Sabiq rektor daha bir video yaydı
Lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev əlindəki videolardan daha birini yayıb. Daha doğrusu, yeni videonu Elşad Abdullayevin 2003-cü ildə oğurlanmış qardaşı Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi “Azadlıq.TV”yə təqdim edib.
Yayılan kadrlarda Elşad Abdullayevlə iş adamı, hazırda həbsdə olan Arzu Kazımovun qaynı Hüseyn Səfərov arasında söhbət öz əksini tapıb.
Qeyd edək ki, Elşad Abdullayev ifşaedici videoları yayandan sonra Arzu Kazımov da həbs olunub. O, dələduzluqda ittiham olunur. Elşad Abdullayevin sözlərinə görə, Arzu Kazımov qardaşının geri qaytarılmasına yardımçı olmaq adıyla ondan üst-üstə 3 milyon dollar pul alıb. Amma üstündən illər keçsə də, nə Mahir Abdullayev geri qaytarılıb, nə də verilən pullar.
Elə söhbət zamanı da Elşad Abdullayev Hüseyn Səfərovdan xahiş edir ki, pullarını Arzu Kazımovdan geri almaqda ona yardım etsin.
Elşad Abdullayev bildirir ki, Arzu Kazımov özü bu işdə vasitəçi olmaq arzusunu dilə gətirib. Əvvəlcə bu məqsədlə Rövşanə Əliyeva adlı qadını onun yanına gətirib. Daha sonra özü onunla görüşüb. Həmin görüşdə daxili işlər nazirinin keçmiş müavini, mərhum Zahid Dünyamalıyev də iştirak edib: “Birinci dəfə görüşəndə bu işə görə məndən 100 min istəmişdi. Onda Zahidi də yanında görəndə sevindim. Çünki o vaxt mərhum Heydər Əliyevin qardaşı Aqil Əliyev zəng eləyib tapşırtdırmışdı ki, Ramil Usubov məni qəbul eləsin. O da məni qəbul elədi, onunla danışdım. O da danışdıqlarıma qulaq asandan sonra Zahid Dünyamalıyevi çağırdı və göstəriş verdi ki, bu işlə maraqlanın, həll eləyin. Ona görə Zahidi Arzunun yanında görəndə sevindim ki, vaxtilə Ramil Usubov da Mahirin işilə bağlı ona göstəriş vermişdi”.
Elşad Abdullayev Hüseyn Səfərova bildirir ki, Arzu Kazımov və Zahid Dünyamalıyev üst-üstə ondan 3 milyon dollar pul alıblar: “Altı ildir ki, nə pulu qaytarırlar, nə də qardaşımdan bir xəbər var”.
Söhbət zamanı Elşad Abdullayev həmçinin müğənni Mətanət Isgəndərli, eləcə də qardaşının dostu olmuş Sənan adlı şəxsin ünvanına bir sıra ittihamlar səsləndirir: “Mahirin Sənan adlı dostu var idi. Bunlar 2003-cü ildə oktyabrın 1-də Mahiri aparırlar ”Qarabulaq”a. Mətanət Isgəndərli, Sənan da orada olur. Sənan gizlicə Mahiri çəkir orada. Ayın 4-də Mahiri təcili “Qarabulaq”a çağırırlar ki, gəl, sənə qarşı kompramatlar var. Təsəvvür elə ki, Mahir Bakıdan ora 1 saat yarıma gedib çatır. Deyirlər ki, 2 milyon ver, kompramatlar məhv olsun. Hacının köhnə oyunları… Mətanət də əzilib-büzülür ki, biabır olduq-filan. Mahir də fikirləşir ki, KQB-nin mayorudur, ailə var və s. Ayın 5-də yenə Bakıda Mahiri restoranda görüşə çağırırlar. Həmin görüşdə restoranda Arzu Kazımov, müğənni Iranə Ilkin, Mətanət Isgəndərli və Mahir olur. Orada Mahirə bir qəzet verirlər, orada “Mətanət Isgəndərlinin ”Qarabulaq” sərgüzəştləri” adlı məqalə olur. Yəni, Mahiri şantaj eləyirlər də. Bundan bir neçə gün sonra Mahir 600 min verir…”
Elşad Abdullayev onu da qeyd edir ki, Sənan adlı sözügedən şəxs milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun tanışıdır. Məhz nazir müavini onun həbsinə imkan vermir.
Yayılan videogörüntülərdəki söhbətdə Hüseyn Səfərov bacısının həyat yoldaşı olan Arzu Kazımov barədə xoşagəlməz ifadələr səsləndirir, ailəliklə onunla münasibət saxlamadıqlarını bildirir.
İnformasiya şöbəsi