İlham Əliyev o cümləsi ilə nə demək istədi?

Rejimin Qərblə bağlı həyəcanı, əndişələri qalır. Qərbdəki lobbiçilərini yığıb gətirərək Bakıda “Azərbaycan-ABŞ Gələcəyə baxış” adlı forum keçirmələrinin başlıca səbəbi də hansı üzünə çevirirsinizsə çevirin, məhz budur.
Mənim diqqətimi o forumda Ilham Əliyevin etdiyi çıxışdakı bir məqam çəkdi.
Ilham Əliyev deyir: “Düşünürəm ki, Azərbaycan-ABŞ əlaqələri 90-cı illərin ortalarında olduğu kimi mühüm əhəmiyyət daşıyır”.
Bu, Rauf Arifoğlunun təbirincə desək, olduqca ilginc cümlədir. Həm də bu sözləri möhtərəmin “Biz nəhəng qaz yataqları kəşf etmişik” dedikdən dərhal sonra səsləndirməsi xeyli düşündürücüdür.
Belə anlaşılır ki:
Bir: hazırda rejimin ABŞ-la 90-cı illərin ortalarındakı kimi, sövdələşmək, bazarlıq etmək imkanları yoxdur, o illərin həsrətini çəkirlər. Həmin vaxt neft üzərindən istənilən qaranlıq, kirli siyasi alış-verişi etmək mümkün idi.
Iki: rejim eyni siyasi sövdələşmələri indi də qaz üzərindən təklif edir, məhz ona görə də nəhəng qaz yataqları xüsusi olaraq xatırladılır!
Üç: ABŞ-ın payızda Azərbaycanda demokratiyanı növbəti dəfə özünün iqtisadi maraqlarına qurban edib-etməyəcəyini dəqiq demək mümkün deyil, vərdiş etdiyimiz kirli bazarlıqlar yenə baş tuta bilər bilməsinə də, amma ən azı bu gün belə bir sövdələşmənin olmadığı birmənalıdır!
Uşaqları hansı zəhərləyir – bu çipsilərmi, o inşalarmı?
Orta məktəblərdə çipsilərin, qazlı suların satışı yasaqlanacaqmış.
Səbəbi – zərərli olmaları imiş.
Oysa bu gün Azərbaycan məktəblərində çipsidən, qazlı sulardan daha zərərli olan, ölkənin gələcəyi adına, gələcək nəsillər adına hər mənada təhlükə, ziyan olan başqa şeylər var.
Uşaqlara şəxsiyyətə pərəstişin aşılanması kimi…
Onların bütpərəst, məddah yetişdirmələri kimi…
Onlara tarixin təhrif edilərək, saxtalaşdırılaraq öyrədilməsi kimi…
Onların itaətkar, üzüyola, qorxaq böyüdülmələri kimi…
Onların fondpulu, süpürgəpulu, bayrampulu, təmirpulu adı ilə rüşvətə alışdırılmaları kimi…
Bir sözlə, uşaqların ruhunu, mənəviyyatını yaralayan, zəhərləyən şeylər qaldıqca çipsilərə, qazlı sulara yasaq gətirməyin bir anlamı, bir mənası qalırmı?
Bizə çipsilərlə baş etməyin yolunu öyrətmək artıqdır. Şəxsi təcrübədən deyirəm – bunu övladlarımıza özümüz də anlada, onları zərərli məhsullardan özümüz də çəkindirə bilərik, əsla problem deyil.
Siz bizə deyin görək, dahi rəhbər haqqında inşalarla, şeirlərlə neyləyəcəyik, onlardan necə qoruyacağıq uşaqlarımızı?
Əli Həsənovun jurnalistləri dünyəviliyi Əli Həsənova da xatırladacaqlarmı?
Bilənlər bilir, Azərbaycan müxalifətinin yanlış saydığım, zərərli saydığım tezislərini, fikirlərini tənqid etməyim az olmayıb. Bunlardan biri bəzi müxalif siyasətçilərin şəriət məsələlərindəki mövqeyi, yanaşmasıdır.
Hər dəfə mən o tənqidləri səsləndirəndə bir xeyli rejim mirzəsinin də qolunu sıvayıb mövzuya girişdiyini, “fürsət bu fürsətdir” deyib müxalifəti demokratik dəyərlərə xəyanətdə, çağdaşlıqdan imtinada, Iranmeyllilikdə suçlamalarını görmüşəm. Dünyanın ən geriçi, ən çağdışı rejimlərindən birinə gizli-aşkar yandaşlıq edib sonra da özündə bunları söyləmək, söyləyə bilmək haqqı görməyin özü üzsüzlüyün, həyasızlığın son həddidir – bu öz yerində.
Mənsə indi sadəcə, müxalifəti şəriətpərvərlikdə, Iranmeyllilikdə suçlamaq üçün bəhanə güdən yandaş mirzələrdən eyni həssaslığı, eyni mərifəti Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun dünənki açıqlamaları ilə bağlı da gözləyirəm.
Belə deyib Həsənov: “Islam ölkələrinin idarəçiliyini haqsız olaraq tənqid edilər. Halbuki bu ölkələrin çoxunda Avropa idarəçiliyindən daha möhkəm olan idarəçilik var. Bütün bu məsələlər artıq bizim diqqətimizdədir”.
Di buyurun, sarılın qələmə və döşəyin gəlsin!
Döşəyin ki, çağdaşlıq, dünyəvilik məsələlərində qeyrət damarınızın hər zaman – bir müxalifət funksioneri danışarkən də, bir rejim sözçüsü danışarkən də dombala bildiyini hər birimiz görək!