Liberal Partiyasının Lalə Şövkət “Amerikanın səsi” radiosuna açıqlama verərək Demokratik Qüvvələrin Milli Şurasından danışıb: “Milli Şuranın yaradılmasına müsbət baxıram. Amma Milli Şuranın yaradılması hələ məqsədə çatmaq demək deyil. Qarşıda böyük işlər var. Əsas məqsəd demokratik seçkiyə nail olmaqdır. İndiki rejimdə belə seçkiyə nail olmaq çox çətin məsələdir. Biz illərlə mübarizə aparmışıq, lakin bir şeyə nail olmamışıq. Milli Şuranın yaranması bütün problemləri həll etmir. Əsas iş ondan ibarət olacaq ki, biz məqsədə çatacağıq, yoxsa yox”.
Lalə Şövkət vahid namizəd məsələsinin gündəmə gəlməsi məsələsinə də münasibətini bildirərək əsas məsələnin demokratik seçki keçirilməsi olduğunu deyib: “Demokratik seçki olmasa, bunun heç bir əhəmiyyəti yoxdur. Azad və demokratik seçki keçirilməlidir. Müxalifətin birliyindən daha çox millətin aktivliyindən, səfərbərliyindən çox şey asılı olacaq. Baş qəhrəman millətdir. Millət həqiqətən səfərbər olsa, aktiv olsa, öz hüquqları uğrunda, seçki hüquqları uğrunda mübarizəyə çıxsa, çox şeyə nail olarıq. Bu, ümumi işdir. Müxalifətin birlik nümayiş etdirməsi millətə bir mesajdır. Millət bir olmasa, səfərbər olmasa, demokratik seçkilərə nail olmaq mümkün deyil”.