Azərbaycanda forum-konfrans-seminar bazarı

Bakıdan Qəbələyədək Azərbaycan siyasi bazar yerindədir. Bugünlər dünyanın hər yerindən – ABŞ-dan Səudiyə Ərəbistanınadək – ölkəmizə qonaqlar daşınır: seçki öncəsi dünya satılmışlarını eləcə də ağsaqqalları, gəncləri bir araya gətirib “xarici, daxili imkanları səfərbər etmək üçün” bir-birinin ardınca forumlar, konfranslar, seminarlar keçirilir. Indiyədək belə olmamışdi, indi olur. Yeni gerçəklik yeni də görsənişlər doğurur. Qabaqlar ölkə resurslarını, geopolitik faktorları bir neçə dövlət arasında pay-püşk eləməklə seçki qorxusunu sovuşdurmaq olurdu. Əliyevlərin “uğurlu neft-qaz strategiyası” doğrudan da uğurlu idi: ata-oğul Əliyevlər Azərbaycanı, Azərbaycanın resurslarını istədikləri kimi satıb kef eləyirdilər. Əliyevlərin “uğurlu nrft-qaz strategiyası” doğrudan da uğurlu idi: onlar 1993-2010-cu illər arasında təkcə ofşor zonalara 48 milyard dollar pul ötürmüşdülər – səsi də çıxmırdı! 
Ölkəni illərdi altdan-altdan, gizli-gizli istədikləri, bildikləri kimi satırdılar. Bir daha demək gərəkir: satırdılar, səsi də çıxmırdı. Sonra səsi çıxmağa başladı. Ata-oğul oğurluqlarının üstü bir-bir açıldı. Rusiyadan ABŞ-adək indi bütün dünya ata-oğul Əliyevlərin hakimiyət oğurluqlarından yazır, danışır. Əliyevlər indi özlərinin dediklərinə görə, Azərbaycanı regionun ən güclü dövlətinə, Azərbaycan ordusunu regionun ən güclü ordusuna çeviriblər. Ancaq “düşmənlərimizin gözü götürmədiyindən” Azərbaycan sivil, qabaqcıl, demokratik dünyanın gözündən düşə-düşə gedir. Azərbaycan kimi “güclü” bir ölkənin prezidenti “ilin korrupsioneri” nominasiyasında birinci yeri tutsa da, sivil, qabacıl, demokratik başçısı nominasiyalarında bütünlüklə dışlanır. Qarşıdansa çətin bir seçki gəlir. Nə etməli? Kimləri satın almaq olarsa ölkəyə gətirib yedirib-içirib-donatıb danışdırmalı. Danışırlar: Bakıdakı böyük tikinti-quruculuq işlərindən, Azərbaycanın görünməmiş “iqtisadi inkişafından”, nələrdən… Bəlli olduğu kimi, bunlar xalqı tovlayıb-aldatmaq üçündür.
Dünyanı aldatmaq üçün başqa gedişlər edilir. Ancaq bir-birilə uyuşmayan, başı-ayağı bilinməyən siyasətlərdən qaynalanan gedişlər. Bu gedişlərin ən gülməlisi Ilham Əliyevin Avropaya-Amerikaya inteqrasiyadan danışdığı bir arada PA sözçüsü Əli Həsənovun Səudiyə Ərəbistanına inteqrasiyadan danışmasıdır. “Biz nəhəng qaz yataqları kəşf etmişik” deyən I.Əliyevin bunun ardınca ABŞ-la 90-cı illərin ortalarında olan ilişkilərə qayıtmaq istəyini dilə gətirməsi açıq-aydın uğursuzluq zolağında çabalama görsənişidir. Çoxillik topdansatış yoluyla bunlar Azərbaycanı bir belə ucuzlaşdırıblar: “Nəhəng qaz yataqları kəşf ediblər”, seçki öncəsi yataqları siyasi bazara çıxarıblar, ancaq ortada soyuq qış qorxusu yoxmuş kimi kimsə “mala” yaxın gəlmir. Seçki günü isə durmadan yaxınlaşır. Bu biri yandan da xalqla aradakı uçurum durmadan dərinləşir. Görünür, bu uçurumu tez-tələsik aradan qaldırmaq üçün Əli Həsənova söz verilir.
Əli Həsənov nə desə yaxşıdır: “Islam ölkələrinin idarəçiliyini haqsız olaraq tənqid edirlər. Halbuki bu ölkələrin çoxunda Avropa idarəçiliyindən daha möhkəm idarəçilik var. Bütün bu məsələlər artıq bizim diqqətimizdədir”. Ə.Həsənov bu yerdə bir gülləylə iki “dovşan” vurmağa çalışır: 1) Azərbaycanda islam rejimi qurmaq istəyən iç-dış güclərə “yağlı” mesaj ötürür: “diqqətimizdəsiniz” – sizinlə ola bilərik; 2) ABŞ başda olmaqla Batıya mesaj ötürülür: bizə arxa durmasanız, islam idarəçiliyinə keçə bilərik. Bir daha ortaya rejimin xarakter özəlliyi çıxır: hakimiyəti qoruyub saxlamaqdan ötrü nəyə desən getmək – dönük dönümlər, satqın siyasətlər! Iyirmi ildir Azərbaycan beləcə siyasi alver predmetinə çevrilib. Qarşıdakı beş ili satın almaq üçün Azərbaycanı dünya bazarına çıxarıblar…