28may-novxani-2013

Demokratik qüvvələr Cümhuriyyət bayramında birləşdi (FOTO/ VİDEO)

28may-novxani-2013Əli Kərimli: “Üçüncü Milli Şura demokratik respublikanı əbədi bərqərar edəcək”

28 may-Respublika günü, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 95 illiyini Rəsulzadə irsinin davamçıları Novxanı qeyd etdilər. Ünvan dəyişməmişdi, bu dəfə də toplanış yeri M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsinin önündəki park idi.
Saat 12-yə təyin edilən bayram tədbirinə bu dəfə həmişəkindən çox polis cəlb edilmişdi. Polislərin iştirakçılara birbaşa təzyiqi müşahidə olunmadı.
Mitinqin keçiriləcəyi meydana cəbhəçilər artıq ənənə halını almış şəkildə yürüşlə getdilər. Minlərlə cəbhəçi “Azərbaycan”, “Milli Şuraya dəstək”, “Azadlıq” şüarları səsləndirərək coşquyla meydana doğru yürüdülər. Mitinqdə xüsusi yüksək hərarət vardı. Gənclərin çoxluğu diqqəti çəkirdi. İnsanların çoxu gizlətmirdi ki, bu günkü tədbirə Milli Şuranın elan olunmasına şahidlik etmək üçşün gəliblər…

Təbdir elan olunan vaxta başladı. Mitinqin aparıcısı İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimliydi. Milli himinin oxunuşundan sonra İbrahim İbrahimli cümhurriyətin 95 illiyi barədə fikirlərini səsləndirdi, o müsavat, cümhuriyyət ideyasını qoruyub saxlayan insanları ucaldan sözlər dedi və hakimiyyətin bu günə biganə münasibətini tənqid etdi.

***

İlk çıxışçı M.Ə.Rəsulzadə irsinin araşdırıcısı, alim Nəsiman Yaqublu oldu. Nəsiman Yaqublu AXC qurucularının cahanşumul fəaliyyətlərindən söz açdı. O, M.Ə.Rəsulzadə daxil olmaqla Xalq Cumhuriyyətini quran şəxsyiyyətlərin tarix qarşısında xalqımızın üzünü ağ etdiyini vurğuladı. Natiq, təəssüflə qeyd etdi ki AXC qurucuları hələ haqq etdiyi qiyməti dövlət tərəfindən almayıb. Buna isə siyasi qısqanclıq, qərəz imkan vermir.Nəsiman Yaqublunun çıxışı zamanı elektirk enerjisinin verilməsi kəsildi və bu səsgücləndirici məsələsində problem yaratdı. Aparıcı İbrahimlinin bildirdiyinə görə bu hakimiyyətin növbəti cılız təzribat cəhdi idi. Az keçmədi generator vasitəsi ilə çatışmazlıq aradan qaldırıldı.

Sonrakı çıxışçı Müsavat başqanı İsa Qəmbər oldu. Toplaşanları istiqlal bayramı münasibəti ilə təbrik edən İsa QƏMBƏR cümhuriyyətin tarixinə nəzər salaraq bildirdi ki, xalqımızın hazırda apardığı mübarizə və mücadiləsi, fədakarlığı nəticə verəcək: “Novxanı kəndi bizim üçün müqəddəs bir məkandır. Bu müqəddəs məkan 28 mayda Azərbaycanımıza istiqlal qazandıran şəxsi – Məmməd Əmin Rəsulzadəni türk dünyasına verib. Bu kənd Məmməd Əmin Rəsulzadəni bizə verdi, o da silahdaşları ilə bir yerdə Azərbaycan Cümhuriyyətini qurdu. Bizim hamımıza Şərqin ilk demokratik cümhuriyyətinin vətəndaşları olmaq şərəfini, qürurunu yaşatdı. Söhbət yalnız cümhuriyyət dəyərləri ilə fəxr etməkdən getmir. Söhbət bu cümhuriyyətin yaranmasının siyasi, tarixi nəticələrindən gedir. Cümhuriyyətin sərhədləri çəkildi, respublika dünyada tanındı. Rəsulzadə Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi. Azərbaycanın Avropa ilə bütünləşməsinin zəruruliyini ortaya qoydu, Azərbaycan- Türkiyə ittifaqının əsasını qoydu. İki il ərzində o qədər ciddi, demokratik addımlar atılıb, o qədər mükəmməl idarəetmə nümunələri ortaya qoyulub ki, bu günə qədər də biz onların hamısı ilə fəxr edirik.

Cümhuriyyəti, Azərbaycanımızı işğal etdilər. Amma Rəsulzadə və silahdaşları, on minlərlə müsavatçı heç zamn bu işğalla barışmadı, mübarizə davam etdi. Nəhayət, 80-ci illərin sonunda Azərbaycan xalqı yendən müstəqilliyi bərpa etmək uğrunda mübarizəyə qalxdı və Əbülfəz Elçibəy liderliyində bu cümhuriyyət bərpa olundu və bir illik milli hakimiyyət, demokratik hakimiyyət ölkəmizi idarə etdi. Bir il Azərbaycanın 20-ci əsr tarixinin ən şərəfli, ən iftixar ediləsi ili idi. Təəssüf ki, yenidən qara qüvvələr, şər qüvvələr qiyam nəticəsində hakimiyyətə gəldilər. Azərbaycan faktiki şəkildə yenidən işğal olundu. Bu işğal bu günədək davam edir. 20 ildir Əliyevlərin korrupsioner, avtoritar rejimi formalaşıb. Bu rejim ölkəni şəxsi mükiyyəti olaraq görür, şəxsi mülkiyyəti olaraq faydalanır. Cümhuriyyətin yaradıcılarının, bərpaçılarının xatirəsinə sayğısız, bəzən düşmən münasibət davam edir. Ölkəni Heydər Əliyevin heykəlləri bürüyüb. Amma Rəsulzadənin, Elçibəyin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı nəinki heç bir gerçək addım atılmır, bu xatirəni unutdurmaq üçün Əliyev hakimiyyəti əlindən gələni edir”.

İ.Qəmbər çıxışı zamanı elan olunması gözlənilən Milli Şura barədə də danışdı: “Əgər 95 il əvvəl babalarımız Milli Şura yaradaraq cümhuriyyət qurdusa, istiqlal əldə etdilərsə, bizim də indiki vəzifəmiz demokratiyanı bərqərar etməkdir. Elə bu məqsədlə də son vaxtlar biz Milli Şura yaratmaq istiqamətində çox ciddi fəaliyyət göstərməkdəyik. İntensiv danışıqlar, məsləhətləşmələr gedir. Məsələnin 99 faizi demək olar ki, həll olunub”. Müsavat başqanı çıxışının sonunda qeyd etdi ki, bu il Azərbaycanda hakimiyyət dəyişikliyi baş verməlidir: “Əliyev rejimi tarixin arxivinə göndərilməlidir”.

İsa Qəmbərin çıxışından sonra meydana sonacan “ Milli Şura indi elan edilsin” şüarları hakim kəsildi. Aparıcı və natiqlər tez-tez replika verib “məsələnin həll olduğunu” desələr də meydan susmadı.

“El” hərəkatının lideri Eldar Namazovun çıxışı da bu yöndə dada çatmadı. Eldar Namazov hamını əmin etməyə çalışdı ki, Milli Şuranın formalaşması ilə bağlı məsələyə nöqtə qoyulub, qalır bu nöqtəni nidaya çevirmək! Eldar Namazov meydandakılardan əhd də aldı. O soruşdu: “Siz Milli Şura ideyasına inanırsınızmı? Siz Milli Şuraya avtoritar rejimlə mübarizədə dəstək olmağa hazırsınızmı?”. Meydan bu və bu səpkili suallara yetkinliklə “bəli” cavabı verdi. Uzun müddətdir siyasi meydanda görünməyən eks-nazir İsgəndər Həmidov da mitinqdəydi və çıxışılardan oldu.Həmidovun çıxışı radikallığı ilə seçildi. O, burda olmasını Milli Şura idayeasına olan inamı və hakimiyyəti yola salmaq istəyi ilə əlaqələndirdi. Həmidov Azərbaycan hakimiyyətini “fahişə” adlandırdı və dedi ki onlar vəzifəni demokratik yolla buraxan deyillər: “Demokratlar öz işlərində olsunlar biz bozqurdlar onları-fahişələrin hakimiyyətini zorla yola salacağıq”. Eks-nazir çıxışını “radikallaşmaq, radikallaşmaq yenə radikallaşmaq” şüarı ilə sona çatdırdı.

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə isə qısa çıxışında meydandakıların, dünyadakı Azərbaycanlıların hamısını təbrik etdi.Onlara Cümhuriyyət ideyalarına sədaqət göstərdiklərim üçün təşəkkür etdi.
VHP siyasi şurasının üzvü Arif İsmayılbəyli çıxışını hakimiyyətin “28 may”a neqativ münasibətini tənqid üzərində qurdu. O, dedi ki dünyanın bütün dövlətiləri üçün “Respublika günü” kimi əlamətdar başqa biri yoxdur. Buna baxmayaq isə Azərbaycan hakimiyyəti qərəz ucbatından bu günü görməzdən gəlir: “Bulvarda veriləcək səviyyəsiz konsert və üzdəniraq televiziyalardan göstərilən ucuz konsertlərlə bu günü qeyd etmək olmaz. Bu bizim üçün əlamətdar bir gündür, dövlət bu günə sahib durmalıdır”.

AXCP Gənclər Komitəsinin sədr müavini İlham Hüseyn isə çıxışında liderlərə üz tutdu.O, dedi ki, artıq o zaman gəlib ki Rəsulzadənin hüzruna qalib kimi gəlinməlidir. Bunun yolu isə Milli Şuranın yaradılıb xalqın ümidlərini doğrutmaqdan keçir: “Bu baş verməsə ondan bizlər təkcə hakimiyyəti yox, sizi də Rəsulzadə ideyalarına xəyanət etməkdə ittiham edəcəyik”.

Susmayan “Milli Şura elan edilsin” şüarların sədaları altında  daha bir eks-nazir, İP KŞ-nın üzvü Pənah Hüseyn söz aldı.  O, şüar səsləndirənlərə xitab edərək dedi ki, mən sizin yerinizə olsaydım bu rəyasət heyətində olanları mühasirəyə alardım, ta o vaxta qədər ki onlar burdan Milli Şuranın elan edilməsini açıqlasınlar. Fikirlərini nikbin notlarla bitirən P. Hüseyn “ Milli Şura təkcə elan edilməyəcək, o eyni zamanda mənfur rejimdən xalqı xilas edəcək, ölkəmizdən səfil düşmüş insanları geri dönüb ailələri ilə xoş gün keçirməsini təmin  edəcək”.

Yazıçı Teyyub Qurban da çıxışında hakimiyyəti Rəsulzadəyə, xalq cümhurriyyəti ideyalaraına sayqısız münasibətinə görə ələşdirdi. O, dedi ki, milli himni oxumayan insanların üçrəngli bayrağa abidə ucaltması absurddur. Yazıçı fikirlərini “ Rəsulzadəni tarixdən silənlər özləri dünəndən tarixdən silibilər, bunu sadəcə anlamırlar”.

Mitinqdə yekun çıxışı AXCP sədri, İP KŞ-nın üzvü Əli Kərimli etdi: (mətn)

“Hörmətli xanımlar, hörmətli bəylər. Bugün biz hamımız xalqımızın ən qutsal bir bayramı üçün buraya gəlmişik. Azərbaycan milli ideyasının təntənəsi günü üçün, Azərbaycan istiqlalının bəyanı günü üçün, Azərbaycan demokratiyasının təntənəsi üçün buradayıq. Bütün Rəsulzadə, Elçibəy sevərləri ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun! Əziz dostlar, bir halda ki, “ Milli Şura elan olunsun” şüarını səsləndirirsiz onu elə səsləndirin ki, burda olan olmayan bütün Azərbaycan eşitsin. Hörmətli xanımlar, bəylər, sizin bu həmrəyliyinizə, bu vətəndaş mövqeyinizə eşq olsun ki, siz burada elə bir yekdil mövqe ortaya qoyursunuz ki, bütün tərəddüdləri aradan qaldırmağa kifayətdir. Bütün vəziyyətin gərginliyini başa düşməyə çətinlik çəkənlərin hamısını aydınladacaq və mən əminəm ki, burda olan olmayan daha heç kimsə bu xalq iradəsinə yox deyə bilməz. Milli Şura əlbəttə ki, elan olunacaq! 95 il bundan qabaq böyük liderimiz Məhəmməd Əmin Rəsulzadə silahdaşları ilə Azərbaycan Xalq Cumhuriyyətini elan edib çox fədakarlıqlar elədilər. Onlar başqa bir həyat da sürə bilərdilər. Başqaları kimi özlərinin ailələrinin rahatlığını düşünərdilər. Amma onlar Azərbaycan sevdasına görə sürgünləri, ölümləri, mühacirəti seçdilər, Azərbaycan adlı bir məmləkəti yaratdılar. Bundan sonra bütün Azərbaycan nəsillərinin üzərinə böyük bir yük qoydular. Bəli, zamanın o zamanında, Avropanın diktaturaların əsarətində olduğu zamanda Şərqin ilk demokratiyasını qurmuş babaların daha əsarətə dözməyə haqqı yoxdur. 20 illik sülaləyə dözməyə haqqı yoxdur. Sərvətlərinin talan edilməsinə dözməyə haqqı yoxdur. Nəhayət, öz Cumhuriyyətini bərqərar etməlidir. Rəsulzadə, Elçibəy əxlaqını bu ölkədə iqtidar etməlidir. Əziz həmvətənlərin mən istəyirdim ki, Milli Şuranı nə məqsədlə yaratmağımızdan danışım. Sizə izah eliyim ki, Milli Şura ilk növbədə Azərbaycan bütün demokratik dəyişiklik istəyən qüvvələrinin bir çətir altında birləşib ölkəni demokratiyaya götürməsi üçün yaranır. Burda ən müxrtəlif, fərqli qüvvələr iştirak edəcək. Amma onları bir amal birləşdirəcək. Azərbaycan sevgisi, demokratiyaya sədaqət və bir birinin müxtəlifliyini qəbul etmək. Amma mən baxıb görürəm ki, sizlər artıq heç bir izahata ehtiyac duymadan Milli Şuranın məzmununu da dərk etmisiniz. Məqədini də dərk etmisiniz. Ona dəstək verməyə hazırsınız. Çünki, başa düşürsünüz ki, Azərbaycan tarixinin iki böyük səhifəsini Milli Şura ilə yazıb bu xalq. Həm 1918-ci ildə, İstiqlal Bəyənnaməsini qəbul etməklə, həm də 1991-ci ildə formalaşmış ikinci Milli Şura Azərbaycanı müstəqilliyə aparmaqla Azərbaycan xalqı qarşısında böyük iş görüb. Əlbəttə ki, indi yaranan Milli Şura birinci Milli Şuradan biraz fərqlidir. Bu Milli Şura əvvəlkilər kimi dövlət hakimiyyətini təmsil etmir. Xalqın birliyini, demokratik qüvvələrin birliyini təmsil edir. Amma missiyası oxşardır. Birinci Milli Şuranın missiyası iqtiqlal idi, ikinci Milli Şuranın missiyası mütəqilliyin bərpası idi, üçüncü Milli Şura da yeni missiya ilə gəlir. Azərbaycan Respublikasını üçüncü dəfə və əbədiyyən bərpa etmək. Atalar üçdən deyib. Üçüncü Milli Şura üçüncü respublikanı bərqərar edəcək. Hörmətli xanımlar, hörmətli bəylər, biz demokratik qüvvələrik. Biz gücümüzü sizdən alırıq. Sizin dəstəyiniz olmasa bizim nə gücümüz ola bilər. Biz sizsiz bir addım atmarıq. Ona görə də narahat olmayın. Müəyyən proseduraları başa çatdırmaq lazımdır. Amma mən inanıram ki, siz bugün burdan elə bir güclü iradə nümayiş elətdirdiniz ki, elə bir güclü istək nümayiş etdirdiniz ki, kimsə bu istəyə qarşı çıxa bilməz, ona görə də narahat olmayın. Biz bugün bu 95-ci ildönümünü bu yubileyi növbəti dəfə böyük Məhəmməd Əmin Rəsulzadəyə sədaqətimizi ifadə edərək, onunla birlikdə bütün öndərlərimizin ruhunu şad edərək, Azərbaycanımız üçün əmin edək ürəkdən və hamımız birlikdə Rəsulzadəyə qoşulub deyək :
Sən bizimsən bizimsən durduqca bədəndə can,
Yaşa yaşa çox yaşa, ey şanlı Azərbaycan!”
Mitiqn başa çatdıqdan sonra iştirakçılar Rəsulzadənin Novxanı məzarlığında uyuyan əzizlərini ziyarət etdilər.

 

Natiq, Bəyim