədə “Azadlıq”a iqtidardixili mənbə məlumat verib. Məlumatda deyilir ki, Milli Şura ilə bağlı müzakirələr başlayandan hakimiyyət prosesi ciddi şəkildə izləyir. Qurumun 28 May Respublika Günü elan olunacağı barədə xəbər yayıldıqdan sonra hakimiyyət müxalifətin böyük birliyinin reallaşmaq üzrə olduğundan bərk təşvişə düşüb.
Mayın 27-də Milli Şuranın yaradılması ilə bağlı gərgin müzakirələr getdiyi vaxtda iqtidarın başbilənləri də Prezident Administrasiyasında toplanıb. Məlumatlara görə, toplantıda Milli Şura ilə bağlı planlar müzakirə olunub. Qərara alınıb ki, Milli Şura yaranacağı təqdirdə bütün resurslar qurumun qısa müddətdə dağıdılmasına səfərbər edilməlidir. Elə həmin gün quruma qarşı gözdənsalma kampaniyasına start verilib. Artıq mayın 28-də hakimiyyətyönlü KIV-lər Milli Şuranı hədəfə alıblar. Milli Şura elan ediləndən sonra isə hakimiyyət şoka düşüb. Iqtidar qurumun bu cür geniş formatda yaranacağına inanmayıb. Ona görə də kampaniya daha şiddətli xarakter alıb. Iqtidarın nəzarətində olan partiyaların rəhbərlərinə, ictimai qurumlara Milli Şuranın əleyhinə çıxışlar etmək tapşırığı verilib. Hətta hakimiyyət müxalifət daxilindəki “minaları” da partlatmağa başlayıb.