Jan Klod Minyon: «Azərbaycanda seçkilər Avropa standartlarına tam uyğun keçirilməlidir»
AŞPA prezidenti Jan Klod Minyon mayın 25-28-də Azərbaycana səfərinin yekunları ilə bağlı bəyanatla çıxış edib. O, ölkə hakimiyyətini demokratik azadlıqların- ifadə, toplaşma və assosiasiya azadlıqlarının tam təminatı da daxil olmaqla, AŞ qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə çağırıb. O 2014-cü ilin mayında Azərbaycanın Nazirlər Komitəsində sədrliyi ilə əlaqədar Azərbaycanla AŞ arasında əməkdaşlığın möhkəmləndirilməsinə çağırıb.
AŞPA prezidenti hakimiyyəti Venesiya Komissiyası ilə səmərəli əməkdaşlığa və qanunverici prosesin əvvəlində onun tövsiyələrindən yararlanmağa çağırıb. Minyon Venesiya Komissiyasının tövsiyələrini tam nəzərə almağa çağırıb.
Oktyabr ayında keçiriləcək prezident seçkilərinə toxunan Minyon qeyd edib ki, onlar ölkənin demokratiyaya sadiqliyini nümayiş etdirmək imkanına çevriləcək.
O, plüralizm, azad və açıq siyasi debatlar şəraitində Avropa standartlarına tam uyğun seçkilərin keçirilməsinə çağırıb.
Ehtimal olunan siyasi məhbuslar məsələsi ilə bağlı prezident Assambleyanın prinsipial mövqeyini təsdiqləyib.
Assambleya bütün ölkələr üçün müəyyən olunmuş meyarlar əsasında siyasi motivlər üzrə cinayət təqibini pisləyir.
Bu kontekstdə Minyon hakimiyyəti Azərbaycan tərəfdən öhdəliklərin yerinə yetirilməsinin monitorinqi də daxil olmaqla, AŞPA-nın bu məsələyə dair 1917 saylı (2013-cü il) qətnaməsini yerinə yetirməyə çağırıb.
“Ilqar Məmmədovun (REAL hərəkatının lideri, AŞ Bakı siyasi biliklər məktəbinin rəhbəri, 23-24 yanvar Ismayıllı hadisələri ilə əlaqədar görə həbs olunub) həbsi Avropa və beynəlxalq qurumlarda böyük narahatlıq doğurub. Ümidvaram ki, işə ədalətli, müstəqil və qərəzsiz, Avropa Insan Hüquqları Konvensiyası normalarına tam əməl olunmaqla baxılacaq”,- AŞPA prezidenti bildirib.
Minyon AŞPA-nın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə çağırıb.


