Ölkənin demokratik qüvvələri çoxdan gözlənilən qərarı verdi
Haqqında çoxdan danışılan və elan edilməsinin səbrsizliklə gözlənildiyi Azərbaycan demokratik qüvvələrinin Milli Şurası nəhayət, mayın 28-də yaradıldı. Bu barədə AXCP sədri Əli Kərimli özünün Facebook səhifəsində məlumat paylaşıb. AXCP sədri yazıb:
“Uzun və hərtərəfli müzakirələrdən sonra Milli Şuranın yaradılması haqda qərara gəldik. Ölkənin real müxalifət partiyaları, tanınmış ziyalıları, vətəndaş cəmiyyətinin öncülləri, inanclı kəsimin təmsilçiləri, gənc liderlər Milli Şurada birləşdilər. Yaxın günlərdə Milli Şuranın bəyannaməsi və tərkibi elan olunacaq. Əminəm ki, Milli Şura Azərbaycanda avtoritarizmdən demokratiyaya seçkilər vasitəsilə dinc keçidi təmin etmək və demokratiyaya keçid dövründə birgə səylərlə ölkəmizdə sabitliyi qoruyub saxlamaq vəzifəsinin öhdəsindən gələcək. Milli Şura bütün demokratik qüvvələrin, fəal vətəndaşların təşkilatlanaraq, azad və ədalətli seçkilər uğrunda dinc və kütləvi mübarizəyə səfərbər olunmasını təmin edəcək. Dövlətimizə və millətimizə xeyirli-uğurlu olsun!”.
Milli Şuranın elan edilməsi üçün mayın 28-də keçirilən toplantı barədə rəsmi məlumatda isə deyilir ki, Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Cümhuriyyətin 95 illiyi ilə əlaqədar keçirilən bayram tədbiri bitdikdən sonra demokratik qüvvələrin təmsilçiləri – ACP (Sülhəddin Əkbər), ALP (Əvəz Temirxan), AXCP (Əli Kərimli), KXCP (Bəybala Əbil), EL (Eldar Namazov) və Müsavat (İsa Qəmbər) partiyaları rəhbərlərinin görüşü başlayıb. Axşam saat 22:00-a qədər davam edən görüşdə Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri müzakirə olunub. Müzakirələrə telefon və skaypla Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, Lalə Şövkət və Mirmahmud Mirəlioğlu da qatılıb. Geniş və konstruktiv məsləhətləşmələr nəticəsində Milli Şuranın Təsis Bəyannaməsi və tərkibi razılaşdırılıb.
Beləliklə, 28 may Respublika günündə Demokratik Qüvvələrin Milli Şurasının yaradılması barədə qərar qəbul edilib. Ən yaxın günlərdə Milli Şuranın ilk toplantısı keçiriləcək, Milli Şuranın bəyannaməsi və tərkibi xalqa təqdim ediləcək.