Dövlət başçısı olasan, ölkənin çağdaş dövlət qurucularına bir belə nifrətlə yanaşasan. 20 ildir Azərbaycan belə bir nifrət subyektlərinin girovluğundadır. M.Ə.Rəsulzadəni başlıca qınaq obyektinə çevirməklə 20 il Demokratik Respublika qurucularını aşağılama, dışlama yolu tutdular. M.Ə.Rəsulzadə başda olmaqla, ONLARIN hər birinə yüksək anıtlar ucaltmaq yerinə, ONLARI arxivlərin dərinliklərinə gömməyə girişdilər. M.Ə.Rəsulzadənin özünün yaratdığı universitetdən də adını götürdülər. Bakının, ölkənin bütün sayılan yerlərini özlərinin adları ilə damğaladılar. Özlərini görkəmli göstərmək üçün Demokratik Respublika qurucularını gözdən salıb unutdurmağa çalışdılar. Demokratik Respublika qurucularını dönə-dönə (ən çox da hakimiyətə gəlmək üçün özlərinin nədən olduqları qaçqınlar qarşısında çıxışlarda) Irəvanı ermənilərə pay vermək kimi bir “xəyanətdə” suçladılar. Özlərinin çoxsaylı gerçək XƏYANƏTLƏRINI ört-basdır etmək üçün Demokratik Respublika qurucularının adlarını uydurma xəyanətlərlə unutdurmaq istədilər – alınmadı!
Demokratik Respublika qurucularını dönə-dönə “xəyanətdə” suçlayan kimsə ata-oğul hakimiyətlərinin 20-ci ilində 180 dərəcəlik dönüşdə bulundu. Ata-oğul hakimiyətlərinin 20-ci ilində – Demokratik Respublikanın 95 illiyində – 20 il boyunca dediklərinin tərsini deyəsi oldular. M.Ə.Rəsulzadə, Ə.B.Topçubaşı, F.X.Xoylu, N.B.Yusifbəyli 20 ildə ilkin olaraq bunların dilində (dilində!) pozitiv lider-qurucu obrazı qazandılar. Ancaq… o da ötəri. Çıxılmazlıqdan ortaya çıxan bir neçə frazadan sonra bütünlüklə yersiz ata öygüsü – “müstəqilliyimizin memarı, qoruyub saxlayanı” ilə bağlı çoxdankı yalan epopeyasına start verildi.
“Çıxılmazlıqdan ortaya çıxan” anlayışının arxasında nə, hansı güc dayanır? Xalq! 20 il çeşidli yollarla Xalqı aldadıb azdırmağa, yalanlarla yedirib yenməyə, yıxıb yerlə bir etməyə girişdilər. Düz 20 il ANTIMILLI, ANTIDEMOKRATIK siyasətlər üzərində milləti yenərək yürüdülər. Ancaq gəlib-gəlib sonda, uğurlu klan yürüşlərinin 20-ci ilində, 2013-cü il Mayın 28-də çıxılmazlıqdan yaranan geriyə kəskin dönüşlərilə Xalqa yenildilər – 20 ildə ilkin olaraq 28 Maya bayram statusu qazandırdılar! Çoxu özlərinin primitiv dünyagörüşlərinə, baxışlarına uyğun olsa belə, 28 Mayı da istər-istəməz öz bayramları kimi çal-çağıra bürüdülər. Sən demə, Azərbaycan xalqının belə bir bayramı da ola bilərmiş!
Bütün bunlar nədən oldu? Sözsüz, 20 ildə Ölkəni, Xalqı soyub-yağmalamaq yoluyla qazandıqları, eləcə də qazanacaqları milyardlara stimul-qarantiya olaraq yiyələndikləri hakimiyəti əldən verməməkdən ötrü! Qarşıdan olduqca çətin bir seçki gəlir. Bu seçkinin bunlar üçün çətinliyi nədədir: 1) Xalqın ayılıb gerçəyi anlamasında; 2) çoxillik fırıldaqçı siyasətlərinin sonucu olaraq bunların bir çox yaxın-uzaq gücləri özlərinə düşmən etmələrində. Əliyevçi rejimin yürütdüyü 20 illik yolsuzluq axarında yarınkı günə inamını itirən Xalq istər-istəməz Əliyevlərə, əliyevçi rejimə inamını da itirib. 28 Mayı bir günlük bayrama çevirmək düşüklüyü ilə bu inamı qaytarmaq istəyinin özü düşküncəsinə görsənişdir. Illər uzunu özəl qazanca yönəlik yalan-palan siyasətlərlə itirilən o inam bir yox, yüz bayramla da qayıtmaz.
Sən illərlə Demokratiyanın atasını yandırasan, Demokratiyanı beşikdə boğanları başa çıxarıb Demokratiya demoqrafiyasına soysuzluq qazandırasan, sonra da Demokratik Respublika adına bir günlük bayram yalanıyla Xalqa kələk gəlməyə çalışasan – alınmaz! Xalqı siyasətin subyektindən obyektinə çevirən bir rejimlə gediləcək yol yoxdur, ola bilməz! Çox gec də olsa Azərbaycan ANTIMILLI, ANTIDEMOKRATIK rejim ÜNSÜRLƏRINDƏN arınmalıdır! Ölkənin sosial-siyasi baxımdan aktiv gəncliyini, yurdsevər kəsimini yağı gözündə görən bir rejimlə savaşdan savayı yol yoxdursa, ən böyük bayram bu yolun özüdür!

Əliyevçi diktaturanın Demokratik Respublika bayramı
•