Arif Hacılının anasının yas mərasiminə gedən Müsavat başqanının avtomobili cərimə meydançasına aparılıb
Müsavat başqanı Isa Qəmbər partiyanın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılının mərhum anasının il mərasimində iştirak etmək üçün Zaqatalaya gedərkən yolda problemlərlə üzləşib. Musavat.com-un yaydığı məlumata görə, Isa Qəmbərin olduğu avtomobil Qəbələ rayonu ərazisində yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə yerində olan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun verdiyi məlumata görə, yol polisləri öz hərəkətlərini avtomobilin radara düşməsi ilə əlaqələndirsələr də, bunun arxasında Isa Qəmbərin bölgələrə səfər etməsi ilə bağlı qorxunun dayandığı dəqiqdir. Çünki radara düşən avtomobilləri bu qədər uzun müddət ərzində saxlamırlar.
Yarım saatlıq ləngimədən sonra Isa Qəmbərin olduğu avtomobil cərimə meydançasına aparılıb. Müsavat başqanı Isa Qəmbər isə Zaqatala səfərinə başqa avtomobillə davam etmək məcburiyyətində qalıb.
Baş Dövlət Yol Polisi Idarəsi bu məsələyə aydınlıq gətirib. Idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, Isa Qəmbərin avtomobilinin sürücüsü surət həddini aşdığı üçün maşın Qəbələ rayonu ərazisində yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün sənədləri yoxlanılarkən onun həmin avtomobili idarə etmək üçün etibarnaməsinin vaxtının keçdiyi məlum olub. Maşının sahibi orada olmadığı üçün isə həmin avtomobil cərimə meydançasına aparılıb.
Avtomobili idarə edən Vəzir Zeynalov musavat.com-a bildirib ki, etibarnamənin müddəti bir neçə saat əvvəl bitib. Onun və hadisə şahidlərinin sözlərinə görə, Isa Qəmbərin avtomobilini saxlayan yol polisi əməkdaşlarının hədəfi maşını cərimə meydançasına aparmaq olub. Onlar bildirirlər ki, etibarnamənin müddəti bir neçə saat əvvəl bitməmiş olsaydı belə, maşın cərimə meydançasına aparılacaqdı.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu musavat.com-a bildirib ki, Zaqatalaya hüzr məclisinə gedən Isa Qəmbər yolboyu izlənilib. Onun sözlərinə görə, ağ rəngli “Mercedes” avtomobili Zaqatalaya çatana qədər onları izləməkdə davam edib.
Müsavat başqanı Isa Qəmbərin Zaqatalaya səfərində onunla birlikdə olan AXP-nin sədri Pənah Hüseyn baş verənlərlə bağlı bildirib ki, bu səfərin əsas məqsədi hüzr mərasimində iştirak etməkdir: “Arif bəyin qayınatası vəfat edib, həm də onun anasının ilidir. Ona görə də başsağlığı vermək üçün Zaqatalaya gedirdik. Qəbələ rayonu ərazisindəki DYP postunda bizi saxladılar və bildirdilər ki, avtomobil yüksək sürət səbəbiylə radara düşüb. Biz də cavab verdik ki, Azərbaycan qanunlarının tələbləri çərçivəsində məsələ həll olunsun və biz yolumuza davam edək. Polislər də məsələni qanunlar necə tələb edirsə, elə də həll etdilər və biz yolumuza davam etdik”.
Ancaq Pənah Hüseynin sözlərinə görə, bu dəfə də yol polisləri onlardan əl çəkməyiblər: “Bir müddət yola davam etdikdən sonra çoxlu sayda polis maşınla ardımızca gəlib yenidən bizi saxladılar. Polislər bu dəfə bildirdilər ki, sizin polis əməkdaşlarına tabe olmamağınız barədə məlumat daxil olub. Ona görə də komandirlərdən sizi saxlamaq barədə tapşırıq almışıq. Bunu bəhanə edərək sənədləri araşdırmağa başladılar. Nəticədə məlum oldu ki, sürücünün etibarnaməsinin vaxtı bu gün sona çatıb. Ona görə də avtomobili cərimə meydançasına apardılar. Biz isə Rauf Arifoğlunun avtomobilinə minərək Zaqatala istiqamətində yolumuza davam etdik”.
Bütün bunlara baxmayaraq, Müsavat başqanı Isa Qəmbəri və onun səfər yoldaşlarını yenə də rahat buraxmayıblar. Pənah Hüseynin sözlərinə görə, onlar Zaqatalaya çatana qədər izləniliblər: “Bizi Zaqatalaya çatana qədər avtomobillə izlədilər. Izləyənlərin kim olduğunu dəqiq bilmirik. Çünki onlar mülki geyimdə idilər. Ancaq bizim gümanlarımıza görə izləyənlər polis əməkdaşlarıydı”.
Pənah Hüseyn onu da bildirib ki, Zaqatala rayonu ərazisində Isa Qəmbərə və onun səfər yoldaşlarına hər hansı problem yaratmağa cəhd göstərilməyib.
Isa Qəmbər və onu müşayiət edən şəxslər axşam saatlarında Bakıya qayıdıb. “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu verdiyi xəbərə görə, Isa Qəmbərin xidməti avtomobili Qələbədə cərimə meydançasında qalıb. Aidiyyatı strukturlar maşını buraxmaqdan imtina ediblər. Bundan başqa, yol polisləri və digər təyinatlı polis əməkdaşları Zaqataladan çıxana qədər Isa Qəmbərin oturduğu avtomobili müşayiət ediblər.