“Heç olmasa qeyri-rəsmi, kriminal, qanunsuz əmrləri boykot edin, gələcək dəyişiliklərdən qorxmayın…”
Avropa Azərbaycanlılarının Milli Birlik Şurası Azərbaycan məmurlarlına və sahibkarlarına müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, Azərbaycanda korrupsioner və avtoritar rejim yaranıb, xalq isə bu rejimdən xilas olmaq üçün israrlı mübarizə aparır və təşkilatlanır. Xalqın qabaqçıl hissəsinin təşkilatlanmasına rejimin “bütün iyrənc vasitələrlə” mane olması ölkədə hadisələrin nəzarətdən çıxma ehtimalını artırır. Bu isə ölkədə xaosun yaranmasına gətirib çıxara bilər. Bütün bunlara görə başda hakim ailə olmaqla rejim mənsubları biləvasitə məsuliyyət daşıyır.
Müraciətdə daha sonra deyilir: “Əziz Azərbaycan məmuru, hörmətli Azərbaycan sahibkarı!
Sizlər də bizim kimi azərbaycanlısınız və gələcəkdə biz, bizim uşaqlarımız bir yerdə ümumi Vətənimiz olan Azərbaycanda yaşamağa və fəaliyyət göstərməyə məhkumuq. Sizi də qorxudurlar, qanunsuzluğa məcbur edirlər. Qazandıqlarınızı hər an itirmə qorxusu başınızın üstünü kəsmişdir. Dildə məcburiyyət üzündən rejimi dəstəkləsəniz də, tam əksəriyyətiniz ürəyinizdə başqa cür fikirləşir və xalqın haqlı olduğunu gözəl anlayırsınız. Dəqiq bilirik ki, sizlər təkbətək görüşlərinizdə tamam başqa cür danışırsınız. Biz bunu yalnız Elşad Abdullayevin videolarından deyil, həyat təcrübəmizdən də bilirik. Rəhmətlik hakim Ağababa Babayevin danışdıqları istisna deyil. Sizin tam əksəriyyətiniz özəl çevrənizdə rejimdən tam narazısınız.
Sizə yanlış olaraq təlqin edirlər ki, sizlərə güya İlham Əliyev çörək verir, güya sizlər bu rejimin çörəyini yeyirsiniz. Belə deyil, reallıqda tam bunun əksi olan situasiya mövcuddur. Xalqdan və Sszlərdən kəsə-kəsə 150 milyardla İlham Əliyev bu gün dünyanın ən varlı adamıdır. Və bunu sizlər etmisiniz. Deməli, çörəyi o sizə yox, sizlər ona vermisiniz.
İndiki zamanda çirkin işlərdən kənarda qalma qəhrəmanlıq olmasa da, heç olmasa mövqedir. Sizlərin məlum səbəblərdən avtoritarların dairəsindən çıxmağa cəsarətinız çatmırsa (biz bunu anlayırıq), heç olmasa qeyri-rəsmi, kriminal, qanunsuz əmrləri boykot edin, onları heç olmasa passiv icra edin. Gələcək dəyişiliklərdən qorxmayın. Bu rejimdə sizlər də təhlükəsiz deyilsiz. Hər birinizin bu sürüşkən rejimdə həbs olunma təhlükəsi yüksəkdir, kapitalınızın isə heç bir təminatı yoxdur. Sizlərdən yüzlərlə insanı bankrot ediblər, yalan situasiyalar yaratmaqla çoxunuzu zindana atıblar, mülkiyyətlərinizi zəbt ediblər, uşaqlarınızı oğurlayıblar və s. Rejim bütün gəlir mənbələrinin bir əldə cəmləşməsində nə qədər maraqlıdırsa, bir o qədər də məsuliyyət məsələsində hər birinizi asılı vəziyyətdə saxlamaq üçün dairəvi zaminlik şəraiti yaratmağa cəhd edir. Əsas məqsəd hamınızı çirkabın içinə soxmaqdır. Amma millət o qədər dəhşətli və ağlamalı vəziyyətdədir ki, bu rejimdən qurtulmağa ona kömək edən hər kəsi bağışlamağa hazırdır. Özünün verdiyi bəyanatlarıla sınmadığını, mərdi-mərdanə rejimin qanunsuzluğunu etiraf edən Əli İnsanovun və başqalarının timsalında biz bunu gördük. Bir sözlə qana əli bulaşmayan adamları millət bağışlamağa hazırdır. Azərbaycanlılar azərbaycanlılara qarşı durmalı deyillər. Biz hesab edirik ki, gələcək Azərbaycanda hər şey, qan və terrordan başqa, bağışlanılmalıdır və bağışlanılacaq…
Təklikdə qalanda hər şeyi öz vicdan tərəzinizdə ölçməyə cəhd edin və ağır məqamda xalqın yanında durmağa cəsarət edin. Bu, ilk növbədə sizlərin və uşaqlarınızın gələcəyinin xilasıdır.
Bəli, rejim çalışır ki, hər şeyi, bütün hərəkətləri nəzarətdə saxlasın. Amma bu qeyri-mümkündür. Bütün situasiyalardan çıxış yolu vardır. Gələcəyiniz, uşaqlarınız, xalqımız və Azərbaycanımız naminə qərar verəcəyinizə əminik”.
Müraciəti imzalayanlar:
Rzayev Qabil (İsveçrə) – Təşkilatın sədri,
Əbilov Ataxan (Niderland) – Təşkilatın Məclis sədri,
Abdullayev Elşad (Fransa) – Məclis üzvü,
Bünyatov Yalçın (Ukrayna) – Məclis üzvü,
Əliyev Bəhruz (Niderland) – Məclis üzvü,
Əmiraslanova Yeganə (Almaniya) – Məclis üzvü,
Feyzullazadə Coşqun (Isvecrə) – Məclis üzvü,
Hacılı Əli (Nederland) – Məclis üzvü,
Hüseynov Qalib (Rusiya) – Məclis üzvü,
İsmayılova Kəmalə (Isvecrə) – Məclis üzvü,
Qurbanov Rəşad (Isvecrə) – Məclis üzvü,
Quliyev Ədalət (Belçika) – Məclis üzvü,
Məcidli Elnur (Fransa) – Məclis üzvü,
Məcidoğlu Telman (Niderland) – Məclis üzvü,
Nağızadə Sabir (İsveç) – Məslis üzvü
Polat Seyfətdin (Isvecrə) – Məclis üzvü,
Səftərov Həsən (Kanada) – Məclis üzvü,
Şarer Alek (Isvecrə) – Məclis üzvü,
Zeynalov Sədiyar (Lüksemburq) – Məclis üzvü,
Lətifov Surxan (İsveçrə) – MNTK-nın sədri,
Əlibəyli Elxan (Niderland) – MNTK-nın üzvü,
Əlirzayev İlkin (Niderland) – MNTK-nın üzvü,