“Milli Şuranın bir vəzifəsi var – xalqın hüququnu özünə qaytarmaq”
Azərbaycanın eks-spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev yenicə elan olunan demokratik qüvvələrin Milli Şurası ilə bağlı fikirlərini bölüşüb. ACP lideri “Modern.az”a açıqlamasında bildirib ki, mətbuata bəlli olmasa da, Milli Şuranın yaranmasında ilk gündən aktiv iştirak edib.
Eks-spiker yerli telekanallara müraciət edərək, Milli Şuraya efir vaxtı ayırmağa da çaqırıb.
R.Quliyev Milli Şuranın qarşısında böyük bir hədəfin durduğunu deyərək, onun elan edilməsini “kiçik başlanğıc” adlandırıb: “Milli Şura yaranıb, onun çoxsaylı təmsilçiləri olacaq, bu hələ ki binanın fasadıdır. Məsələn, Milli Şuranın vəzifəsi 10 problemi həll etməkdirsə, yaranması birinci addımın atılması deməkdir. İndi ikinci kiçik addım atılmalıdır – təsisçilər müəyyənləşməli, Milli Şuraya sədr və idarə heyəti seçilməlidir. Bu da əsas problemlərin həllində ikinci kiçik addımdır. Əsas iş ondan sonra başlayır. Milli Şuranın ancaq bir vəzifəsi var. Xalqın hakimiyyəti formalaşdırmaq Konstitusiya hüququnun özünə qaytarılmasına nail olmaq. Bunun üçün konkret olaraq seçki qanunu və Mərkəzi Seçki Komisiyasının formalaşdırılması kökündən dəyişilməlidir. Büdcədən maliyyələşdirilən TV-lər müstəqil olmalı və Milli Şuraya vaxt ayırmalıdır. İnsanlar etiraz mitinqləri keçirməkdə azad olmalıdırlar və sairə”.
R.Quliyev Milli Şuranın hər bir üzvünün qarşıya qoyulan hədəf uğrunda fəal çalışmalı olduğunu da deyib. Onun fikrincə, Milli Şuranın məqsədləri uğrunda fəal əməli işlərlə məşğul ola bilməyəcək şəxslər quruma üzv olmasalar yaxşıdır: “Milli Şura beynəlxalq təşkilatlar və xarici ölkələrin diqqətini Azərbaycan seçkilərinə cəlb etməlidirlər. Seçkilərə nəzarət edənlərin sayı 10 dəfələrlə artırılmalıdır. Azad seçkilər uğrunda mübarizə bütün Azərbaycan üzrə inkişaf etməlidir. Milli Şuranın üzvləri rayonlara getməli və insanları aktivləşdirməyə cəhd etməlidirlər. Bu işləri görmək istəməyən şəxslər Milli Şuraya ya daxil olmamalıdır, ya da istefa verməlidirlər. Bu gün Azərbaycan üçün konkret işlər görmək istəyən tanınmış adamlar lazımdır, öz işi ilə məşğul olan tanınmış adamlar yox. Elə bir adam yoxdur ki, onun Milli Şurada passiv iştirakına möhtac olaq. Milli Şura gündə 24 saat real və konkret işlərlə məşğul olan bir təşkilata çevrilməlidir. Həm vaxt yoxdur, həm də opponent seçkiləri saxtalaşdırmaqda kifayət qədər təcrübə toplamış bütün finansı əlində təmərküzləşdirmiş təhlükəli rəqibdir. Milli Şuranın yaradılması ilə bütün problemlər həllini tapacaq illüziyasına düşmək təhlükəlidir. Konkret iş görmək lazımdır”.