“Neftçi”də istefa və mükafat xəbəri

“Neftçi” futbol klubunun idman direktoru Güloğlan Cabbarov istefa verib. Bunua Lent.az-a Cabbarovun özü deyib. O, istefasına futboldan bezməsini səbəb göstərib: “Azərbaycan Kubokunun finalında əsl Avropa səviyyəli oyun oldu. Oyun, azarkeşlər, bir sözlə, hər şey gözəl idi. Hamı təşkilatçılığı gördü. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Amma rəqib komandanın baş məşqçisi Con Toşak aləmi bir-birinə qatdı. İnsident epizodu kadrlarda açıq-aydın görünür. Mən rəqib futbolçu Radomir Todorovu kənara çəkmək, aranı sakitləşdirmək istəyirdim, lakin onun mənim ünvanıma işlətdiyi ifadələrdən sonra gərginlik daha da artdı. O təhqirlərə heç kim dözməzdi. Toşak kimilərinin 28 may-Respublika Günü kimi bayramımızı burnumuzdan gətirdiklərini bağışlaya bilmirəm. Bu cür oyun bayram ab-havası ilə yekunlaşmalı idi, amma təəssüf ki, belə olmadı. Daha futboldan bezmişəm. “Neftçi”nin əldə etdiyi uğurlara, çəkdiyimiz əziyyətlərə kölgə salındıqca, insan mənəvi cəhətdən yorulur. Oyundan dərhal sonra istefa ərizəmi klub rəhbərliyinə təqdim etmişəm. Futboldan getmək fikrim qətidir”.
 Artıq “Neftçi” rəhbərliyi Cabbarovun istefasını qəbul edib. Bunu isə Lent.az-a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.
Bu arada “musavat.com” məlumat yayıb ki, Azərbaycan kubokunun qalibi olan “Neftçi” ölkə futbolu üçün indiyədək görünməyən məbləğdə mükafat alacaq: “Etibarlı mənbənin dediyinə görə, klub prezidenti Sadıq Sadıqov 90 dəqiqə meydanda olan futbolçuların hər birinə 20 min, sonradan oyuna çıxan futbolçulara 15 min, ehtiyatda qalanlara isə 10 min manat mükafat verəcəyini bəyan edib.
Mükafat alanlar arasında baş məşqçi, məşqçilər korpusu da var. Amma məsələnin maraqlı tərəfi odur ki, klubun idman direktoru Güloğlan Cabbarova da mükafat veriləcək. Cabbarov da məşqçi korpusu ilə eyni məbləğdə, 20 min manat mükafat alacaq”.
Qeyd edək ki, Cabbarov kikboksinq üzrə peşəkar idmançıdır və həm də Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidentidir.