Turxan Qarışqa qardaşımız Fb-də maraqlı bir şəkil paylaşıb. Harada çəkildiyini demək çətindi. Buna gərək də yoxdu heç. Böyük bir çevrədi hər halda. Və burada yüzlərlə avtomobil dayanıb. Hər istiqamətə gedəni var. Hamısı yerə mıxlanıb. Buna azman tıxac da demək olar. “Qrandioznıye probki”.
Tıxacın yaranma səbəbi isə aydın görünür və statusda da yazılıb. Dövlət başçısı buralardan keçməlidi. Ona görə nəqliyyatın hərəkəti iflic olub. Bu, neçə saat çəkəcək, heç kim deyə bilməz. Sadəcə, saatlarla gözləmək, işgəncə görmək var. Allah eləməsin ki, o tıxacda xəstəxanaya təcili çatdırılası biri və ya su başına tələsən ola.
Dövlət başçısının keçdiyi bütün yolların belə tıxandığını hər kəs bilir. Amerika-zad açmırıq. Iş ondadı ki, o, ölkənin bütün yollarıyla harasa gedir. Və beləcə, ölkəmizin bütün yolları tıxanıb.
Ismayıllı hadisələrindən sonra həbsə atılanların valideyinləri isə hələ də ədalət axtarırlar, dövlət başçısına üz tutur, onu inandırmağa çalışırlar ki, usta, sizə yanlış məlumat veriblər, bizim övladımızın günahı yoxdu. Günahkarlar hələ də azadlıqda gəzirlər.
Niyə? Ona görə ki, günahkarlar heç vaxt video-kameralara düşmürlər? Bəli, bütün valideynlər məhz bu nüansdan danışırlar.
Sergey Şaranovla Gülüstan Şaranovanın oğlu Xəyal da güdaza belə gedib: “Evin tək övladıdır və heç bir siyasi partiya, birliyin üzvü olmayıb. Iş olanda ustalıqla – hörgü, suvaq, rəngsazlıqla, olmayanda fəhləliklə məşğul olub, evi dolandırırdı. Bizlər işsizik, evə tək pul gətirən Xəyal idi, onu da həbs ediblər. Axı o da hamı kimi ora tamaşaya getmişdi, bəyəm kameraya düşməklə insanı həbs etmək olar? Bəs haqq-ədalət harada qaldı?”.
Onların fikirlərinin izaha ehtiyacı var. Cümlələrə fikir verin. “Evin tək övladıdır və heç bir siyasi partiya, birliyin üzvü olmayıb”. Sizcə, bu cümlənin birinci hissəsilə ikincisini nə birləşdirir? Əlbəttə ki, heç nə. Sanki tək ovladın partiya üzvü olması mümkün deyil. Xəyal da bu mümkünsüzlüyə tam əməl eləyib. Yəni alibi də deyə bilərik. Hətta yüngülləşdirici hal kimi də nəzərdən keçirmək olar. Baxın, görün, mövcud rejim öz şərtlərini vətəndaşlara necə dəqiq əzbərlədib, şüurunun altınacan necə soxa bilib! Vətəndaş düşünmədən deyir bu sözləri, fərqinə də varmır ki, burda məntiqi heç nə yoxdu. Nəinki tək oğulun, tək qızın, hətta yarımçıq şəxsin belə, hansısa siyasi birliyə qoşulmaq hüququ var. Ama yox, gerçəklik ayrı şeyi diktə edir və valideynlər fikirlərinin məntiqsiz olduğunu düşünmədən belə danışırlar.
Ikinci məqam acınacaqlıdı. Deyirlər ki, onların övladı təkcə evin tək övladı deyil, həm də evə ruzi gətirən tək adamdı. Indi onu həbs ediblər. Bu evin halını bundan sonra təsəvvür edə bilirsizmi? Tam bir fəlakət! Düşünəndə adamı dəhşət bürüyür. Işsizliyin az qala bir sinif kimi ləğv edildiyi ölkədə üç nəfərlik ailədən yalnız bir nəfər çalışır. Ona da çalışmaq demək olmaz. Çünki mövsümi, düşəndən-düşənə tapılan işlər rəsmi iş sayılmır. Bəs dövlət başçısının iş yerləri ilə bağlı səsləndirdiyi bəyanatlar?..
Üçüncü məqam: “Axı o da hamı kimi ora tamaşaya getmişdi, bəyəm kameraya düşməklə insanı həbs etmək olar?”. Gerçəkdənmi hamı oraya tamaşaya getmişdi? Gerçəkdənmi hamı haqsızlığa, təhqirə, alçalmağa etiraz etmək üçün deyil, tamaşa üçün getmişdi? Tamam, hesab eləyək ki, xalqımız hələ də tamaşa etməklə məşğuldu. Ancaq işləri kameraya düşmək korlayıb. Ax bu kameralar! Hətta həbsxanalardan belə hansısa şərəfsizin əli ilə ictimaiyyətə çatdırılan kamera əməlləri. Ədalətin tərəzisinə bax: kameraya düşdüyünə görə kameraya düşmək.
Və üç məqamdan sonra dördüncüsü: “Bəs haqq-ədalət harada qaldı?”. Indi bu saya suala güləsən, ya ağlayasan? Nə bilim, kimin kefi necə istəyirsə…

Kameradan kameraya
•
•