“Hakimiyyət təkcə formamalşmaq və idarə prinsiplərinə görə deyil, həm də cəza siyasətinə görə orta əsr təfəkkürlüdür”
Tanınmış vəkil Aslan İsmayılovun Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində döyülüb, ölümlə təhdid edilməsi geniş ictimai etiraza səbəb olub. Ölkənin tanınmış ictimai-siyasi xadimləri “Azadlıq”a açıqlamalarında vəkilə qarşı baş verənləri hakimiyyətin bütün hədləri aşan özbaşınalığı kimi qiymətləndiriblər.
AXCP sədri Əli Kərimli:
– Tanınmış ictimai-siyasi xadim, prinsipial vəkil Aslan İsmayılovun bu cür zorakılığa məruz qalması onun tutduğu mövqe ilə bağlıdır. Təəssüf ki, bu birinci belə hadisə deyil. Buna qədər Tale Bağırzadənin, Yaşar Cəfərlinin, İbrahim İbrahimlinin, Rəhim Qazıyevin, İsgəndər Həmidovun da eyni üsulla təhqirlərə məruz qalması, qanunsuz həbsləri onu göstərir ki, baş verənlər hansısa özfəaliyyət yox, birbaşa hakimiyyətin sifarişidir. Bütün çarələr tükənəndən sonra haimiyyət öz opponentlərinə qarşı cəza siyasəti yeridir. Bu onu göstərir ki, hakimiyyət bu günündən və sabahından bədgümandır, cəmiyyətin təşkilatlanmasından narahat olub. Hakimiyyət təkcə formamalşmaq və idarə prinsiplərinə görə deyil, həm də cəza siyasətinə görə orta əsr təfəkkürlüdür. Lakin bu üsullarla Azərbaycan xalqının dəyişiklik istəyini boğmaq mümkün deyil. Əksinə, hakimiyyət belə münasibətlə bu günü və gələcəyi üçün heç bir təminat yaratmır”.
Müsavat başqanı İsa Qəmbər:
– Biz bu hadisəni birmənalı şəkildə pisləyirik. Baş verənlər artıq bütün sərhədləri keçməkdi. Tanınmış insanların döyülməsi, təhdid edilməsi hakimiyyətin mahiyyətindən xəbər verir. Cəmiyyət bu cür zorakı hallara münasibət bildirməlidir. Bütün demokratik qüvvələr bu cür hallara son qoyulması üçün hakimiyyət qarşısında tələb qoymalıdır.
ACP sədri Sülhəddin Əkbər:
– Bu, Azərbaycan hakimiyyətinin zorakı mahiyyətinin, özbaşınalığının daha bir nümunəsidir. Xalqın təşkilatlanması, demokratik qüvvələrin bir araya gəlməsi hakimiyyətdə narahatlıq yaradıb. Buna görə də bu cür qeyri-insani metodlara əl atılır. Ancaq bu gedişatın bir qırılma nöqtəsi olacaq. İnsanlar bu cür hallara qarşı kəskin müqavimət göstərməlidir. Bu cür hallar müxalifətin birliyini, vahid komandada fəaliyyət göstərməsini qaçılmaz edir.
ALP sədri Əvəz Temirxan:
– Bu, siyasi kursa çevrilmiş məmur dərəbəyliyidir. Bundan əvvəl İsgəndər Həmidovu oğurlayıb xəbərdar etdilər, indi də Aslan İsmayılovu döyüblər. Bu, Aslan İsmayılovun ictimai-siyasi mövqeyi ilə bağlıdır. Hakimiyyət artıq aqoniya vəziyyətindədir, özünü cilovlaya bilmir. Yuxarı səviyyədə təlimatlandırılmış başıpozuq mənurlar istədikıəri kimi hərəkət edirlər. Bu, həm də müxalifəti qorxutmaq cəhdidir.
Hüquq müdafiəçisi Leyla Yunus:
– Hakimiyyət kriminal idarəetmə siyasəti yürüdür. Bunlar elə düşünürlər ki, istədikləri adamı döyə, istədiklərini öldürə bilərlər. Aslan İsmayılovun kəskin çıxışlar etməsi, haqqı, ədaləti müdafiə etməsi hakimiyyətin xoşuna gəlmədi. Bu, bir daha göstərir ki, bu hakimiyyət üçün qanun yoxdur.
Tanınmış Ziyalı Cəmil Həsənli:
– Buna ad tapmaq olmur. Bu, utanc verici bir haldır. Bu, hüquqi adlandırılan bir dövlətin quldur qaydaları ilə idarə olunmasıdır. Hakimiyyət vətəndaşlarla kriminal qaydalarla rəftar edir. Bu, normal dövlətdə təsəvvür edilə bilməyən bir hadisədir.
Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyli:
Azərbaycanın ən nüfuzlu hüquqşünaslarından biri, tanınmış ictimai-siyasi xadim Aslan İsmayılov təyinatı cinayətkarlıqla mübarizə olan dövlət idarəsində cinayətkar və qeyri-insanı davranışa, fiziki zorakılığa və təhdidə məruz qalıb. Nəinki öz hüquqlarını yaxşı bilən, hətta başqalarının hüquqlarını mükəmməl şəkildə qoruyan bir mübariz insana qarşı belə ləyaqətsiz və alçaldıcı davranış dövlət idarəetməsi və bütölvükdə, Azərbaycan dövləti adına rəzalətdir və ədalət hissindən məhrum olmayan istənilən insanda qəzəb və hiddət doğurur. Əgər Azərbaycanda dövlət idarəçiliyi mövcuddursa, bu özbaşnalığa ən yüksək səviyyədə münasibət bildirilməli və günahkarlar qanunun bütün ciddiliyi ilə cəzalandırılmalıdırlar.
Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev:
– Bu, ölkənin cəngəllik qaydaları ilə idarə olunmasından xəbər verir. Bu qədər biabırçılıq, vətəndşlara bu qədər hörmətsizlik etmək olmaz. Hakimiyyət bütün sərhədləri aşıb. Lənkəranda mənə qarşı da bu cür hərəkətə yol vermişdilər. Bu hallara son qoyulmalıdır. Hüquq, qanun anlayışları məhv edilib.
İlham