Müsəlmançılıq və 28 MAY

Idealist baxışdan yanaşsaq, dünyanı Allah yaradıb. Elə Şeytanı da, insanı da. Yəni durub Allahı dansan və dünyanın, lap insanın yaradılışı üçün bütün tərifləri ki, Şeytana yönəltsən, bu, allahsızlıq olacaq. Hətta dünya taxtında Şeytan özü oturmuş olsa belə, yenə də gərək Yaradanı, hətta Şeytanın özünü yaradanı da unutmayasan, danmayasan. Şeytan olanda nə olar, gərək həya-abır yaddan çıxmaya.
Materialist nöqteyi-nəzəriylə yanaşsaq, dünya təbiətdə gedən proseslərin, kataklizmlərin nəticəsində yaranıb. Onun nə Allaha, nə Şeytana dəxli var. Materialist olasan və durub deyəsən ki, dünyanı Allah yaradıb, bunun özü də allahsızlıqdı.
Dediyim bu ki, hər şeyin bir və ya bir neçə yaradıcısı var. Əgər sən o yaradılanın varlığını qəbul eləyirsənsə, məcbursan onun yaradıcısının da adını anasan. Mənim yazdığım roman üçün qardaşımı, ya oğlumu mədh eləməyin heç bir adı yoxdu. Ələlxüsus da, 1996-da yazılan bir roman üçün qardaşımı onun 2008-də aldığı hansısa “inomarka” avtomobilə görə tərifləmək əbləhlikdi.
Məsələn, Azərbaycanda Kondisioner zavodunu Heydər Əliyev tikdirib. Deyilənlərə inansaq, bunun üçün o, SSRI rəhbərliyi və ölkəmizi istəməyən qüvvələrlə xeyli çarpışmalı da olub. Sonralar bu zavoda Ayaz Mütəllibov rəhbərlik eləyib. Lap sonra Mütəllibov həmin Heydər Əliyevin haçansa tutduğu Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə gətirilib. Təsəvvür eləyin ki, o həmin vəzifəsindədi və Kondisioner zavodunun yubileyi keçirilir. Durub yubileydə Mütəllibovun bu zavoda necə müdrik rəhbərlik etdiyi çağlardan, kondisionerlərin həmin illərdə daha güclü soyuq verməsindən, xalqın qızmar yaylarının daha sərin keçməsindən danışırlar, onun erkən gəncliyində, nə bilim həmin zavoda rəhbərlik elədiyi illərdə çəkilmiş telekadrları, fotoları dönə-dönə göstərir, çağdaşı, yoldaşı, silahdaşı olan insanları xatirələrini danışmağa məcbur eləyirlər, kondisioner zavodunun yaxın-uzaq həndəvəri, divarları onun şəkilləriylə bəzədilir, zavodda Mütəllibovun kabinetini onun muzeyinə çevirirlər, muzeyə başıxarabın birini müdir qoyub maaş verirlər, zavodun girəcəyində onun büstü qoyulur, büstün qarşısına süni güllər və s. Rəhbərə girmək üçün bu ölkədə hansı xariqüladə vasitələr düşünülməyib ki!
Həəəə. Deyək ki, Mütəllibov lap gerçəkdən çox gözəl bir direktor olubmuş. Çox yaxşı, çox pakizə. Ama bu o deməkdi ki, bu zavodun banisi, onun bu ölkədə tikilməsi, başa gəlməsi üçün can qoymuş, müttəfiq respublikaların qurdlarıyla kəllə-kəllə gəlmiş Heydər Əliyev unudulmalıdı? Axı bu şoğərib müəssisənin memarı o kişidi! Yaxşı, deyək ki, indi o kişi rəhmətə gedib. Onun hüquqlarını müdafiə eləməyə kimsənin gücü yetmir. Deyilənlər uçub havaya gedir. Bəs O Mütəllibovun, onun əshabələrinin, qulbeçələrinin abır-həyasına nə gəlib?
Ötən il 28 may Istiqlaliyyət günü uşaq qəfildən soruşdu ki, ata, bəs bizə dərsdə müəllim yavaşdan demişdi ki, Azərbaycan dövlətinin müstəqilliyini 1918-ci ildə Tiflisdə Məhəmmədəmin Rəsulzadə və onun silahdaşları elan eləyiblər. Televiziyalar isə başqa şey deyir. Ekranlarda Rəsulzadənin yox, Əliyevin şəklini qoyurlar?.. Axı Heydər Əliyev 1923-cü ildə anadan olub. Sən mənə deyirsən ki, yaxşı oxumasan heç nə ola bilməzsən. Bəs bu telekanalların rəhbərləri belə savadsızdısa, dərslərini pis oxuyubsa, necə sədr olublar?
Hə, oğlum, çox çətin sualdı. Islam deyir ki, Adəm əleyhissəlam da müsəlman olub. Müsəlmançılıqdı da, neynəmək olar?