Klinikası cərimələnən cərrah üsyan etdi

“Bu, reketçilikdir; Dövlət Miqrasiya Xidmətini məhkəməyə veririk”

Professor Fərman Ceyranlı: «Üzləşdiyimiz qanunsuzluqla bağlı ölkə başçısına da müraciət hazırlayırıq»

Ötən saylarımızda “Lanset” Cərrahlıq Klinikasının Dövlət Miqrasiya Xidməti tərəfindən cərimələnməsi barədə xəbər vermişdik. Cərimənin miqdarı olduqca yüksəkdir. Klinika rəhbərliyi qanunsuzluqla üzləşdiyini və əsassız cərimələndiyini deyir. Dövlət Miqrasiya Xidməti isə bununla bağlı açıqlama vermir. Adı çəkilən dövlət qurumu tərəfindən reketçiliklə üzləşdiyini iddia edən klinikanın baş həkimi, tibb elmləri doktoru, professor Fərman Ceyranlı ölkə başçısına və eyni zamanda məhkəməyə müraciət etdiklərini bildirib. Onunla müsahibədə baş verənlərə daha ətraflı aydınlıq gətirməyə çalışmışıq.  

– Doktor, nə baş verib? Dövlət Miqrasiya Xidmətinin  klinikanıza qarşı iddiası nədir?
– Mayın 13-də iş otağımda xəstə müayinə edərkən gözləmə zalından səs-küy eşitdim. Otaqdan çıxarkən Dövlət Miqrasiya Xidmətinin bir nəfər işçisini gördüm. Salamlaşdıqdan sonra nə işlə əlaqədar gəldiyini soruşdum. Cavab verdi ki, heç, elə-belə, şəxsi işi var. Əvvəllər bizdə yoxlamada olduğuna görə onu tanıyırdım. Həkimlər otağına yaxınlaşanda isə gördüm ki, tanımadığım 4 nəfər keçmiş işçimiz Vaqif Tanrıverdiyevi otağın bir küncünə sıxıb. Vaqif həkim mayın 1-nə kimi 4 il bizdə işləyib. Onu da deyim ki, Miqrasiya Xidmətinin işçilərinin görünüşü qaydasız döyüşlərdə iştirak edən idmançıların görkəmini xatırlatmaqla bərabər, köynəklərinin də iki düyməsi açıq idi. Mən soruşduqda siz burada nə edirsiniz, kimsiniz, haradan gəlmisiniz, cavab verdilər ki, Miqrasiya Xidmətinin işçiləridir və Vaqif Tanrıverdiyevdən ifadə almaq üçün gəliblər. Mən qeyd etdim ki, axı bizdə il ərzində 13 təşkilatdan yoxlama gəlir və 56 yaşım var, rəhbər vəzifələrdə çalışmışam, bu qaydada yoxlama ilk dəfədir görürəm. Adətən təftiş üçün müəssisə rəhbərinin otağına gələrək, ədəb-ərkanla özlərini təqdim edər, gəlişlərinin məqsədlərini bildirərlər, müəssisə rəhbərinin isə borcudur ki, onlar üçün şərait yaratsın. Bu hərəkət isə reketçilikdən başqa bir şey deyil. Halbuki, Vaqif Tanrıverdiyev qəbzini göstərərək sənədlərinin Dövlət Miqrasiya xidmətində olduğunu və işləmək üçün artıq 5-ci növbəti fərdi icazə verilməsini gözlədiyini söyləyirdi. Burada qanunsuz nə iş ola bilər ki, adam rəsmən müraciət edib, cavab gözləyir…

– Işləmədiyi halda həmin həkim niyə gəlmişdi klinikaya, ümumiyyətlə, gələ bilməzmi ora?
– Vaqif Tanrıverdiyev həmin gün mənim yanıma gəlmişdi. Miqrasiya Xidmətindən fərdi icazə ilə bağlı bəlkə hər hansı bir məlumatın olub-olmaması ilə maraqlandı. Mən isə ona dedim ki, sənin müqavilə müddətin bitdiyinə görə avtomatik müqavilə qüvvədən düşüb və ona görə də işdən çıxarılmağın barədə müvafiq əmr verilib. Xahiş edirəm əşyalarını da götür, icazə verildikdən sonra gələrsən. Əvvəllər bu adamın icazə almasına problem olmurdu, o da qanuni səviyyədə dövlət büdcəsinə rüsum ödəyirdi. 4 il dalbadal icazə ilə işləyən adam niyə birdən-birə gizlin işləmək istəsin ki? Bu adam rəsmən müraciət edib icazə almağa və hələ cavab almamışdı. Klinikamız isə onun gizli işləməsinə razı olsaydı, əvvəlki illərdən belə edərdi. O, hər il rəsmi icazə ilə işləyib.

– Bəs 4 il icazə verilibsə, bu il niyə problem olub?
– Guya Dövlət Miqrasiya Xidmətinin tibbi müayinəsi zamanı Vaqif Tanrıverdiyevin Hepatit B xəstəliyinə tutulmasını müəyyən edib və buna görə də ona fərdi icazə verilməsindən imtina olunub. Vaqif həkim isə iki başqa tibbi müəssisədə müayinə olunub və onda heç bir Hepatit virusu aşkarlanmayıb. Amma tutalım onların dediyi kimidir. Bəs o halda nə üçün nə Vaqif həkimin özü, nə də onun işlədiyi müəssisə bu barədə məlumatlandırılmayb? Çünki torba tikmək lazımdır. Həmin idarə adətən belə faktları yoxlayarkən özləri həkimin yanına “xəstə” göndərirlər və həkimi iş başında yaxalayırlar. Bunu etmədilər ona görə ki, bilirdilər “Lanset” Klinikası qanunları heç vaxt pozmur. Çünki bir ildir ki, əlləşirdilər. Dəfələrlə işçilərimiz işdən çıxıb evə gedərkən Miqrasiya Xidmətinin işçiləri onların qarşısını kəsərək çox qaba formada gürcüstanlı olub-olmamasını soruşublar. Sanki terrorist axtarırlar. Ona görə də heç kimə məlumat vermədən xəstəxananın həndəvərində pusquda duraraq Vaqif həkim “Lanset”də görünən kimi mühasirəyə alaraq yuxarıda qeyd etdiyim hərəkəti törətdilər.

– Bəs insan rəsmən icazə istəyirsə, cibində bu haqda qəbz varsa, onun ölkədə olması qanunsuz sayıla bilərmi?
– Əgər insan özü aşkar şəkildə idarəyə müraciət edirsə, bundan öncə illərdir icazə ilə çalışdığı halda, onu necə gizli miqrant saymaq olar? Həm də hazırda Vaqif həkimin yeganə övladı çox ağır xəstəliklə Israildə 4 aydır müalicədədir. Özü də oradan təzəcə, məhz sənədlərinin vaxtı bitdiyinə görə qayıtmışdır. Onları qaydaya salıb yenə getməli idi. Birincisi, qeyd etmişəm ki, Vaqif həkim klinikaya nə ilə bağlı gəlmişdi. Ikincisi, burada qəribə nə var ki, bu adam 4 ildir burada işləyib. Bir həkim dostunun yanına və yaxud başqa bir işə gələ bilməzmi? Axı harada yazılıb ki, bunu etmək olmaz. O ki qaldı 1 may-13 may arasında Vaqif Tanrıverdiyevin işləməsinə, axı bura cərrahi xəstəxanadır, hər şey qeydə alınır. Cərrahi həkimin işi xəstəni müayinə etmək və cərrahi əməliyyat aparmaqdır. Bunlar isə çoxsaylı tibbi sənədlərdə, cərrahi əməliyyat jurnallarında, xəstəlik tarixi, ambulator xəstələrin jurnalı, epikriz və çoxsaylı sənədlərlə həkimin soyadı, adı, imzası qeyd edilir. Digər tərəfdən, xəstəxana özəl olduğuna görə bütün xəstələr qeydiyyatdan keçərək ona qəbz verilir və bu zaman həkimin adı hökmən qeyd edilir. Bu dediyim sənədlərdə Vaqif Tanrıverdiyevin adı yoxdur. Vaqif həkimin işdən çıxarılması ilə bağlı əlimizdə əmr ola-ola, heç bir hüquqi sənədə söykənmədən qərar çıxararaq, xəstəxananı – 31 nəfər işçisi olan kiçik bir klinikanı 30.000 manat cərimə etməyə reketçilikdən başqa bir ad qoymaq çətindir.

– Yəqin ki, bu, klinikanız üçün böyük məbləğdir…
– Diqqət edin, il ərzində müəssisəmizə yoxlama üçün gələn təşkilatların siyahısını təqdim edirəm. Vergilər Nazirliyi, Dövlər Sosial Müdafiə Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məşğuliyyət Fondu, Səhiyyə Nazirliyi, Dövlət Standartlaşma Idarəsi, Gigiyena və Epidemialogiya Idarəsi, Fövqəladə Hallar Nazirliyi, Yanğından Mühafizə Idarəsi, Dövlət Miqrasiya Xidməti, Bələdiyyə, Həmkarlar Təşkilatı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi. Cəmi 13 təşkilat.
Keçən ay Vergilər Nazirliyinin Bank hesabına 31.000 manat müəssisəmiz rəsmi qaydada vergi rüsumu ödəyib. Bununla bağlı heç bir irad və etirazımı bildirmirəm, əksinə, bütün müəssisələr vaxtı-vaxtında vicdanlı ödəyici qismində iştirak etməlidir. Axı 1 ay keçməmiş Dövlət Miqrasiya Xidmətinin heç bir hüquqi əsası olmadan zorakı metodlarla şərləyərək müəssisəmizi 30.000 manat cərimələməsi əndazəyə sığmır. Mən bu pulu haradan götürüm verim? Axı bu bizim kimi xırda müəssisələrin çökdürülməsi deməkdir.

– Bəyan etmisiniz ki, ölkə başçısına müraciət edəcəksiniz…
– Axı bu hadisə kimə xeyirdir? Ölkə başçısına xidmətdirsə, bu, belə deyil. Qarşıdan prezident seçkisi gəlir. Dünyada iqtisadi böhrandır. Demək bu, birmənalı olaraq ölkə başçısının əksinədir, siyasi bir aksiyadır. Ikincisi, bu dövlətə xidmətdirsə, hər il fərdi icazə üçün Dövlət büdcəsinə 1120 manat dövlət rüsumu verilirsə, həmin şəxs qeydiyyata alınaraq nəzarətdə saxlanılırsa, işləyərək vergi verirsə, yenə dövlət büdcəsinə xeyir olursa, bunun kimə ziyanı var. Yoxsa yaxasından itələyərək saxta Hepatit B diaqnozu yapışdıraraq, şəxsi bomj və ya oğru, cinayətkar etmək dövlətə xidmətdirmi? Artıq onu da qeyd edim ki, verilən qərarda Hepatit B haqqında bir kəlmə də belə yoxdur. Çünki Hepatit B-dən klinikanı şərləmək məqsədi ilə istifadə etdilər. Vaqif Tanrıverdiyevdən də bu məqsədlə istifadə olundu. Hesab edirəm ki, artıq Vaqif həkimin fərdi icazə problemi də olmayacaq. Artıq o “sağaldı”!

– Bəs sizə hər hansı bir təklif oldumu?
– 30.000 cərimədən sonra 2-3 dəfə “baş həkim niyə gəlmir” demək elə bazarlıq etmək təklifidir. Mən bazarlıq edənlərdən deyiləm. Ünvanı səhv salıblar. Mən halal, öz zəhmətimlə, alın tərimlə iş yeri açmaqla yanaşı çalışıb və peşə vəzifəmi həyata keçirərək minlərlə xəstəyə şəfa verirəm. Iş prinsipim, həyat amalım haqq-ədalət, düzgünlükdür. Bütün yuxarıda qeyd etdiklərimi nəzərə alaraq ölkə başçısına müraciət edirəm. Siz dəfələrlə çox haqlı olaraq müvafiq mətbuat vasitələri ilə məmurlara müraciət edərək, xüsusən də kiçik və orta sahibkarlıqla məşğul olan müəssisələrə yerli və yersiz müdaxilə və təzyiqlərin edilməməsinə göstəriş vermisiniz, əks təqdirdə onların cəzalandırılmasına söz vermisiniz. Cənab Prezident, ünvanın birini mən göstərirəm. Dediklərimə əmin olmağınızı məhkəmələr vasitəsilə sübut edəcəyəm. Cənab Prezident, Dövlət Miqrasiya Xidmətinin rəhbəri və onun himayədarları məndən fərqli olaraq Sizinlə görüşmək və ən azı məlumat ötürə bilmək imkanındadılar. Mən tam əminəm ki, onlar Sizə məni müxalifətçi, iqtidarın düşməni və s. kimi təqdim edəcəklər. Onlar yalnız yalanlarla müdafiə oluna bilərlər. Səmimi şəkildə bəyan edirəm ki, mən nə bunların heç birindən deyiləm. Hətta yaxın zamanlarda doğulduğum Gürcüstana köçməyə hazırlaşıram. Mən sadəcə olaraq Azərbaycan vətəndaşıyam, öz peşəmlə məşğul oluram və haqqımı müdafiə edirəm.

– Yalnız məhkəməyə müraciət etməklə problemi həll etmək olmazdımı?
– Məhkəmənin ədalətli qərar çıxaracağına tam əmin olsaydım, onda doğrudan da başqa addımlara lüzum olmazdı. Azərbaycan reallığını bildiyim üçün bu məsələni ictimaiyyətə, mətbuata çıxarmağı lazımlı sayıram. Digər tərəfdən, bənzər problemlə tək biz üzləşmirik. Qarşıda Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı yeni məlumatlar açıqlayacağam. Eyni zamanda dövlət rəhbərliyinə müraciəti də gərəkli sayıram. Məncə, dürüstlüyünə əmin olan hər bir vətəndaş öz haqları uğrunda mübarizə aparmağı bacarmalıdır. Məqsəd də budur.

Ramin DEKO